Nazir oğlu ilə məşhur biznesmenin əmlak davası
Qalmaqallı iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədovun prezidenti olduğu
“Bakı” futbol klubunda yenə vəziyyət qarışıb. Yox, maaşların gecikməsinə
görə hansısa qiyam və ya klubun dağılması haqda xəbər yoxdu. Xəbər
başqadı.
Bir neçə gün öncə “Bakı”nın təlim-məşq bazasının suyunun
kəsildiyi barədə xəbər verilmişdi. Amma sən demə, budəfəki hadisənin
səbəbi heç də klubun kommunal xərclərə görə külli miqdarda borcunun
yaranması deyil. Hafiz Məmmədovun müflis olmasından sonra borclanan
“Bakı”nın bu problemini AFFA rəhbərliyi öz üzərinə götürüb. “Bakı”nın
yenidən susuz qalmasının səbəbi başqadı. Başıbəlalı təlim-məşq bazasının şərikli olması indi acı
nəticələrini göstərir. Vaxtilə nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın
adamı olan Hafiz Məmmədovun ondan üz döndərməsindən sonra yaranan
problemlər pik nöqtəsinə çatıb. Bazanın yerləşdiyi ərazi nazirin oğlu
Anar Məmmədovun mülkiyyətindədisə, onun üzərində tikilən daşınmaz əmlak
Hafiz bəyə aiddi. Sonuncunun müflis olmasından və keçmiş şərikləri ilə
problemlərinin ortaya çıxmasından sonra isə bazanın bölüşdürülməsi
mümkünsüz işə çevrilib.
İndi Anar bəy özünə məxsus torpaqları Hafiz
bəydən geri almaq istəyir. “Bakı”nın prezidenti isə bunun üçün bütün
inşa etdiklərini sökməlidi ki, bu da faktiki hər şeyin məhvi deməkdi.
Tərəflər bir-birinə güzəştə getmədiyindən problem çözülməz hala gəlib.
Kiminsə
mal, mülk davasına qarışmaq fikrimiz yoxdu. Bu məsələdə hər tərəfin
özünün haqlı olduğu məqamlar var və daha yuxarı səviyyədəki adamlar
problemi həll edə bilmirsə, deməli, iş çox ciddidi. Sadəcə, tərəflərin
məsələni əzələ nümayişi vasitəsi ilə həll etmək istəyi ölkə futboluna
çox ciddi ziyan vuracaq.
“Bakı”nın bazasının suyunu Anar Məmmədovun
adamları kəsib. Onlar Hafiz Məmmədova bu yolla təzyiq edib nazir oğluna
məxsus ərazini tərk etməsini istəyir. Anar bəyin rəhbərlik etdiyi
şirkətin 4 mühafizəçisi də bazaya gələn suyun kəsildiyi yerdə keşik
çəkir, su təchizatının bərpa olunmasına imkan vermirlər. “Bakı”
rəhbərliyi isə burada məşq edən futbolçuların yuyunması üçün xüsusi
çənlərlə bazaya su daşıyırlar. Təbii ki, bu cür kustar üsulla yalnız
bəzi məsələlərin həllinə nail olmaq olar. Təlim-məşq bazasının təbii
örtüklü qazonlarını isə çən suyu ilə qorumaq mümkün deyil.
Əsas
problem ondadı ki, U-12 və U-13 Liqalarının oyunları bu bazanın
stadionlarında keçirilir. Bundan başqa qızlardan ibarət Azərbaycan
millisinin Gürcüstandan olan həmyaşıdları ilə fevralın 6-da və 8-dəki
beynəlxalq yoldaşlıq görüşləri, eyni zamanda onların 9 məşqi də burada
baş tutmalıdı. Gürcüstan və Azərbaycanın 17 yaşlılardan ibarət qadın
millilərinin 3 məşqi və fevralın 18-dəki rəsmi oyunu da bu bazaya təyin
olunub. Susuz qalması üzündən yanacağı şübhə doğurmayan qazonda bu
oyunların keçirilməsi üçün şərait olmayacaq. Bəlkə də sözügedən
qarşılaşmaları başqa arenalarda keçirmək, bununla da problemdən qaçmaq
mümkündür. Əsas məsələ 19 yaşlılardan ibarət millilərin qrup oyunları
ilə bağlıdır.
