Qəbiristanlığın diri sakinləri: sədəqə ilə dolanan ana və qızın faciəli həyatı
Onlar
Lökbatan qəbiristanlığının azsaylı diri sakinlərindəndir. Əslən Xaçmaz
rayonundan olan Nərgiz Xələfova qızı 13 yaşlı Mariya ilə artıq 4 ildir
bu qəbiristanlığın bir küncündə yerləşən evə sığınıb. Əslində, buranı ev
adlandırmaq bir az ədalətsiz olardı. Qəbirlərin arasında yerləşən
ikigözlü bu daxmanın divarları və üstü heç suvanmayıb da. Yayda
ilanların məskəni olan daxma qışda da çaqqalların daldalanacağıdır.
Hansısa uzaq Somalidə və ya döyüşlər gedən Suriyada belə bir yerdə
insanın yaşaması mümkün görünsə də, Azərbaycanda belə bir daxmanın
yaşayış üçün istifadə olunması məni nə qədər təəccübləndirdi…
Bizi daxmanın girişində qarşılayan balaca küçüklər oldu.
Yəqin ki, itlərin hürüşməsindən qonaq gəldiyini anlayan ev sahibəsi də
həyətə çıxdı. İki marşrut dəyişib və 10 kilometrdən artıq piyada yol qət
edərək çətinliklə, yarıdonmuş vəziyyətdə evə çatdığımızdan özümüzü
tələsik içəri atdıq. Otaq kiçik və pəncərəsi olmayan yarıqaranlıq bir
yer idi. Burada yaşamağın, həm də 4 il yaşamağın nə qədər mümkün
olduğunu xəyalımda canlandırmağa çalışdım.
Qəbiristanlıqda yaşayan və dünya ilə əlaqəsi, demək olar ki, tamamən
kəsilmiş müasir robinzonların həyatından publika.az-ın reportajını təqdim edirik.
Küçədə çarpayı və iki gecə…
Bizə tələsik çay süzən Nərgiz xanım dərdini elə girişsiz-filansız
danışmağa başladı. Söhbət zamanı məlum oldu ki, Nərgiz Xələfova əvvəldən
evsiz-eşiksiz olmayıb. Əvvəllər evi və bir neçə maşını olsa da,
sonradan xəstəliyi üzündən əməliyyat olunan qadın bütün var-dövləti ilə
yanaşı evini də itirib. Xaçmazın Bostançı kəndində 13 sot torpağı olsa
da, orada ev tikməyə imkan tapmayıb. Onun sözlərinə görə, həmin torpağa
heç 2 min manat pul verməzlər. Hətta satsa belə, o pulla ev tikmək
mümkün deyil: “Kimsə ev tiksə, torpaqdan bir hissəsini verərdim, mənə
də, özünə də 2 ev tiksin. Amma belə adam tapmadım. Satlığa da qoymuşam,
alan olmayıb. Elə bir imkanlı qohumum da yoxdur, qardaşlarım hərdən
kömək edirlər, bazarlıq edirlər. Onların da imkanları yoxdur”.
Bura yerləşəndə hamının onu qınadığını deyən Nərgiz Xələfovanın
sözlərinə görə, əvvəlcə qəbiristanlığın yaxınlığında olan “katelni”
deyilən binada kirayədə qalıb. Sonra həmin yerin sahibi Nazim Həsənov
onları küçəyə atıb. Hətta əşyalarını toplamağa belə imkan verilməyib:
“Nə qədər əşyalarımız, taxta-şalban, daş və s. tikinti materiallarımız
var idi. Onları da qatıb buldozerin qabağına kürüyüb atdılar. Nə qədər
yalvardım ki, mən qadınam, heç olmasa, mənə iki gün vaxt ver, bunları
daşıyıb aparım. Sözümə baxmadı. O qədər materialla ev tikmək olardı.
Mənə dedilər ki, ağlama, sızlama, sənə 4 min daş verərik. Lakin onu da
eləmədilər…”
Bu hadisədən sonra çarpayısını küçəyə qoyaraq bir-iki gün orada yatıb.
“Mənə dedi ki, sənə elə bir dərd vuracam ki, heç vaxt yadından çıxarmayacaqsan…”
Əvvəllər Binəqədi rayonunda evi olduğunu deyən qəbiristanlıq sakinin
sözlərinə görə, vaxtilə həyat yoldaşı onlarla çox pis rəftar edib. İş o
yerə çatıb ki, bir yerdə yaşamaq mümkün olmadığı üçün ayrılıblar: “Hər
gün səhər işə gedəndə mənə deyirdi ki, səni elə bir dərdə salacam ki,
heç vaxt çarəsini tapmayacaqsan. Qızlarıma görə çox qorxurdum,
fikirləşirdim ki, mənim iki qızım var, ondan başqa nə dərdim ola bilər
ki? İşə gedərkən yoldan geri qayıdırdım ki, birdən qızlarıma nəsə edər.
