Telekanalların dili, şousu ikrah və etiraz doğurur

05.02.2015 - 17:53

Son zamanlar Azərbaycan
televiziyalarında yayımlanan verlişlərdə qeyri-etik ifadələr və
hərəkətlər baş alıb gedir. Aparıcılar nitqlərində məişət, küçə
jarqonundan daha çox istifadə etməyə üstünlük verir, bədii cümlələrə isə
demək olar ki, rast gəlinmir. Bu azmış kimi canlı yayımda söyüş
söyülür, efirə yaraşmayan hallar yaşanır.
“Yeni Müsavat” daha çox reytinq qazanan verlişlər barəsində kiçik
araşdırma aparıb. Məlum olub ki, daha çox elə həmin verlişlərdə etik
qaydalar pozulur. Məsələn, Mətanət Əliverdiyevanın təqdimatı ilə canlı
yayımlanan verliş öz qalmaqallı hadisələri ilə tez-tez gündəmə gəlir.
Veriişdə aparıcı gah şpaqat açır, gah yıxılır və yaxud qonaq qismində
gələn aparıcının qucağında əcnəbi müğənni xanım oturur (qeyd edək ki, bu
kadr Türkiyə mətbuatında dəfələrlə nümayiş olunub), rəqqasə canlı
efirdə demək olar ki, lüt halətdə oriental rəqs edir və s. 
Bir müddət bundan öncə “Mədəniyyət” telekanalında yayımlanan
“Gürzə” serialı qalmaqalla qarşılanmışdı. Səbəb isə serialın bir
epizodunda aktrisanın açıq-saçıq geyimi idi. Lakin bu gün canlı efirdə
əndazədən çıxan hərəkətlərin tənqid edilməsinin xeyri yoxdur – dəyirman
öz işindədir. Bəlkə də artıq tamaşaçıların gözü bu cür hallara adət
etdiyindən heç kimə təəcüblü gəlmir. Əgər əvvəllər Azərbaycan
telekanallarının efirində müğənniləri yarıçılpaq görməyə adət
etmişdiksə, indi artıq bir çox aparıcı xanımlar bu estafeti öz əllərinə
alıb. Sanki aparıcılar yarıçılpaq geyinməkdə rəqabətə giriblər. Cəmiyyət
də artıq bu cür halları etirazla qarşılamağa tələsmir.
Xeyli tamaşaçı izləyicisi olan “Xəzər TV”-nin də adı bu cür
qalmaqallarda hallanmaqdadır. Televiziyanın təcrübəsiz aparıcılarının
canlı efirdə Azərbaycan manatnı cırması, ardınca Balakən rayonunun
Naxçıvan zonasında yerləşdiyini demələri  müzakirə obyektinə
çevrilməsinə səbəb oldu.  Bu azmış kimi kifayət qədər tanınmış aparıcı
Zaur Kamalın “5/5” verlişində efir etikası pozuldu. Verilişin formatına
uyğun olaraq kiçik səhnəcik nümayiş etdirən müğənni Niyam Salami və
Səidə Sultan efirdə qeyr-etik və efirə yaraşmayan ifadələr işlətdilər.
Tamaşaçılarla apardığımız sorğudan məlum olub ki, etirazla
qarşılanan verlişlərdən biri də ANS TV-də yayımlanan “Adam içində”
verlişidir. Verlişin aparıcısı Elgiz Əkbər dəfələrlə canlı yayımda
tamaşaçıları efirdən qovur, onlara öz məsləhətlərini verir, özünü sanki
verlişin sahibi hiss edir, istədiyi sözləri canlı efirdə danışmaqdan
çəkinmir.
Azərbaycanın əməkdar jurnalisti, mütəxəssis Qulu Məhərrəmli bununla bağlı “Yeni Müsavat”ın əməkdaşına bildirmişdi ki,  bu cür hallar insanları fəlakətə doğru aparan hadisələrdir:
“Təəssüf ki, tamaşaçıların istəyi, zövqü də artıq elə bir
 mərhələyə gəlib çatıb ki, aparıcının müəyyən məsələdə səhv etməsi,
normadan kənara çıxması şou kimi qəbul edilir. Hesab edirəm ki,
tamaşaçını buna biz alışdırmışıq və fəlakətdən xəbər verir”.
Xalq artisti Flora Kərimova bu haqda danışmaqdan artıq yorulduğunu dedi:
“Mən hər gün belə şeylərə qarşı etrazımı bildirməkdən yorulmuşam.
