Hövsanda aksiyaçılardan polisə şikayət edən Ağasəlim Əliyev danışdı

02.02.2015 - 15:56

Ağasəlim Əliyev: “Maşınımı sındırıblar, mən də həmin şəxslərdən polisə şikayət eləmişəm”

Azad Həsənov: “Bu araşdırma işinin Sevinc Hüseynovaya
tapşırılmasının səbəbi direktorun əməllərini ört-basdır və onun əleyhinə
olan faktları yox etmək istəyi ilə bağlıdır”

Arzu Abdulla: “Əgər insanlara qarşı təzyiq varsa, mən onlara deyirəm ki, bizə, hüquq müdafiəçilərinə müraciət etsinlər”
Hövsan qəsəbəsinin icra nümayəndəsi Ağasəlim Əliyevin avtomobilinin
məlum aksiya iştirakçıları tərəfindən xəsarət yetirilməsi iddiası ilə
bağlı Suraxanı rayonu 30-cu  polis bölməsində dindirmələr davam edir. 
Hövsan qəsəbəsinin sakini Azad Həsənov musavat.com-a deyib ki, son
olaraq Telman adlı gənc polis idarəsinə çağırılıb və ona avtomobilə
xəsarət yetirdiyi və bununla bağlı şahidlərin olduğu bildirilib. Telman
isə cavab verib ki, o, dünyasını dəyişən gəncin xəstəxanaya çatdırılması
üçün təcili yardım maşını ilə birgə gedib.
 
Məktəb direktoru Qardaşxan Səlimov ilə bağlı aparılan araşdırma
işinə gəlincə isə, Azad Həsənov qeyd edib ki, hazırda Təhsil Şöbəsi və
Suraxanı rayon icra başçısının humanitar məsələlər üzrə müavini Sevinc
Hüseynova məktəbdə araşdırma aparır:
“Sevinc Hüseynova ilə Qardaşxan
Səlimovun çox yaxşı əlaqələri var. Daha əvvəl də Qardaşxan Səlimovla
bağlı şikayətlərə baxılarkən S.Hüseynova direktorun tərəfini saxlamışdı.
Biz düşünürük ki, bu araşdırma işinin Sevinc Hüseynovaya
tapşırılmasının səbəbi direktorun əməllərini ört-basdır etmək və onun
əleyhinə olan faktları yox etmək istəyi ilə bağlıdır”.
Azad Həsənov onu da bildirdi ki, hadisələr başlayandan sonra
rayonun deputatı Sevinc Fətəliyeva bir dəfə də olsun, gəlib proseslərlə
maraqlanmayıb:
“Demək olar ki, S.Fətəliyeva Hövsan qəsəbəsində baş
verənlərə reaksiya verməyib. Bir neçə dəfə sakinlər onunla görüşərək,
problemləri dilə gətiriblər. Ancaq o, məsələ ilə maraqlanacağını desə
də, hələlik bir addım atdığını görməmişik”.
 
Müsahibimiz onu da bildirdi ki, mətbuatda gedən son məlumatlardan sonra təzyiqlər nisbətən səngiyib.
 
