“Həbs yerlərində baş verənlər Penitensiar Xidmətin mahiyyət göstəricisidir”
Alyans
Lamiyə Quliyevaya qarşı irəli sürülən ittihamların yenidən obyektiv
araşdırılmasını tələb edirAlyans
Lamiyə Quliyevaya qarşı irəli sürülən ittihamların yenidən obyektiv
araşdırılmasını tələb edir
“Siyasi Məhbuslarsız
Azərbaycan” İctimai Alyansı 4 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan məhkum
Lamiyə Quliyevanın nigahdan kənar övlad dünyaya gətirməsi olayı, Elşad
Babayevin qətlə yetirilməsini hakimiyyətin mərhumun “ürək tutması” kimi qələmə
verməsi, eləcə də siyasi məhbuslarla bağlı bəyanatla çıxış edib. Bəyanatda
deyilir;
“Son zamanlar Penitensiar Xidmətin tabeliyində olan
həbs yerlərində məhbuslara qarşı zorakalıq, işgəncə, ölüm və digər qanunsuz hərəkətlər
adi hala çevrilməkdədir. Təəssüf ki, baş verənləri araşdırmaq və qanuna müvafiq
şəkildə ölçü götürmək əvəzinə Penitensiar Xidmət və hüquq- mühafizə orqanları
ictimaiyyəti çaşdırmaq, hadisələri ört- basdır etmək və qeyri- insanı hərəkətlərə
etiraz edənlərə divan tutmaq yolu seçirlər.
22 dekabrda 14 saylı Cəza Çəkmə Müəssisəsində Penitensiar
Xidmətin əməkdaşları tərəfindən vəhşicəsinə döyülərək ağır işgəncə ilə qətlə
yetirilən məhkum Elşad Babayevin qatillərini aşkara çıxarıb cəzalandırmaq əvəzinə
hakimiyyət mərhumun öldürülməsinə etiraz edən məhbuslara divan tutdu. Yüzlərlə
insan fiziki zorakalığa məruz qaldı, ağır bədən xəsarəti aldı. “Kars”-a salındı,
“tubzon” deyilən Vərəm Dispanzerinə göndərildi. Döyülərək tanınmaz hala salınan
məhbuslar ailə üzvlərindən belə gizlədildi. Baş vermiş cinayəti açmaq əvəzinə
hüquq- mühafizə orqanları əsl suçluları deyil, cinayətkalara etiraz edən dinc,
günahsız məhbuslar haqqında cinayət işi açdı. Ən acınacaqlısı isə odur ki, çox
saylı dəlil və sübutlara, şahid ifadələrinə baxmayaraq Elşad Babayevin öldürülməsi
mərhumun “ürək tutması” adı ilə ört- basdır edilir.
Elşad Babayevin qətlinin ardınca bir neçə gün
bundan öncə 17 saylı CÇM- də məhbus İsrayıl Ağayevin özünü intihar etməsi həbs
yerlərində məhbus ölümünün bu və ya digər səbəblərdən ənənə halını aldığını
göstərir.
Penitensiar Xidmətlə bağlı son günlərin digər ən
aktual, qalmaqallı hadisəsi şübhəsiz ki, qadınlar həbsxanasında saxlanılan, Şəmkir
rayon İcra hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun
qətlində təqsirləndirilən Lamiyə Quliyevanın nigahdan kənar övlad dünyaya gətirməsidir.
Bu faktın ictimailəşməsi əslində məhkum L. Quliyevanın son 12 ildə taleyi ilə
bağlı Prokurorluq, məhkəmə və Penitensiar Xidmətin birgə ssenarisi ilə sifariş əsasında
həyata keçirdiyi qısasçılıq və qondarma
bir cinayətin bir daha deşifrə olunmasıdır. İcra başçısı Aslan Aslanovun oğlu
Ruslan Aslanov tərəfindən dəfələrlə cinsi zorakalığa məruz qalmasına baxmayaraq
10 il müddətinə azadlıqdan mərhum edilən, həbs müddəti başa çatmaq ərəfəsində həbsxana
rəhbərliyinin əli ilə haqqında cinayət işi açılaraq daha 5 il 6 ay həbs müddəti
uzadılan Lamiyə Quliyevaya qarşı məqsədli şəkildə ədalətsizlik, qisasçılıq və
işgəncə həyata keçirilib. Məhkum qadının həbsxanada uşaq dünyaya gətirməsi
Penitensiar Xidmətdə hökm sürən qanunsuzluğun, özbaşınalığın, cinsi istismarın
hansı bərbad vəziyyətdə olduğunu bir daha ortaya qoydu. Ən acınaqlısı isə baş
verənlər haqqında ciddi ölçü götürmək əvəzinə Penitensiar Xidmətin rəisi Mədət
Quliyevin qanunsuzluğu işıqlandıran mətbuat orqanlarını ittiham etməsi, L.
Quliyevanın dünyaya gətirdiyi uşağın atasını həftələrlə “axtarması” oldu.
Həbs yerində Elşad Babayevin qətlə yetirilməsi,
İsrayıl Ağayevin özünə qəsd etməsi, Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsi
Penitensiar Xidmət sahəsində olan dəhşətlərin, insanlıq və qanunlar adına utanc
hərəkətlərin yalnız üzdə olan bir qismidir. Bu hadisələr ölkədəki qanunsuzluq və
özbaşınalığın, harınlığın və zülmün kiçik təcəssümü, Penitensiar Xidmətin isə
mahiyyət göstəricisidir.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı
hesab edir ki, Lamiyə Quliyevanın üzləşdiyi qanunsuzluqlar, zorakalıq və
qisasçılıq halları yenidən araşdırılmalı, ona qarşı irəli sürülən ittihamlara
obyektiv hüquqi qiymət verilməlidir.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı
hesab edir ki, həbs yerlərində hökm sürən qanunsuzluqlara, saysız- hesabsız
ölüm hallarına, baş alıb gedən korrupsiya və işgəncələrə görə Penitensiar Xidmətin
rəisi Mədət Quliyev başda olmaqla Xidmətin rəhbərliyi istefaya göndərilməli,
penitensiar sahədə təxirəsalınmaz ciddi islahatlar həyata keçirilməlidir.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı
eyni zamanda qanunsuz həbsdə saxlanılan Leyla Yunusun səhhətindən, İntiqam
Əliyevin məhkəməyə gətirilərkən qeyri- insanı yoxlamaya məruz qalmasından
narahatlığını ifadə edir, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin 5 il
azadlıqdan mərhum edilməsini pisləyərək, Abşeron rayon məhkəməsinin bu barədə
çıxardığı qərarı hakimiyyətin növbəti siyasi sifarişi hesab edir.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı
bir daha həbs yerlərində saxlanma şəraitinin yaxşılaşdırılması, məhbuslara göstərilən
münasibətin qanunlar çərçivəsində həyata keçirilməsini, onlara qarşı zorakalığa,
işgəncəyə və qeyri- qanuni hərəkətlərə yol vermiş Penitensiar Xidmətin əməkdaşları
haqqında ciddi ölçü götürülməsini, bütün siyasi məhbusların qeyd- şərtsiz
azadlığa buraxılmasını tələb edir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=16920