“Lamiyə işi”nə görə səs-küylü həbslərin anonsu verildi

10.02.2015 - 13:02

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə
müəssisəsində cəza çəkən məhbus Lamiyə Quliyevanın ötən ilin oktyabrında
uşaq doğması və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş
Prokurorluq tərəfindən birgə araşdırmalar aparılır. “Azərtac” xəbər verir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər
üzrə istintaq idarəsində aparılan ilkin araşdırmalarla müəyyən edilib
ki, Lamiyə Quliyeva ümumiyyətlə zorlanmayıb. Həmçinin onun dünyaya
gətirdiyi uşağın atasının şəxsiyyəti məlumdur. 

Baş Prokurorluqdan bildiriblər ki, Lamiyə Quliyevanın 2010-cu ildə
Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq
təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə
təqsirləndirilməsinə dair məhkəmənin hökmünə gəldikdə isə cəzanın
ağırlığı ilə bağlı həmin hökmdən Baş Prokurorluq tərəfindən apelyasiya
protesti verilib və yaxın vaxtlarda həmin protestə Apelyasiya
Məhkəməsində baxılacaq.
Araşdırmalar zamanı qanun pozuntuları halları aşkarlanarsa, bu
pozuntulara yol vermiş vəzifəli şəxs və ya şəxslərin məsuliyyətə cəlb
edilməsi təmin olunmaqla nəticəsi barədə ictimaiyyətə geniş məlumat
veriləcək. Deputat Çingiz Qənizadə isə “Lamiyə işi”nin fonunda məhbuslara
uzunmüddətli görüşün verilməsi qaydalarından danışıb. O, modern.az-a
açıqlamasında bildirib ki, qanunda məhbusun uzunmüddətli görüşü ancaq
ailə üzvüləri ilə nəzərdə tutulub: “Bura valideyinlər, həyat yoldaşı,
övladlar daxildir. Amma hazırki durumda hər hansı bir məhkumun istədiyi
şəxsdən uzunmüddətli görüşü nəzərdə tutulmayıb. Uzunmüddətli görüş otaq
şəraitində olur. Yəni onları heç kim narahat etmir, onlar görüşürlər,
istirahət edirlər, orda qalırlar. Qanunda belə bir qayda yetkinlik yaşı
ötmüş məhbusların cinsi tələbatının ödənilməsi üçün nəzərdə tutulmayıb”.
Bu arada aznews.az saytı Aslan Aslanovun oğlu qətlə yetirilən dövrdə
Şəmkir polisinin rəisi olmuş Akif Göyüşovla müsahibəni yayıb:
– Akif müəllim, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlini xatırlayırsınızmı?
– Bəli, əlbəttə… 
– Hazırda hüquq-mühafizə orqanlarının qətl işi ilə bağlı
yenidən araşdırmağa başladığı barədə məlumatlar var. Hətta deyirlər ki,
həmin dövrdə rayon rəhbərliyində çalışan şəxsləri dindirməyə
başlayıblar… Bununla bağlı sizi harasa dəvət ediblərmi?
– Xeyr, mən heç yerə çağırılmamışam. Əvvəla, mən hadisə baş verən
vaxtda məzuniyyətdə olmuşam. Ona görə də heç nədən xəbərim olmayıb.
– Bəs məzuniyyətdən qayıdandan sonradamı araşdırmanın gedişatından xəbər tutmadınız?
– Mən məzuniyyətdən qayıdanda iş artıq istintaqa təhvil verilmişdi. Biz də istintaqın işinə müdaxilə edə bilməzdik. 
– Lamiyənin anası mətbuata müsahibəsində deyib ki, qətldən
sonra Ruslanın münasibətdə olduğu 100-ə yaxın qadın polisə çağırılıb və
ifadəsi alınıb. Bu doğrudurmu?
– Bu dedikləriniz hamısı istintaqın işinə daxildir. Yaxşı olar ki,
sullarınızı istintaqda çalışmış adamlara ünvanlayasınız. Biz istintaqın
başının üstündən sorğuya adam gətirə bilməzdik. Onların işinə müdaxilə
etməyə səlahiyyətimiz çatmır.
– Iddialar var ki, Aslan Aslanov qanunsuz həbslər etdirirmiş,
özü də polisin əli ilə. Həmin dövrdə də Şəmkirin polis rəisi siz
olmusunuz… 
– Polisin kimisə həbs etməyə ixtiyarı yoxdur. Həbsi prokurorluq edir,
tutmaq üçün icazəni də məhkəmə verir. Polisin 3 saatdan artıq adam
saxlamağa icazəsi yoxdur.
– Amma məlumatlardan görünür ki, rayonda həmin vaxt siz dediyiniz qanun yox, Aslanovun öz qanunları işləyirmiş…
– Mən həmişə qanunlara riayət etmişəm.
– Belə bir məlumat da var ki, Ruslan Aslanovun qətlinin
araşdırılması işinə hərbi polis də cəlb olunub. Meyitin də məhz hərbi
polis tərəfindən tapıldığı bildirilir…
– Bu haqda mənim heç bir məlumatım yoxdur. Hərbi polisin bu işə necə
cəlb olunması barədə heç nə bilmirəm. Dediyim kimi, mən həmin vaxt
məzuniyyətdə olmuşam.
Xatırladaq ki, Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət
Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən
təqsirləndirilən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev
2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun
oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Ağır Cinayətlərə Dair
Işlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva
isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə isə Lamiyə
Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq
təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə əlavə cinayət işi
başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay
artırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=17088

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728