İrandan Azərbaycana sensasion təklif
Bəzi ölkələr Türkmənistandan qazı Xəzərdən sualtı kəmər
çəkməklə Avropaya nəql etməyi planlaşdırır. Ancaq bu, iqtisadi baxımdan
məqsədəuyğun deyil.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə İranın milli qaz şirkəti (NİCG) bəyan edib.
Şirkət elan edib ki, İran Azərbaycan və Türkmənistan qazını Türkiyə
üzərindən Avropaya ötürməyə hazırdır. NİCG hesab edir ki, bu, iqtisadi
baxımdan ən sərfəli və effektiv qaz nəqli marşrutudur.
Şirkətin beynəlxalq işlər üzrə direktoru Əzizullah Ramazani deyib ki,
bəzi Avropa ölkələrinin Xəzərin dibindən qaz kəməri çəkmək planları
iqtisadi baxımdan özünü doğrulda bilməz və tamamilə bahalıdır. İran isə
Avropaya qaz nəqli üçün ən sərfəli dəhlizdir.
“Hazırda Avropa hökumətləri siyasi səbəblərə görə İrandan qaz idxal
etmək istəmirlər, lakin Avropa ölkələrinin parlamentləri bu məsələni
öyrənir” – deyə Ə.Ramazani bildirib.
NİCG İranın elektrik stansiyalarına, sənaye və kommersiya
obyektlərinə, habelə əhalisinə təbii qazın nəqli və paylanması ilə
məşğuldur. İran həmçinin 30 min kilometr uzunluğunda yüksək təzyiqli qaz
kəmərləri şəbəkəsinə malikdir və bu sahədə dünyada ən böyük göstəriciyə
malikdir. Hələlik Azərbaycan və Türkmənistan rəsmiləri İranın təklifinə
reaksiya verməyiblər.
Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə
tutan Transxəzər qaz kəməri layihəsi uzun illərdir mövcuddur. Bu
layihəni ABŞ və Avropa İttifaqı dəstəkləyir. Lakin layihənin həyata
keçirilməsi baxımından ciddi siyasi əngəllər var. İran və Rusiya
dəfələrlə bildiriblər ki, Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə
“ekoloji risklərə görə” qarşı çıxırlar. Ötən həftə Azərbaycan,
Türkmənistan və Türkiyə enerji rəsmiləri Aşqabadda Transxəzər layihəsinə
dair müzakirə aparıblar.
İranın nüvə proqramlarına görə Qərb bu ölkə ilə enerji əməkdaşlığına
məhdudiyyət qoyub. Bu səbəbdən İran qazının Avropa bazarlarına çıxışı
hələlik siyasi səbəblərə görə mümkün deyil. Lakin ABŞ və Qərb ölkələri
İranla nüvə proqramlarına dair anlaşma əldə etsə, vəziyyət radikal
şəkildə dəyişə bilər. Bu halda İranın nəhəng qaz ehtiyatları Avropa üçün
açılardı.
İran qazının Avropaya nəqli üçün Türkiyə dəhlizindən istifadə
mümkündür. Türkiyə rəsmiləri indidən bu varianta hazırlaşırlar və
deyirlər ki, gələcəkdə İrandan Avropaya qaz nəqli Türkiyənin enerji
dəhlizi kimi statusunu daha da artıracaq.
Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan
neftinin İran üzərindən nəqli ideyası olsa da geosiyasi baxımdan bu
ideya baş tutmadı və Bakı-Tiflis-Ceyhan marşrutu seçildi. Hərçənd ki,
Azərbaycanın əsas ixrac neft kəmərinin İrandan keçməsi daha ucuz başa
gələ bilərdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=16935