Fizika müəllimi, ehtiyyatda olan zabitin həyat hekayəsi – iki gündür acam

03.02.2015 - 01:36

“Küçələrdə işsiz-gücsüz gəzirəm… Mən ali savadlı  adamam, hərbi rütbə almışam axı”

 

“Mənə
iki peraşki ala bilərsən? Acam, yemək istəyirəm”, tanımadığım adamın
astadan, utana-utana etdiyi bu xahiş diqqətimi şəhərin səs-küylü
küçəsindən, avtobus gözlədiyim dayanacaqdan ayırıb, müraciət edən şəxsin
qeyri-adi görkəminə, üst-başına yönəltdi. Qarşımda tozlu paltarı,
çirkli ayaqqabıları, qayğılı siması olan 38-40 yaşlı bir nəfər
dayanmışdı. Sir-sifətini tük basdığından, problemli insana oxşayırdı. O,
pul yox, yalnız yeməyə nəsə istəyirdi. Günlərlə, bəzən də həftələrlə
işsiz qalan Emin Məmmədovu söhbətə çəkəndə bu qayğılı insanın ali
savadlı şəxs, ehtiyata buraxılmış zabit, keçmiş taqım komandiri olduğu
üzə çıxdı. 

 

“…Hər şeyi bacarıram”

 

– Adınız nədir?
– Emin…

– Neçə yaşınız var?
– 39… 1975-ci ildə anadan olmuşam. İş axtarıram, santexnik, hörgü işləri – hər şeyi bacarıram.

– Bu işlərə nə qədər zəhmət haqqı alırsınız?
– Qiyməti dəqiq söyləyə bilmərəm, yalan deyərəm. Səndən bir xahiş eləsəm, olar?

– Buyurun.
– Mənə 2 peraşki al də, nə olar? Acam.

Onun bu xahişindən sonra söhbətə ara verib, yaxınlıqda
peraşki satılan köşkə yaxınlaşıram. Hiss olunur ki, səhərdən acdır, ona
görə də başı gicəllənir. Satıcı peraşkiləri uzadanda Emin onları alıb,
səbirsizliklə yeməyə başlayır. Divara söykənib, “nahar”ını edir. Sonra
əllərini yuxarı qaldırıb, dodaqlarının altında nəsə pıçıldayır və mənə
yaxınlaşaraq, “Allah sənin köməyin olsun, dadına yetişsin” deyir:
“Səhərdən yediyim bir peraşkinin üstündəydim, acından ölürdüm”. 

 

Söhbətə davam etdirik:

– Özünüz üçün zəhmət haqqını niyə müəyyənləşdirməmisiniz?
Məsələn, kafel, metlax işlərinə görə müştərilərdən nə qədər pul
istəyirsiniz?

– Kafel-metlax işlərinə görə pulu hər kvadratmetrə görə hesablayıram.

– Bir kvadratmetrə görə minimum nə qədər zəhmət haqqı istəyirsiniz?
– Beş manat. Kim nə verirsə, alıram. Allah bərəkət versin. Mənimlə
evlərə gedib işləyən yoldaşlar da hər şeyi bacarırlar. Kim istəsə, hər
cür iş təşkil edə bilərik. Yəni imkan var.

– Əşyalarınızın, usta alətlərinizin olduğu çanta hanı?
– Yoldaşımdadır.

– Şərikli işləyirsiniz?
– Bəli…”İnstrumentlər” ondadır.

– Sizinlə birlikdə sifarişli işə gedən yoldaşınız, digər ustalar, fəhlələr nə qədər zəhmət haqqı alırlar?
– Qiymətlər müxtəlifdir. Eyni deyil. Mən onların yerinə qiymət danışa bilmərəm.

– Hər halda, onların müştərilərdən tələb etdikləri zəhmət haqlarını da bilməmiş olmazsınız.
– Nə deyim vallah, hərə bir cür qiymət deyir.

 

“İş, pul yoxdur, neynim?”

– Bakıda çoxdan yaşayırsınız?
– Əslim Tovuzdandır. Amma özüm Bakıda doğulub boya-başa çatmışam.
Suraxanı qəsəbəsində yaşayıram. Gədəbəydə hərbi qulluq keçmişəm (Birdən gözləri dolur, ağlamağa başlayır). Hə, hərbi xidmətim Gədəbəydə olub. 