Artıq heç nə deyə bilmirəm. Bu iş indi siz mətbuat nümayəndələrinin,
jurnalistlərin üzərinə düşür. Olanlara güzgü tutub öz baxışınızla,
qələminizlə bunu etməlisiz. Yalnız sizin bu barədə nəyisə dəyişməyə,
düzəltməyə ixtiyarınız və iqtidarınız var”.
Müğənni və veriliş aparıcısı Könül Kərimova vəziyyətin bu həddə gəlib çıxmasından kədərləndiyini bildirdi:
“Çox pis dövrə gəlib çıxmışıq. Belə şeyləri görəndə şəxsən mən
efirə çıxmaq istəmirəm depressiyaya düşürəm. İnsan öz sənətinə, düşdüyü
mühitə nifrət edir. Biz neyliyə bilərik, əlimizdən nə gəlir ki?..Çox
təssüflər olsun ki, vəziyyət bu yerdədir. Mənim aləmimdə bu faciədir”.
Müğənni bildirdi ki, günahı tək aparıcının boynuna atmaq doğru deyil:
“Bu məsələdə günah hər kəsin payına düşür. Verlişə dəvət olunan
qonaq və verlişi tərtib edənlərdə də günah axtarmaq lazımdır. Əgər hesab
etdək ki, əksər verlişlər canlı yayımlanır, bu zaman yaranan qalmaqallı
hadisələr də aparıcılar üçün də gözlənilməz olur, onlar da çıxılmaz
vəziyyətdə qalır”.
Könül Kərimova əməkdaşımıza sevdiyi verlişlərdən də danışıb:
“Dedi-qodusuz, səviyyəli, mənalı musiqilər səsələnən verlişləri çox
sevirəm. Bir sözlə, zövqlə tərtib olunan xoşməramlı verlişlərə hər kəs
rəğbətlə baxır, izləyir”.
Müğənni Əli Mirəliyev efirlərdə baş verən qeyri-etik hərkətlərdən hiddətləndiyini deyib:
“Mətanətin verlişində oriental oynayan rəqqasəyə baxıb dedim,
ilahi, mən niyə ölmədim?! Oriental oynamağa nə var ki, yalandan
ora-burasını fırladıb deyir, bu rəqsdir. Varlı kişilər, məmur adamların
“ax, ox” edib  baxması həmin rəqqasəyə xeyir edir, çoxlu pul verib efirə
çıxır ki, sonradan “yağlı kişi” tuta bilsin. Əvvəllər göbək rəqsi
oyanayanlar xanların, sultanların saraylarında olurdu, onlar
mərasimlərdə, tədbirlərdə əyləncə üçün oyun nümayiş etdirirdilər. İndi
efirlərə baxanda görürsən ki, verlişi təşkil edənlərin ağlı çaşıb. Belə
şeyləri efirə çıxartmaq olmaz. Kütləni korlayan elə bu verlişlərdir”.
Müğənni bəyənmədiyi digər verlişlərdən də danışıb:
“Elgizin verlişinə baxıb lap çaşıb qalıram. Dinimiz, qeyrətimiz,
namusumuz,  hamısı yox olub gedib. Canlı efirə çıxardırlar ki, kim
kiminlə yatıb, kim kimin arvadını qaçırdıb, sevib və s. Əvvəllər belə
hadisələri efirə verməzdilər. 65 yaşılı kişi kimi deyirəm ki, bu gün
Azərbaycanı tanıya bilmirəm. Televiziya bu cür verlişləri ilə insanları
uçuruma aparıb”.
 Mətanət Əliverdiyevanın adının hallanmasını istəməyən həmkar dostu da bu məsələyə öz münasibətini bildirib:
“Bəzilərinə efirə çıxmaq bir şans olub. Lakin hər şey aparıcıdan
aslıdır. Aparıcının intellekti hansı səviyyədədirsə, verlişini də o
tərzdə idarə və təşkil edir. Efirdən atmacalar atmaqla qisas alan
aparıcılara da tez-tez rast gəlirik. Tele-aparıcı kimi bildirirəm ki, bu
cür hallar qəbuledilməzdir”.
 Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarixçi Dilavər Əzimli bildirdi ki, Televiziya Şurası məsələyə ciddi yanşmasa vəziyyət daha da ağırlaşa bilər:
“Bu gün televiziyaya toyxana rəqqasələrini çıxarırlar. Onlar da
çılpaq halda bədənlərini ora-bura əsdirir, aparıcı da onlara qoşulur.