Elə onun ucbatından da boşandım. Dedim ki, belə kişinin olmasındansa,
olmaması yaxşıdır”.
N. Xələfovanın sözlərinə görə, yaxşı günündə yanında olanlar pis
günündə qapısını döymürlər. Bu gün pulu yoxdur deyə maraqlanan da
yoxdur. Qadının yeganə ümid yeri xeyirxah insanlardır. Ayağa qalxmaq
üçün kömək istəyən qadın yaxşı insanların onun səsini eşidəcəyi ümidi
ilə yaşayır.
“Mənim uşağım yaxşı oxuyur, əlaçıdır. Amma bu çətinliklər ucbatından
məktəbə bir gün gedir, üç gün getmir. Səhər hava alaqaranlıq olur, qızım
da məktəbə getməyə qorxur. Uşaqdı da, qorxudublar onu. Deyir ki, yolun
qırağında ağ paltarlı adam görürəm. Yolda mühafizə işçiləri olanda onu
itlərdən keçirirlər. Biz burada çox qorxuruq, xüsusən də gecələr.
Qızımın dodağı qorxudan uçuqlayıb. Heç sağalır ki…”
Qəbiristanlıqda itlərin çoxluğunun biz də şahidi olduq. Çaqqallar
daha çox gecələr olur. Nərgiz xanımın sözlərinə görə, burada o qədər
çaqqal var ki, elə bil ərazidə əslində çaqqallar yaşayır, bu ailə isə
onlardan müvəqqəti yer alıb. Yayda da ilan əlindən evdə oturmaq mümkün
deyil. Onlardan əvvəl burada bir mollanın yaşadığını deyən qadının
sözlərinə görə, indi yatdıqları otaqda həmin molla əvvəllər toyuq-cücə
saxlayıb:
“Biz bura gələndə həmin molla bizdən bu yerə görə ayına 100 manat
istədi. Dedim ki, axı buranı sən tikməmisən. Mənim imkanım olsa, gedib
babat bir yerdə qalaram da… Mən köçəndə otaqların birinin üstü yox
idi, onu mən özüm vurmuşam. Əvvəlcə taxta düzdüm, sonra üstünü
torpaqladım. Hamısını özüm öz əllərimlə elədim. Bura da xəlvətcə gəlib
yığışmışam”.
Nərgiz xanım danışa-danışa bizə ilanların düşdüyü yeri də göstərdi.
İlanlar evin tavanındakı deşikdən evə doluşublar. Həmin mənzərəni
düşünmək belə dəhşətlidir.
“Aylarla iylənmiş suyu içirik”
Amma ilan və çaqqal bu daxmanın yeganə problemi deyil. Onlar burada
içməyə suyu da çətinliklə tapırlar: “Suyu da zülmlə tapırıq içməyə. Heç
kim olmayanda bir şlanq tapıb qəbirlərin arasında olan krandan evə su
gətiririk. Qablarımızı tez doldururuq. Olur ki, aylarla həmin saralmış,
iylənmiş suyu içirik. Həmin qəbiristanlıqdan gələn suyu içirik də,
onunla yuyunuruq da, qab-qacağımızı da yuyuruq”.
N. Xələfovanın sözlərinə görə, qışda isinmək üçün meşədən yığdıqları
qozalardan istifadə edirlər. Daxmanın işığı da yalnız ancaq gecələr
olur. Odun yarmaq üçün bir neçə baltaları olsa da, həyətdən onu da
oğurlayıblar. Əlacı hər yerdən üzülən qadın odunu lomla, daşla doğrayır.
Çox çətinlik çəkdiyini deyən Nərgiz xanımın sözlərinə görə, keçmiş
həyat yoldaşı ilə rəsmi nikahı da olmayıb: “Bu da belə bir həyatdı,
yaşamışıq, çətinliklər də başımıza gəlib… Dolanşığımız da çox
çətindir. Uşağın atası rəhmətə getdiyindən heç aliment də almaq ehtimalı
yoxdur”.
Xaçmaz Rayon İcra Hakimiyyətinə kömək üçün müraciət etsə də, cavab belə olub: “indi imkanımız yoxdur, olanda sənə kömək edərik”.
Onun tək istəyi doğma kəndində olan torpağında heç olmasa balaca bir
daxmasının olmasıdır: “Mənə Xaçmaz Rayon İcra Hakimiyyətindən dedilər
ki, sən qaçqın, köçkün deyilsən, şəhidin də yoxdur. Sən cavansan,
gözəgəlimli qadınsan, işləyə bilərsən. Get, özünə iş axtar. Mən
borc-xərc edib, hərədən bir-iki manat alıb gedirəm Xaçmaza, amma kömək
edən olmur. Ancaq vəd verirlər. İndi də gözləyə-gözləyə qalmışam. Ancaq
kimin adamı var, onun üçün qabağa düşüb edirlər. Mənim kimisini isə
arxası, adamı olmadığına görə ələ salırlar”.