– Ailəlisiniz?
(Ağlaya-ağlaya). Hə…

– Övladınız varmı?
– Bəli… (kövrəldiyindən danışa da bilmir)

– Neçə övladınız var?
– İki oğlum var. Böyüyü 4-cü sinfə gedir, kiçiyinin 3 yaşı var.

– Niyə ağlayırsınız?
– … İş yoxdur, neynim? Pul da yoxdur.

– Fəhlələrdən, ustalardan sizə kömək edənlər, harasa işləməyə aparanlar var?
– Hə, sağ olsunlar, bəziləri kömək edirlər.

– İş üçün hansısa dövlət qurumuna, özəl şirkətə müraciət etmisiniz?
– …

 

“Gedib kiminsə əlinin altında mühafizəçi işləməliydim?”

Hiss olunur ki, işsizlik onu həm mənəvi, həm də fiziki baxımdan dəyişib. Bu səbəbdən də çox danışa bilmir. Tez-tez kövrəlir.

 

 

– Emin, neçə vaxtdır issizsiniz?
– Bir ildən çoxdur.

– Bəs bir il əvvəl harada işləyirdiniz?
– … Holdinqdə…

– Hansı sektor üzrə?
– Mühafizəçi idim.

– Bəs niyə işdən çıxdınız?
– Mənə uyğun iş deyildi.

– Necə yəni?
– Ehtiyatda olan zabitəm – leytenant. Ali təhsil almışam. Açığı, bir
neçə il ali məktəblərə daxil ola bilmədim. Nəhayət, 1997-ci ildə Bakı
Dövlət Universitetinin fizika fakültəsinə qəbul olundum. 2001-ci ildə
universiteti bitirdim. 2001-2003-cü illərdə taqım komandiri kimi hərbi
xidmətdə oldum. Sürücülük vəsiqəm də var. Belə olan halda gedib, kiminsə
əlinin altında həmişəlik adi mühafizəçi işləməliydim?

– İşdən özünüz çıxdınız, ya çıxardılar?
– Özüm çıxdım.

– İşsiz qalmadansa, müvəqqəti olaraq mühafizəçi işləmək daha yaxşı olmazdımı?
– Nə bilim? Özümdən təhsil və mədəni səviyyəcə aşağı olan insanlara qapı açırdım. Bunu özümə sığışdıra bilmirdim. 

– Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmisiniz. Bəs niyə ixtisasınız üzrə işləmədiniz?
– İş tapa bilmədim (yenidən kövrəlib ağlayır). Hara getdimsə, dedilər, iş yoxdur.

– Bir il əvvəl işdən çıxdınız. Bəs həmin şirkətdən əvvəl harda işləyirdiniz?
– Sanqaçal terminalında…   

– Burada necə nahar edirsiniz?
– Peraşki ilə. Neçə gündür, küçələrdə işsiz-gücsüz gəzirəm. Düzdür,
mənim kimi işsizlər çoxdur. Amma onların öz həyatı var, mənim də öz
həyatım. Mən ali savadlı  adamam, hərbi rütbə almışam axı. Amma sonra
gəlib işə düşdüm.

– Nə iş? Problemlə üzləşdiniz?
– Hə, məni rəis qoymadılar. Əgər holdinqdə işləməyə qoysaydılar, ayda 600-700 manat maaş alardım. İmkan vermədilər.

 

“17 gündür bir qəpik qazanmıram”

 

– Bu gün iş olub? Siftə etmisiniz?
(yenə gözləri dolur).

– Yox, bir qəpik də qazanmamışam  

– Bəs dünən necə? İş olmuşdu? Nə qədər pul qazana bilmişdiniz?
– Heç nə, bir qəpik də qazanmadım.

– Sonuncu dəfə neçə gün əvvəl pul qazanmısınız?
– 17 gün bundan əvvəl. Müştəri gəldi, ikicə gün işləyib, 60 manat qazandım. Həmin adam yeməyimi də verdi, içməyimi də.

– Harada işlədiniz?
– Mərdəkan qəsəbəsində. Heç o qədər ağır iş də deyildi. İki gün işlədik,
bir az kömək etdim, 30 manat günəmuzd verdilər. Tək deyildim, iki nəfər
idik. Evin sahibi 60 manat ona verdi, 60 manat da mənə. Hətta bizə
papiros da aldı. O gündən indiyə qədər küçələrdə dilənirəm.

