6 il sonra Rail Rzayevin qətlinin sensasion təfərrüatları üzə çıxdı

10.02.2015 - 00:21

Fevralın 11-də müdafiə nazirinin sabiq
müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının
keçmiş komandanı, general-leytenant Rail Rzayevin öldürülməsinin 6-ci
ili tamam olur. Rzayev öldürüldü, ancaq qatil və sifarişçi bu gün də
məlum deyil… 

Adi günlərdən biri…
R.Rzayev üçün
həmin gün adi günlərdən biri idi. O, günlərlər, aylarla, illərlə hərəkət
etdiyi marşrut üzrə iş yerinə getməli idi. Qətldən sonra belə aydın
oldu ki, bunu onu sifariş verən, sifarişi icra edən də bilməmiş olmayıb.
Generalı güdüblər. Hərəkət trayektoriyasını müəyyən ediblər. Bəs necə
olub ki, xüsusi xidmət orqanları bundan xəbərsiz olub? Sual bu gün də
açıqdır… 
Sürücü generalı hospitala çatdırsa da…
Həmin
gün genaral adəti üzrə evdən çıxıb Azərbaycan Müdafiə Nazirliyindəki iş
yerinə getmək üçün xidməti maşına əyləşib. Generalın olduğu xidməti
maşını evinin təxminən 200-300 metrliyində – İ.Qutqaşınlı küçəsi, 125
ünvanının qarşısında, S.S.Axundov adına 172 saylı orta məktəbin
yaxınlığındakı zibil qutularının yanında dayanıb. Sürücü evdən götürdüyü
zibil dolu torbanı yanında saxladığı zibil qutularına atmaq üçün
maşından düşüb. Geri dönəndə isə generalın ağzından qan axdığını,
maşının arxa şüşəsində güllə dəliklərinin olduğunu görüb. Sürücü
generalı hospitala çatdırsa da, artıq gec olub…   
Generalı öldürmək üçün ideal yer seçilib!!!
Hadisə
yerində olan istintaqçılar gördüklərindən  belə qənaətə gəliblər ki,
hadisə yeri qətl törətmək üçün ideal hesab oluna bilər. Bu yer təsadüfi
seçilməyib! Generalın öldürüldüyü yerdəki zibil qutularının yanında üzü
aşağı pilləkənlər var. Həmin pilləkənlər ötən əsrin 50-60-cı illərində
tikilən həyət evlərinin arasına gedən yola düşür. Oradan isə Bakının
dörd bir tərəfinə, ən əsası kameraların “göz”ündən iraq hərəkət
imkanları yaradır.  Qatil generala açdığı atəşlərdən sonra sakitcə həmin
pilləkənlər vasitəsi ilə ərazidən uzaqlaşa bilər. 
Generalı kapüşonlu qatil öldürüb
Bu
versiya sonradan təsdiqini tapıb. İstintaqçılar zibil qutuların
qoyulduğu yolun əks tərəfində quraşdırılan, “Azərbaycan Beynəlxalq
Bank”ın İnşaatçılar prospektində yerləşən əsas binasının izləmə
kameralarına düşüb. Həmin kameraların yaddaşındakı kadrlara baxan
istintaqçılar kapüşonlu (yağmurluqlu) idman geyimində olan, kapüşonu
üzünü örtmüş bir şəxsin ərazidə o tərəf-bu tərəfə qaçdığını müşahidə
ediblər. 
Sürücü maşından düşüb zibil qutularına yaxınlaşarkən – atəş, atəş, atəş…
Görüblər
ki, Rzayevin sürücüsü maşından düşüb zibil qutularına yaxınlaşarkən
həmin idman geyimində olan şəxs maşına generalın oturduğu tərəfdən,
qaçış tempini dəyişmədən yaxınlaşır və geri dönərək sola burulmaqla
pilləkənlərdən üzü aşağı düşməklə kameraların əhatə dairəsindən itir.
Həmin videoyaddaşda kapüşonlu şəxsin generalın olduğu maşınına atəş
açarkən sürücünün buna reaksiya verməməsi də diqqəti çəkib. Axı necə ola
bilər ki, yaxınlıqda atəş açılır, güllənin tapançanın lüləsindən
çıxarkən yaranan səsi 3 addımlıqda dayanan sürücü eşitmir, atəşə
reaksiya vermir? Bu məqam araşdırılıb. Belə qənaətə gəlinib ki, qatil
generala səsboğucusu olan silahdan atəş açıb. Həmin gün havanın yağmurlu
olmasını, 5 addım o tərəfdə, İnşaatçılar prospektində şütüyən
maşınların uğultusunu nəzərə alanda sürücünün atəş səslərini eşitməməsi
mümkündür.
Kapüşonlu qatil 10-15 gün Rzayevi güdüb!
Həmçinin
məlum olub ki, qatil ərazidə 10-15 gün əvvəldən peyda olub. Hər gün
səhər general işə getməzdən 10-15 dəqiqə əvvəl əraziyə gələn kapüşonlu
qatil, generalın maşını ərazidən keçəndən 10-15 dəqiqə sonra oranı tərk
edib. Əgər kənardan qatili həmin günlərdə kimsə müşahidə etsəydi, onun
