30 minə yaxın azərbaycanlı Rusiyanı tərk etdi

04.02.2015 - 13:13

Rusiyanın Federal Miqrasiya Xidməti
rublun ucuzlaşmasının və miqrantlara dair yeni qanunların qəbulunun
nəticəsi olaraq ötən ilin ikinci yarısında ölkəni 1 milyondan çox
miqrantın tərk etdiyini açıqlayıb.
Virtualaz.org
saytı xəbər verir ki, Federal Miqrasiya Xidməti xüsusən özbək
miqrantların Rusiyanı kütləvi şəkildə tərk etdiyini bildirir.
Statistikaya görə ötən ilin ikinci yarısında Rusiyanı 364 min Özbəkistan
vətəndaşı tərk edib və geri qayıtmayıb.
Tacikistan vətəndaşları da Rusiyanı kütləvi tərk edir. Məlumata görə göstərilən dövr ərzində 178 min tacik Rusiyadan gedib.
Rusiyanı
tərk edən və geri qayıtmayan azərbaycanlı miqrantların sayı isə 28 min
nəfərdən çoxdur. Bu, ötən ilin ikinci yarısına olan statistikadır və
yanvarın əvvəllərindən bəri Rusiyanı tərk edən miqrantların sayını əks
etdirmir. Hansı ki, dekabrın sonları-yanvarın əvvəllərindən başlayaraq
miqrantların Rusiyanı tərk etməsi daha kütləvi xarakter alıb.
Rusiyada
yanvarın 1-dən qüvvəyə minmiş qaydalara görə miqrantlar bu ölkədə
işləmək üçün ödənişli lisenziya almalıdır. Həmçinin Rusiyada işləmək və
yaşamaq icazəsi almaq üçün rus dilindən imtahan vermək tələb olunur.
Nəticədə
bir çox keçmiş sovet respublikalarından olan miqrantlar üçün Rusiyada
qalıb işləmək iqtisadi baxımdan səmərəsiz olub. Çünki əmək miqrantının
orta aylıq qazancı iş lisenziyası almağa, mənzil kirayəsini ödəməyə və
gündəlik tələbatını ödəməyə güclə bəs edir, yaxud ümumiyyətlə, bəs
etmir.
Rublun kəskin ucuzlaşması da əmək
miqrantlarının Rusiyada qazandıqları pulların dəyərdən düşməsinə səbəb
olub. Nəticədə onlar kütləvi şəkildə öz vətənlərinə geri dönürlər.
Miqrantların
Rusiyadan kütləvi çıxması bəzi iri şəhərlərdə küçələrin qardan və
zibildən təmizlənməsində əməlli-başlı problem yaradıb. Çünki bu ağır
işlə əsasən özbək və tacik miqrantlar məşğul olurdu. Həmçinin miqrantlar
tikinti sahələrini kütləvi tərk edir.
Analitiklərin
qənaətinə görə, əmək miqrantlarının Rusiyanı kütləvi şəkildə tərk
etməsi bəzi keçmiş sovet respublikalarında, xüsusən Özbəkistan,
Tacikistan, Qırğızıstan və Ermənistanda ciddi sosial gərginlik
yaradacaq. Çünki yüz minlərlə əmək miqrantının geri qayıtması bir
tərəfdən həmin ölkələrə Rusiyadan pul göndərilməsini kəskin azaldıb.
Digər
tərəfdən, öz ölkələrinə geri qayıdan miqrantlar üçün iş tapmaq
imkanları olduqca məhduddur. Rusiyadakı tacik miqrantların öz
yaxınlarına göndərdiyi pullar Tacikistanın ümumi daxili məhsulunun az
qala 50 faizini təşkil edir, Ermənistanda isə bu rəqəm 15 faizdir.
Özbəkistan
iqtisadiyyatı da Rusiyadan göndərilən pullardan ciddi ölçülərdə
asılıdır. Bu sahədə ən az asılılıq Azərbaycandadır və hələlik
azərbaycanlı miqrantların geri dönməsinin iqtisadiyyata ciddi təsirləri
hiss olunmur.

Short URL: http://www.cumhuriyyet.net/?p=16989

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728