Lənkəranda “zapravka”ya silahlı basqın edən maskalılar tutuldu
Lənkəranda yanacaqdoldurma məntəqələrinə silahlı basqın edən şəxslər zərəsizləşdirilib.
Bu barədə APA-ya Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Nizami Məhərrəmov məlumat verib.
Onun sözlərinə görə, rayonun Yuxarı Nüvədi kənd sakini Elvin Sakit
oğlu Mürşidov tanışı Seymur Xeyrulla oğlu Əkbərovla birlikdə qabaqcadan
əlbir olaraq gecə saatlarında rayonun Parakənd qəsəbəsi ərazisində
yerləşən “Teymur Petrol” yanacaqdoldurma məntəqəsinə silahlı basqın
edib. Üzlərinə maska taxan hər iki şəxs məntəqənin gözətçisi Ağamoğlan
Həsən oğlu Həsənovu tüfənglə hədələyərək zor tətbiq etməklə kassada olan
40 manat pulu götürüblər.
Elvin Mürşüdov və Seymur Əkbərov daha sonra rayonun Kosalar kəndi
ərazisində yerləşən “LEN Petrol” yanacaqdoldurma məntəqəsinə eyni üsulla
basqın edərək, məntəqənin operatoru Ramin Şəmsəddin oğlu Əhmədovun
üstünə tüfənglə hücum çəkməklə kassada olan 860 manat pulu ələ
keçiriblər.
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində quldurluqda təqsirli bilinən Elvin Mürşüdov və
Seymur Əkbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Onların
istifadə etdikləri tüfəng, maska və mənimsədikləri pulun müəyyən hissəsi
maddi sübut kimi götürülüb. Daha sonra onların üzərlərinə baxış
keçirilərkən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq
müsadirə olunub.
Dindirilmə zamanı hər iki şəxs törətdiyi əməli etiraf edərək bundan peşman olduqlarını bildirib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 181.2.1.,
181.2.2., 181.2.3 və 181.2.5-ci maddələri ilə cinayət işi açılıb,
araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=17097