ərazidə o tərəf – bu tərəfə qaçaraq sadəcə idman etdiyi qənaətinə
gələrdi. Odur ki, ona xüsusi olaraq heç kim diqqət verməyib. Bakı
küçələrində səhərlər qaçaraq idman edən çox adam var. İstintaqçılar belə
qənaətə gəliblər ki, qatil həmin günlər ərzində ərazini, oradan
generaldan savayı hərəkət edənləri də müşahidə etməklə vəziyyəti
qiymətləndirib. Maraqlı məqamlardan biri də videokameraların qatilin
üzünü fiksə etməməsidir. Qətl günü və ondan əvvəlki günlərin
videoyaddaşında həmin şəxsin ərazidə idman etdiyi açıq-aydın görünür.
Lakin onun üzü kapüşonu burnunun üstünə qədər çəkdiyindən görünmür.
Qatil qətldən sonra onu ələ verə biləcək məqamları xırdalığına qədər
nəzərə alıb və qətldən sonra əraziyə gəldiyi pilləkənlər vasitəsi ilə
oradan uzaqlaşıb… 
Ötən 6 ildə nə dəyişdi?
Ötən
6 il qətl baş verəndən sonrakı günlərdə səslənən fikirləri də
təsdiqləmiş oldu. Bilindi ki, R.Rzayevin qətlinin istintaqı da akademik
Ziya Bünyadovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun
qətllərinin istintaqı kimi imitasiyadan o yana keçmir. 
Əsas
cinayət işinin ətrafında “var-gəl” edən istintaqçılar ili-ilə calamaqla,
günahsız insanları istintaqa cəlb etməklə hrəkətlilik görüntüsü
yaradırlar. Beləcə 6 il ötdü.
Səfər Əbiyev Rzayevin yasına niyə gəlmədi? 
6
il əvvəl R.Rzayev qətlə yetiriləndə onun birbaşa tabe olduğu şəxs –
nazir Səfər Əbiyevin Bakıda olmadığı haqda rəsmi məlumat yayıldı. Həmin
məlumatlarda S.Əbiyevin vacib xarici səfərdə olduğu deyilirdi. Amma
sabiq naziri öz müavininin 3 mərasimində də görən olmadı. Sonradan
R.Rzayevin 7 mərasimi və 40 mərasimi də beləcə keçdi. Səfər Əbiyev
müavininin yasına getmədi, heç onun qətlinin üstünün açılması üçün də
hansısa addımlar atmadı. Hər halda, Səfər Əbiyevin belə bir təşəbbüslə
çıxış etməsini eşidən olmayıb. Maraqlı məqamlardan biri də general
Rzayevin ölümündən 1 həftə əvvəl S.Əbiyevə raport yazaraq izlənilməsi
haqda məlumat verməsi ilə bağlıdır. Bu xəbər bu günə qədər təkzib və ya
təsdiq olunmayıb. Əbiyev istefaya göndəriləndən sonra da bu mövzuda
danışmamağa üstünlük verir. 
Özünə ölümündən az əvvəl qəbir yeri sifariş verən general
Əvvəlki
illərdə yazmışdıq, bir də yada salaq. Generalı həmin gün tələm-tələsik,
demək olar ki, ildırım surəti ilə dəfn etdilər. Bunun ardınca da xəbər
yayıldı ki, R.Rzayevin qəbri hələ o öldürülməzdən əvvəl qazılıb. Onun
dəfn mərasiminə nazirlərdən heç kim qatılmadı. Dəfndən sonra xəbər
yayıldı ki, R.Rzayev ölümündən az müddət əvvəl II Fəxri Xiyabana gedib.
Orada özünə qəbir yeri sifariş verib. 
General öz qəbir yerini təsadüfən seçib? 
R.Rzayevin
özü üçün, həm də ölümündən az əvvəl seçdiyi  yer 2005-ci ildə sifarişlə
qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun
məzarı yaxınlığında yerləşir. 
Versiyaları araşdırmaq istintaqın işidir
Qətl
baş verən gün prezident yanında hüquq-mühafizə orqanlarının
rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə cinayətin
tezliklə açılması üçün xüsusi əməliyyat-istintaq qrupunun yaradılması,
ən peşəkar əməliyyatçı və istintaqçıların ora daxil edilməsi tapşırığı
verildi. Lakin yaradılan istintaq qrupu bu günə kimi yerində sayır. Bu
günə qədər generalın qətli ilə bağlı ən müxtəlif versiyalar səslənib.
Versiyaları araşdırmaq istintaqın işidir. Amma görünür, istintaqçıların
öz işini görmək üçün kifayət qədər vaxtları olsa da, generalın qətlini
açmaqda nədənsə aciz qalıblar. Belə xəbərlər də vardı ki, bu acizlik heç
də istintaqçıların qeyri-professionallığı ilə bağlı deyil. İstintaq
davam edir. Nəticə isə sadəcə yoxdur!!! (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=17079

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930