Deputatın biznesmen qohumu qumarda pul uduzdu, iş məhkəməlik oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan
Hacızadə Rövşən Hacı oğlunun və Əmiraslanov Qərib Məhərrəm oğlunun
cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Virtualaz.org-un əldə etdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edir.
İttihama görə, “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadə
tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi
sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı
şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı
şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa
şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər.
Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli
miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə
saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham
olunur.
Təqsirləndirilən şəxs qismində dindirilən R.Hacızadə ona elan
olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində göstərib ki,
ittiham üzrə bütün qanunsuzluqlar deputat Əsabil Qasımovun yaxın
qohumları olan Taleh Qasımov, Umud Umudov, Qərib Əmiraslanov və İntiqam
Umudov tərəfindən törədilib. Mənzil və avtomobil yerlərinin satılması
barədə sənədlər Əsabil Qasımovun təhriki ilə yazılıb: “Mən
“Karat” MTK-da heç bir vəzifədə işləməmişəm, heç bir səlahiyyətim
olmayıb, heç kimin pulunu ələ keçirmək üçün mənzil və ya avtodayanacaq
yerləri satmamışam. “Karat” MTK-da heç bir vəzifəm olmadığından vəzifə
saxtakarlığı törətməmişəm. Əsabil Qasımov və onun yaxın ətrafı öz
saxtakarlıqlarını gizlətmək məqsədilə mənə şər, böhtan atırlar”.
Digər təqsirləndirilən Qərib Əmiraslanov isə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.
İstintaq materiallarına istinad etsək görərik ki, Q.Əmiraslanov əslən
Ağdam rayonundan olan Yusif Əfsəriyə qumarda külli miqdarda pul
uduzduğunu, ona qalan 205000 manat borcun əvəzinə “Karat” MTK-dan mənzil
vermək barədə razılaşdığını göstərib. O, R.Hacızadədən xahiş edib ki,
X.Şuşinski küçəsi, 12 saylı binadakı 4 otaqlı mənzili Y.Əfsərinin
qardaşı oğlunun adına sənədləşdirilməkdə köməklik etsin. Bunun
müqabilində Y.Əfsəridən pul almayıb.
Bundan başqa 2012-ci ilin fevral ayında 205000 manata satdığı
mənzilin pulunu öz şəxsi ehtiyaclarına xərclədiyini göstərib. R.Hacızadə
də onun xahişi ilə mənzilin C.Rzayevin həyat yoldaşının adına
sənədləşdirilməsi barədə sənədləri tərtib edərək ona verib.
Ceyhun Yusifov
R.Hacızadənin vəkili Ceyhun Yusifov virtualaz.org saytına bildirib
ki, müdafiə etdiyi şəxsin bu cinayətlə ümumiyyətlə əlaqəsi olmayıb.
Vəkilin sözlərinə görə, istintaq qərəzli xarakter daşıyıb, cinayətin
açılmasına, əsl cinayətkarların müəyyən edilməsinə, cinayət işinin
obyektiv araşdırılmasına deyil, əsl cinayətkarları gizlətmək məqsədi
daşıyıb və günahsız bir insanın təqsirləndirilməsi istiqamətinə yönəlib:
“Artıq məhkəmə prosesi başlayıb. Nə istintaq zamanı, nə də ki,
məhkəmədə Rövşən Hacızadə ona elan olunmuş ittihamlarla özünü təqsirli
bilməyib. Bu halları nəzərə alan məhkəmə öncə məhkəmə istintaqını
zərərçəkmişlərin ifadəsi ilə başlanılmasını məqsədəuyğun hesab etdi.
Rövşən qəti şəkildə bu işin qurma, özünün isə qurbanlıq olduğunu
bildirdi. Bununla yanaşı Rövşən Hacızadə dələduzluqda ittiham olunduğu
əmlakla bağlı mötəbər sübutları məhkəmə baxışına təqdim edəcəyini
israrlı şəkildə dedi. Rövşən Hacızadə məhkəməyə bu iş üzrə
“zərərçəkən”in Əsabil Qasımov olduğunu və istintaqa zərərçəkən kimi
təqdim olunanların hamısının onun öz adamları olduğunu dedi.
İnanırıq ki, məhkəmə bu cinayət işini obyektiv araşdırılacaq və
müdafiə etdiyim şəxsin təqsirsizliyi sübut olunaraq haqq-ədalət bərpa
olunacaq”.
Onu da qeyd edək ki, R.Hacızadənin bacısı Güllü Hacıyeva mətbuat vasitəsilə ölkə başçısına müraciət edib: “Cənab
prezident! Qardaşım Rövşən barəsindəki həbs-qətimkan tədbirinin ləğvinə
və cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınmasına son
qoyulması üçün aidiyyəti üzrə göstərişlər verilməsini və əsl
cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik
göstərilməsini xahiş edirik.
Hər zaman Azərbaycan qanunlarına əməl etmişik, prezidentimizin siyasi
kursunu dəstəkləmişik. İnanıram ki, müraciətimizdən sonra deputat adına
xələl gətirən, günahsız insanları həbs etdirərək dövlətdən narazı
salmağa çalışan Əsabil Qasımov barəsində qanuni tədbir görüləcək. Bizim
haqsız olaraq məruz qaldığımız bu əzab və iztirablara son qoyulacaq”.
Məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=16933