Elşad Babayevin qətlinə görə heç kim cəzalandırılmayıb
14 saylı cəzaçəkmə müəssisəsində vəfat etmiş Elşad Babayevin bacısı
Simuzər Babayeva yanvarın 29-da baş prokurorun birinci müavini Rüstəm
Usubov tərəfindən qəbul edilib. Görüşdə həmçinin Baş Prokurorluğun
istintaqa nəzarət şöbəsinin rəisi Nazim Abbasov, Bakı şəhər prokurorunun
müavini Azər Əsgərov və Qaradağ rayon prokurorluğunun müstəntiqi Eyyub
Bəşirov da iştirak edib. Bu barədə “Turan”a S.Babayeva özü bildirib.
Usubov Babayevaya deyib ki, faktla bağlı 309.1-ci (vəzifə
səlahiyyətlərini aşma) maddə ilə cinayət işi açılıb. Lakin Babayeva
bununla razı olmadığını ifadə edib və istintaqın “özünü öldürmə həddinə
çatdırma” və ya “qəsdən adamöldürmə” maddələri ilə aparılmalı olduğunu
hesab edir, belə ki, mərhumun cəsədində işgəncə və zorakılıq izləri var.
“Mən həmçinin bu cəzaçəkmə müəssisəsindən azad edilmiş, KİV-də
qardaşımın ölümü və ardınca orada məhbusların etirazları haqqında
danışan hüquqşünas Qurban Məmmədovun niyə dindirilmədiyini soruşdum.
Bundan sonra Usubov müvafiq göstəriş verib”, deyə S.Babayeva qeyd edib.
Onun sözlərinə görə, 14 saylı cəzaçəkmə müəssisəsində əməkdaşların heç
biri məsuliyyətə cəlb edilməyib və hətta işdən belə kənarlaşdırılmayıb.
Digər məhkumların verdiyi məlumata görə, onun qardaşına qarşı zorakılıq
tətbiq edənlər arasında əməkdaşlar Faiq və Firdovsinin adları da
çəkilir, amma onlar işləməkdə davam edir.
“Bu gün qardaşımın qırxıdır. Mən geri çəkilmək niyyətində deyiləm və
qatillərin cəzalandırılmasına nail olacağam”, deyə S.Babayeva bildirib.
O, həmçinin qardaşının kardiomiopatiyadan vəfat etdiyini hesab edən
tibbi ekspertizanın rəyi ilə razı deyil. “Bu, doğru deyil, qardaşımın
heç vaxt ürək xəstəliyi olmayıb”, deyə S.Babayeva bildirib. O qeyd edib
ki, dekabrın 13-də qardaşı karserə salınıb və amansızlıqla döyülüb.
Sonrakı günlərdə də işgəncələr davam edib və məhkuma yemək verməyiblər,
həkim çağırmayıblar.
Xatırladaq ki, Babayevin ölümü cəzaçəkmə müəssisəsində məhkumların
etirazlarına səbəb olub və iğtişaşlar xüsusi qüvvələr cəlb edilməklə
yatırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=16901