Bunları idarə edənlər bilirlər ki, bu cür siyasətlə bu milləti
mənəviyyatsız burulğanına salmaq mümkündür.
Doğrudan da bu çox ciddi bir məsələdir. Tariximizin
mədəniyyətimizin və əxlaqımızın üzərinə eyni vaxtda hücuma keçirlər. Bu
gün efirimizdə baş verənlər daha çox bu millətin əxlaqının korlanmasına
yönəldilib. Mənim müxtəlif təbəqələrin insanları ilə ünsiyyətim olur.
Onların hamısı narazılıq edir. Hüquq-mühafizə orqanlarında çalışan
dostlarım da narazılıq edirlər. Bəs onda bu adamların havadarları
kimdir? Onlara bu tapşırığı kim verir? Özünü və ailəsini tanımayan
müğənnilər xalqın qəhrəmanına çevrilir. Onlara xalq artisti adını
verirlər. Onları efirə çıxaranların televiziya rəhbərləri də kimlərdənsə
tapşırıq alırlar. Kimdir bunlar?
Ökə başçısı çıxışlarının birində dedi ki,  tariximizi,
mənəviyyatımızı aşağılamaq olmaz, amma edirlər. Təəssüf ki,
ziyalılarımızın bu məsələdə mövqeyi yoxdur. Millətin şairi, mənəviyyatı
təhqir olunur, tarixi təhriff edilir, ziyalılar isə susur. Millətin
təlim-tərbiyəsində, eyni zamanda mənəviyyatının süqutunda televiziyanın
müstəsna əhəmiyyəti vardır. Təəssüf ki, bizimkilər ikinci yolu seçir”
Tarixçi bildirdi ki, bütün bunlara baxmayaraq ruhdan düşmək olmaz:
“İctimai televiziyanın efirində belə hallara rast gəlinmir. Orada
qoyulan məsələlər millətin maraqlarına xidmət edir. Adını çəkdiyimiz
bədnam əl bura girişə bilmir. Azərbaycan Dövlət televiziyası da bu
mənada yaxşı vəziyyətdədir. Digərləri haqqında isə bunu demək olmur”.
Kifayət qədər tanınan prodüser və aparıcı Təranə Səmədova verlişlərdə
baş verən qeyri-etik hərəkətlərə görə bəzən aparıcının günahı
olmadığını deyir: “Verlişə dəvət olunan qonaqdan bəzən gözləniləmz söz
eşitmək olur, bu məqamda aparıcı məsuliyyət daşımır. Bəzən fikirləşsək
ki, olanlar şou xətrinədir, bunu o qədər də ciddi tənqidlə qarşılamaq
doğru deyil. Lakin hər bir halda efirdə qeyri-etik hərkətlər doğru
deyil, verliş tərtib edənlər və yaxud aparıcılar hər zaman maariflənməyə
üstünlük verməlidir”.
Prodüser xanım daimi izlədiyi verlişin olmadığını bildirir:
“Görəndə ki, aparıcıların etdiyi hərəkətlər hansısa şou xətrinədir
və.s o verlişlərə baxmaqdan qaçıram. Vaxtilə “Milyonçu”, “Zəif bənd” şou
verlişləri var idi, hansı ki, mən də iştirakçısı olmuşam. Belə
verlişlər intellktual verlişlərdir və maraqlıdır. Çox təəsüflə qeyd
etməliyəm ki, mənasız verlişlərin sayı çoxaldıqca bu cür səviyyəli,
maarifləndirici verlişlərin reytinqi azalmağa başladı və yavaş-yavaş
sıradan çıxdı”.
Efirlərdə baş verən olaylar təkcə böyüklərin deyil, uşaqların,
yeniyetmələrin də psixologiyasına öz mənfi təsirini göstərməkdədir.
Reytinqinə görə öndə olan verlişlərdə uşaqların da hüquqlarının
pozulduğunun dəfələrələ şahidi oluruq. Xatırladaq ki, “Azərbaycan
Uşaqlar Birliyi”nın rəhbəri Kəmalə Ağazadə bir müddət  bundan
əvvəl uşaqların hüquqlarının davamlı olaraq pozulması hallarından ciddi
narahatçılıq keçirərək “ATV” telekanalında Xoşqədəm Hidayət qızının
apardığı “Səni axtarıram”, Zaur Baxşəliyevin “Ümid var” verilişlərinə
etiraz etmişdi.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=17028

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031