UEFA elit mərhələnin oyunlarını keçirməyi ölkəmizə
həvalə edib. Qitə futbol qurumunun nümayəndələri “Bakı”nın bazasıyla
tanış olduqdan sonra Portuqaliya və Xorvatiya millilərinin də burada
məşq edib, oyuna çıxmalarına, beləliklə, qrup oyunlarının Bakıda
təşkilinə razılıq verib. Martın 1-dən 22-nə kimi burada komandalar məşq
edib, oyunlara çıxmalıdır. Ancaq susuz qalacağı halda bu arenaların
qazonunun hansı hala düşəcəyini indidən təxmin etmək olar.
Problem
həllini tapmasa, elit mərhələ öncəsi növbəti dəfə təftişə gələcək UEFA
nümayəndələri yəqin ki, oyunların burada keçirilməsinə icazə verməyəcək.
Bu oyunların təbii örtüklü meydançalarda keçirilməsi vacib şərt
olduğundan AFFA-nın onları “Dalğa Arena”ya və ya “Bayıl Arena”ya
“köçürməsi” də mümkün deyil. Deməli, Məmmədovlar ortaq məxrəcə gəlməsə,
UEFA elit mərhələnin qrup oyunlarını Bakıdan alıb, başqa bir ölkəyə
verəcək. Bu isə Avropa Oyunları kimi möhtəşəm yarışa hazırlaşan,
AÇ-2020-nin 3 qrup, 1 final matçına ev sahibliyi etmək hüququnu qazanan
ölkəmizin imicinə böyük zərbə olardı. Yəqin ki, münaqişədə olan tərəflər
bu məqamı nəzərə alacar…
P.S. Mövzuya birbaşa dəxli olmasa da,
dünən “Hafka” ilə bağlı yayılan bir xəbəri də sizinlə bölüşmək
istəyirik. Xəbərdə bildirilir ki, Fransanın “Lans” klubu Liqa 1-dən
uzaqlaşdırılır. Belə ki, Hafiz Məmmədovun maliyyələşdirdiyi (daha
doğrusu, maliyyələşdirməli olduğu!) klub Liqa 2-yə göndərilir. Bununla
bağlı Parisin Bezons rayon inzibati məhkəməsi müvafiq qərar çıxarıb.
Məhkəmə digər Fransa klubu – “Soşo”nun iddiası əsasında, “Lans”ın
maliyyə kriteriyalarına cavab vermədiyini əsas gətirərək bu qərarı qəbul
edib.
Qərarda qeyd olunub ki, “Lans”n büdcəsi Fransa Liqa 1-in
tələblərinə cavab verməyib. Buna baxmayaraq, komanda bu mövsüm yüksək
liqaya buraxılıb. Qərara əsasən, komanda cari mövsüm elitada neçənci
yeri tutmasından asılı olmayaraq, növbəti mövsümdən Liqa 2-də
oynamalıdır.
“Lans” ötən mövsüm Fransa ikinci liqasında ikinci yeri
tutaraq birinci liqaya vəsiqə qazanıb. “Lans”dan şikayətçi olan “Soşo”
isə ötən mövsüm birinci liqada 18-ci yeri tutaraq ikinci liqaya düşüb.
Əgər Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə
“Lans” bu mövsüm brinci liqaya buraxılmasaydı, onu “Soşo” əvəz edəcəkdi.
Qeyd
edək ki, hələlik, Fransa Futbol Federasiyası “Lans”ı ikinci dəstəyə
göndərməklə bağlı rəsmi qərar verməyib. Qarşıdakı iki ayda istər
federasiya, istərsə də klubun apellyasiya şikayəti vermək hüququ var. Əlavə edək ki, 22 turdan sonra “Lans” turnir cədvəlində 20 komanda arasında 19-cu yeri tutur.
Komandanın
zəif çıxışına “Lans”ın sahibi Hafiz Məmmədovun ciddi maliyyə
problemləri ilə üzləşməsi əsas səbəb kimi göstərilir. Fikrimizcə, əlavə
şərhə ehtiyac qalmır.(unikal.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=16918