Son günlər mətbuatda adı hallanan Hövsan qəsəbəsinin icra nümayəndəsi Ağasəlim Əliyev də musavat.com-a danışdı. 
O, bildirdi ki, yeganə məqsədi avtomobilinə ziyan vuranların cəzalandırılmasıdır: “Birincisi, mən qeyd etmək istəyirəm ki, aksiyada dünyasını dəyişən
gənc haqqında yazarkən onun bədbəxt hadisə nəticəsində dünyasını
dəyişdiyini də qeyd etmək lazımdır. Çünki bu insanın ölümündə heç kim
günahkar deyil”.
Avtomobilinə xəsarət yetirilməsinə gəlincə, A.Əliyev bu məsələnin qanun çərçivəsində həll ediləcəyini söylədi: “Kimlərsə narazıdır və gəlib, aksiya keçirirlər. Mənim avtomobilimin
burada nə günahı var? Mənim maşınımı sındırıblar, mən də həmin
insanlardan polisə şikayət eləmişəm. Hər insan öz əməllərinə görə cavab
verməlidir. Bu, bir xuliqanlıq hərəkətidir. Maşının əzilməsi səhnələri
internetdəki  videolarda da var, polis o zaman orada olub və kimlərin bu
işi gördüyü aydındır, şahidlər də var. Mən ərizədə 3 nəfərin adını
yazıb, vermişəm. O ki, qaldı mənim onlara müxalifətçi deməyimə, onların
müxalifətçi olduğunu hamı bilir. Bu insanlar mənim adımı çəkirlər ki,
guya Elmarın dünyasını dəyişməsində mən günahkaram. Bu hadisənin mənimlə
nə əlaqəsi var?”
Ağasəlim Əliyev aksiyanın məktəbin həyətində keçirilməsi haqqında qərarın necə verilməsi məsələsinə də aydınlıq gətirdi: “Mən yanvarın 19-da səhər tezdən işə gələndə sakinlər gəlib, mənə
bildirdilər ki, biz aksiya keçirmək istəyirik. Onlar şənbə günü,
yanvarın 17-də ərizə vermişdilər, sonrakı gün – bazar günü iş günü
olmayıb, yanvarın 19-da gəliblər ki, aksiya keçiririk. Sonra polis
idarəsindən sahə müvəkkili gəldi və dedi ki, qərar çıxana qədər
gözləyin. Sakinlər isə bildirdilər ki, biz 3 televiziyanı çağırmışıq, bu
gün aksiya olmalıdır. Bu sözləri deyib, məktəbə tərəf getdilər. Mən
onlara məktəbə getməyi tapşırmadım. Mən onlara dedim ki, dağılın,
ərizənizə baxılsın, araşdırılsın, əgər direktor günahkardırsa, bu haqda
tədbir görüləcək. Məktəbdə aparılan araşdırmalara gəlincə, burada
şikayətdə deyildiyi kimi, həm məktəb müəllimlərinin bilik səviyyəsi, həm
də direktorun işlətdiyi ifadə ilə bağlı araşdırma gedir. Ancaq onu da
deyim ki, hətta Qardaşxan Səlimovun bu ifadəni işlətmədiyi və günahsız
olduğu sübut edilsə belə, o, artıq Hövsan qəsəbəsində çalışa bilməz.
Çünki insanlar arasında hörmətini itirib, yəqin ki, günahsız olduğu
sübut olunsa, onu başqa bir yerə təyin edərlər. Daha dəqiq qərar isə,
Bakı Şəhər Təhsil Şöbəsinin təşkil etdiyi komissiyanın rəyindən sonra
bəlli olacaq”.
Baş verənlərə münasibət bildirən hüquq müdafiəçisi Arzu Abdulla
Hövsan sakinlərinə hüquqi yardım göstərməyə hazır olduğunu bildirdi:
“Əgər Azərbaycanda ədalətli istintaq, ədalətli məhkəmə sistemi olsaydı,
insanların heç bir qorxusu olmazdı və əhali aksiya keçirmək
məcburiyyətində qalmazdı. Onların şikayətləri araşdırılardı, qərar
verilərdi, əhaliyə açıqlanardı və cəmiyyət də bundan öz nəticəsini
çıxarardı. Ancaq hər kəs bilir ki, məhkəmələr də sifarişli olur,
istintaq da sifariş əsasında keçirilir. Çalışırlar ki, insanların
müqavimətini qırsınlar, qula çevirsinlər. Xüsusən də, rayon
məktəblərində şagirdləri bu ruhda tərbiyə edirlər. Məktəblərdə vətəndaş
yetişdirilmir, qul yetişdirilir. İndi Hövsanda aksiya keçirən insanları
günahlandırırlar ki, avtomobili sındırıblar. Əgər istintaqı aparanlar
ədalətli qərar çıxarmaqda maraqlı deyillərsə, həmin sakinlər də qorxu
içində olacaqlar. Əgər insanlar qorxacaqsa, o zaman heç nəyə nail ola
bilməyəcəklər. Ancaq bütün məktəb ayağa qalxacaqsa, hər kəsi eyni vaxtda
tutmaq mümkün olmayacaq. Əgər insanlara qarşı təzyiq varsa, mən onlara
deyirəm ki, bizə, hüquq müdafiəçilərinə müraciət etsinlər. Vəkillərlə
birgə biz də onlara yardım edə bilərik və həqiqətin üzə çıxarılmasında
köməkçi olarıq”. 
Yazıda adı çəkilən digər şəxslərin də mövqeyini ictimailəşdirməyə hazırıq. 

Short URL: http://www.cumhuriyyet.net/?p=16942

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728