“Axı Eldar İbrahimov da Cəhridə kəndində qatıq satıb…”

09.02.2015 - 14:23

“Xalqın seçdiyi” bu adama elə gəlmirmi ki, o, bununla özünü çəkib dağ başına qoyur?

 

 

Virtualaz.org saytı Səbuhi
Hüseynov adlı vətəndaşın deputat Eldar İbrahimovun kobudluğundan prezidentə şikayət
məktubunu dərcedib. Oxucularımıza maraqlı olacağını nəzərə alıb həmin məktubu təqdim edirik:

“Hörmətli redaksiya! Milli Məclisin üzvü Eldar İbrahimovun Dövlət Yol
Polisi (DYP) əməkdaşları barədə sözlər məni hiddətləndirib. Deputat
Milli Məclisdəki çıxışında onun maşınının nömrəsini əzbər bilməyən DYP
əməkdaşlarını “dana” adlandırmışdı.

Deputatın həmin sözlərini bir daha xatırladıram: “Serjantlardan
soruşun ki, Milli Məclisin maşınlarının nömrəsi haradan başlayır, harada
qurtarır. Prezident Aparatının nömrələri haradan başlayır, harada
qurtarır. Məni maşına görə tanıyırsınız. Mənim alnıma yazılmayıb ki,
Milli Məclisin deputatı Eldar İbrahimov. Maşın nömrəm 10 AA 409-dur. Siz
bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. Bilməlidirlər ki, bunu
idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin. Deyirlər
ki, məsələ araşdırılıb sizə deyiləcək. Bizim polislərdə bu mədəniyyət
çatmır. Mənə çox gileylər olub və başıma gəlib. Hətta məni də
saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm.
Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu kitabçadan hamıda
var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa
düşmədin? Bu “dana”,- üzr istəyirəm,- haradan gəlib? Bunları işə
götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki,
deputat, prezident, baş nazir kimdir. “.

Mən buradan belə başa düşdüm ki, əgər hər hansı maşının nömrəsi
serjantın cib dəftərçəsinə düşməyibsə, onda o, həmin avtomobilin sahibi
ilə kobud davranmalıdırmı. İbrahimov bunu demək istəyirmi? Bəs “xalqın
seçdiyi” bu adama elə gəlmirmi ki, o, bununla özünü çəkib dağ başına
qoyur? Bəlkə özünü istinad nöqtəsi sayır?

Bu “deftat”ın hansısa işgüzar təklifi və ya çıxışı barədə mətbuatda
heç vaxt heç nə oxumamışam. O, ümumiyyətlə heç nə ilə yadda qalmayıb. O,
ümumiyyətlə, orada niyə oturur, şalvarının ütüsünü niyə pozur?
Boş-boşuna maaş alır? Sənə deputat kreslosu və nişanı veriblər (məlum
deyil hansı xidmətinə görə), sakitcə otur və Allahına bir ömür boyu
şükür elə. Amma özünü elə çəkir ki, bunun qarşısında sanki az qala hamı
təzim etməli, DYP əməkdaşları isə hərbi salam verməlidir.

Bəs sən özün kimsən? Hə, deputat! Amma yuxarılardan xeyir-dua olmasaydı, deputat ola bilərdinmi?

Bu məqamda prezidentin sadəlik və təvazökarlıq haqda dediklərini yada
salmaya bilmirsən. Bizim əksər məmur və deputatlarda məhz bu iki
keyfiyyət çatışmır. Deputatlar xalqın xidmətçisidir, onun başının ağası
deyil.

Mən deputat İbrahimovun DYP əməkdaşlarının ünvanına dediyi həmin
sözləri çap edib Prezident Administrasiyasına göndərdim ki, başqalarının
mədəniyyəti, mədəni səviyyəsi barədə mülahizələr irəli sürən bu adamın
“mədəniyyəti”ni orada da görsünlər.

Eldar İbrahimov, xahiş edirəm ki, bunu yadda saxlayasınız: siz özünüz
də yer belləyən kəndli və fermer, mal-qara otaran çoban, yaxud köhnə
ayaqqabının altlığını dəyişən çəkməçi kimi bir vətəndaşsınız. Axı siz
özünüz də həyatınıza uzaq Naxçıvan kəndi Cəhridəki balaca piştaxta
arxasında qatıq satmaqla başlamısınız. Yadımdadır ki, həmin illərdə mən
sizdən tez-tez qatıq alırdım. Mənim də qohumlarım Naxçıvandandır…

Bütün vətəndaşların hüquqları eynidir. Deputatların məsuliyyəti isə
sadə vətəndaşların məsuliyyətindən daha çox və böyükdür. Deputat
imtiyazlarından məhrum olandan sonra əldə çubuq yolda dayanıb “lazımi”
maşınların nömrələrini əzbərləmək kimi hallar da mümkündür…”

 

Short URL: http://www.cumhuriyyet.net/?p=17062

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728