“Qəbiristanlığa gələnlərin verdiyi sədəqə ilə dolanırıq”
Nərgiz xanımın sözlərinə görə, onun əlində olan hər şeyi itirməsinə
səbəb xəstəliyi olub. 3-4 əməliyyatı birdən keçirən qadın evindən,
işindən, bir sözlə, hər şeydən olub. Lakin pulu getsə də, dərdinə əlac
da olmayıb: “Sağ böyrəyimin üstündən sol böyrəyimin üstünə kimi
kəsiblər. Göbəyimi də çıxarıblar. Həkim dedi ki, istəsən göbək qoya
bilərik, amma 1200 manat pul lazımdır. Lakin ona verməyə pulum yox idi,
dedim elə göbəksiz də yaşayaram. Böyrəyimin üstündə və yumurtalıqlarımda
kistalar var idi. Əməliyyat olunandan sonra müalicə oluna bilmədim deyə
qarnıma su yığıldı. Bir neçə dəfə həmin suyu həkim təzədən çıxarıb.
Qarın hissəni indi də hiss eləmirəm”.
Tamam sağalmağı üçün pul lazım olduğundan, ona da imkanı yoxdur.
Bəzən 10 gün yerindən qalxa bilmədiyini deyən Nərgiz xanımın sözlərinə
görə, ona kömək edən qızı Mariyadır. Elə Nərgiz xanımın əsas narahatlığı
da qızındandır.
“Gələn də soruşur ki, istəyirsən, kömək edək, qızını uşaq evinə
yerləşdirək. Bunu da istəmirəm və bu sualı verəndə çox pis oluram. Axı
mən sağ ola-ola balam niyə internata yerləşdirilməlidir ki? Kim istəyər
axı gözü görə-görə uşağı internata yerləşdirilsin?”
“Əgər Xaçmazda mənə kredit verilsəydi, bəlkə də, bir təhər ev tikə
bilərdim”, deyir Nərgiz xanım. Amma krediti də vermək üçün girov
qoymağa ev lazım olduğundan bu da mümkün olmayıb.
“Mənə qəbiristanlığa gələnlərdən kimin yazığı gəlsə, pul verir. Nə
yalan deyim, sədəqə ilə dolanırıq. Başqa bir işimiz yoxdur. Bizə
qəbiristanlıqda işi kim verər ki? Burada mollalar var, onlar heç kimə
imkan vermir. Elə bil buranı icarəyə götürüblər. Elə gün olur ki, evdə
səhərdən axşama qədər yeməyə bir parça çörəyimiz olmur. Yaxında heç
mağaza da yoxdur. Əslində, imkanım da yoxdur ki, bir kisə un alıb evə
qoyum, çörək olmayanda bişirim, yavan da olsa yeyək… Meşədən
yığıdığımız qozalarla da necə çörək bişirə bilərəm ki? Kimdən kömək
istəyim, bilmirəm. Böyük qızım ailəlidir, 4 uşağı var. Onun da yoldaşı
karyerdə işləyir. Çox çətinliklə dolanırlar, kirayə qalırlar. Onlardan
nə kömək istəyim? Ancaq qəbiristanlığa gələnlərdən kimsə gətirib nəsə
versə, onun ümidinə qalmışıq. İş yeri də yoxdur”.
Ömrü boyu kişi işində, metal zavodunda işlədiyini, alver etdiyini
deyən qadın işləmək istəyir. Amma iş üçün hara müraciət edib, hansı
qapını döyübsə, cavab mənfi olub: “İş ancaq kafedə var, orada da işləyə
bilmirəm. Çünki sərxoş, avara, hər cür adam gəlir və onların
hərəkətlərini də başım götürmür. Ona görə mənim üçün çətindir. Sədərəyə,
Binəyə də getmişəm, orada da 20-25 yaşlı xanımları işə götürürlər. Məni
işə götürmədilər”.
İllərlə müalicə olunan, xərçəngə qədər müxtəlif diaqnozlar
qoyulan, bütün var-dövlətini itirən, indi bir çörək puluna möhtac qalan
bu qadın nə qədər zülm görsə də, qürurunu itirməyib. Bircə ona şükür
edir ki, pis yola düşməyib. Qazandığı pulu da əziyyət çəkərək qazanıb.
Nərgiz xanımın başına gələnlər o qədər təsirli idi ki, stolun üstündəki
çay da yadımızdan çıxıb soyumuşdu. Daha onu içə bilmədik. Bütün
bunlardan sonra boğazımızdan bir qurtum su da keçməzdi. Sanki onun
köməksiz vəziyyətdə qalmasında biz günahkar idik. Bəlkə də günahkar
idik, bilmirəm.
Gülnar Əliyeva
FOTO: Elçin Murad
Short URL: http://www.cumhuriyyet.net/?p=17143