– Belə işsiz günləriniz çox olur?
– Əksər vaxtlarda işsiz qalıram. Ən çox da qış aylarında. Bir də
görürsən, günlərlə buralara hərlənən, fəhlə axtaran olmur. Mart ayının
sonlarında “kliyent”lərin sayı bir az artır, onda “zakaz” olur. 

– Santexnikliyi, hörgü işlərini bacardığınızı dediniz. Bunları sizə kim öyrədib?
– Ustaların əlinə baxıb özüm öyrənmişəm.

– Ay ərzində ən çox qazancınız nə qədər olub?
– 500-600 manat.

– Hansı ay?
– Bir il bundan əvvəl.

– Yanvar ayında gəliriniz nə qədər oldu?
– Belə də. 250 manat olub.

– Həyat yoldaşınız işləyir?
– Yox, həyat yoldaşım işləmir. İkinci övladım hələ körpədir axı. Həm də
yoldaşım anasının yanındadır. Qaynanam 2-3 aydır xərçəng xəstəliyindən
əziyyət çəkir. Həyat yoldaşım xəstə anasına qulluq edir. Özüm də burda
oluram.

 

“İki gün heç nə yeməmişəm”

 

– 17 gündür işləmədiyinizi deyirsiniz. Bəs bu günlərdə sizin ailənizi kim dolandırıb?
– Qardaşım.

– Ərzaq alır?
– Yox, hər gün 2-3 manat verir.

– Axı bu pulla dolanmaq necə mümkündür?
– Qardaşımın sayəsində. Müştəri sayı çox olanda, uzunmüddətli iş olanda çörək pulu çıxır.

– Qardaşınızın verdiyi 2-3 manatla övladlarınızı necə dolandıra bilirsiniz?
– Qaynım da kömək edir, qardaşım da.

– Qardaşınız harada işləyir?
– Şirkətlərdən birində. Təmir işləri ilə məşğul olur.

– Bəs qardaşınız niyə sizi özünün çalışdığı şirkətə işə düzəltmir?
– Nə bilim..?

– Sonuncu dəfə nə vaxt nahar etmisiniz?
– Dünən axşam.

– Nə yemişdiniz?
– Sendviç.

– Elə olubmu ki, ümumiyyətlə pulunuz qurtarıb, peraşki almağa qəpiyiniz də olmayıb, ac qalmısınız?
– Bəli olub. Amma neyləməli? Məgər orduda xidmət keçməmişəm, zabit
olmamışam? Dözməliyəm, başqa əlac yoxdur. Elə olub iki gün heç nə
yeməmişəm.

– Bəs pul qazananda nə alıb yeyirsiniz?
– Peraşki, sendviç. Ancaq quru yeməklər. Hərdən çörək, pendir. Bunlar da
mədəmdə xəstəlik yaradıb. Getdim həkimə. Dedi ki, sənə bu qədər ac
qalmaq, quru yemək olmaz. Hərdən sulu xörəklər də ye. Nə edim, sulu
xörək bişirtdirməyə də imkanım yoxdur. Həkim dedi ki, sən aylarla quru
yeməklərlə qidalanıb, mədəni, bağırsaqlarını xəstə salmısan… Bayaq bir
nəfərə dedim ki, 20 qəpiyin var? Soruşdu ki, neynirsən? Cavab verdim,
acam, peraşki almaq istəyirəm. Sağ olsun, çıxarıb pul verdi. 

– Bəs papirosu kim alıb?
– Səhər tanımadığım biri vardı, dayanacaqda siqaret çəkə-çəkə avtobus
gözləyirdi. Yaxınlaşıb dedim ki, qardaş, ondan birini də mənə də ver.
Sinəm yanır. Sağ olsun, çıxarıb siqaretin qutusunu bağışladı.

Emin bundan sonra bir daha minnətdarlıq edib, bizimlə sağollaşır,
yenidən əvvəlki yerinə –  avtobus dayanacağının yaxınlığındakı kiçik
meydançaya üz tutur. Orda gözlərini buradan keçən avtomobillərə
zilləyərək, sürücülərdən hansınınsa onu iş dalınca aparacağına ümid
edir.  (publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=16963

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930