Neftin qiyməti yenə düşdü, dollar da ucuzlaşdı
Ekspertlərə görə, neftin qiymətinin ucuzlaşması Azərbaycanın dövlət büdcəsinə öz təsirini ilin ilk ayından göstərməyə başlayıb
Dünya bazarında neftin
qiyməti yenə aşağı düşüb. Bu, ABŞ-da xammalın kommersiya ehtiyatları
üzrə məlumatların nəşri ərəfəsində baş verib.
Məlumata
əsasən, 1 barel “Brent” markalı neftin mart fyuçers qiyməti 3,9 faiz
azalaraq, 54,67 dollara düşüb. 1 barel WTI markalı yüngün neftin qiyməti
isə 3,2 faiz azalaraq, 48,91 dollar təşkil edib. Markalar fevralın
5-dən müvafiq olaraq, 55 və 50 dollarlıq psixoloji həddən aşağı düşüb.
Qeyd
edək ki, Ukraynada artıq başa çatan Minsk zirvəsindən və “atəşkəs”dən
dərhal sonra dollarla bağlı hərəkətlilik müşahidə edilib. Belə ki,
dollar yenidən ucuzlaşıb.
İstanbul birjasında
qiyməti qalxan ABŞ valyutasının məzənnəsi enməyə başlayıb. Bir dolların
2,50 TL-yə satıldığı birjada hazırda dollar 2.48 TL-yə satılır və
analitiklər dolların daha da ucuzlaşacağını proqnozlaşdırırlar.
Qeyd
edək ki, Minsk zirvəsi barədə açıqlama verən Rusiya prezidenti Vladimir
Putin atəşkəs elan edilməsi mövzusunda anlaşdıqlarını vurğulayıb.
Yerli
ekspertlər isə bildirirlər ki, ölkənin neft sərvətlərinin idarəçiliyi
iflasa yön alıb. Belə ki, Dövlət Neft Fondu investisiya portfelində bir
neçə istiqamətdə yerdəyişmə edib. İstiqraz kağızlarına 29,6 milyard,
depozit və pul bazarı alətlərinə 2,5 milyard, qızıla 1,1 milyard,
daşınmaz əmlaka 1 milyard, layihələrə yarım milyard, səhmlərə 2 milyard
ayrılıb.
Fond qızıl istisna olmaqla, iri
maliyyə vəsaitlərini cüzi faizlərlə əcnəbi ölkələrə yönləndirib. 2014-cü
il ərzində istiqrazlar 0,7 faiz, depozit və pul bazarı alətləri 0,18 və
0,01 faiz, səhmlər 0,35, daşınmaz əmlak 0,24, layihələr 0,00 faiz gəlir
verib. Qızıl isə il ərzində dəyərini artırmayıb, daha da ucuzlaşaraq
ümumi gəlirlilik səviyyəsini 0,05 faiz azaldıb.
Fondun
investisiya portfelinin idarə olunmasından il ərzində 387,2 milyon
manat gəlir götürülüb. Ancaq valyuta məzənnələrində baş verən dəyişmələr
1,6 milyard manat həcmində əlavə xərc yaradıb. Bu hesabla 1,2 milyard
manat itki əmələ gəlib.
Həmçinin Dövlət Neft
Fondunun aktivləri daha 201,2 milyon dollar azalaraq, 37,104 milyard
dollara düşüb. 2014-cü ilin avqust ayı ilə müqayisədə azalma 840,3
milyon dollar təşkil edib. Ötən il valyuta məzənnələrinin dəyişməsindən
yaranan fərq üzrə 1,612 milyard manat büdcədənkənar xərc əmələ gəlib.
Ekspert Rövşən Ağayevin sözlərinə görə, neftin qiymətinin dövlət büdcəsinə təsiri elə ilk ayda özünü göstərib:
“2015-ci ilin yanvarında Vergilər Nazirliyinin xətti ilə daxilolamalar
ötən ilin yanvarına nisbətən 94,5 milyon manat və ya 12,1 faiz azalaraq,
685,9 milyon manat təşkil edib. Bu azalma neft şirkətlərinin, xarici
neft şirkətləri və SOCAR birlikdə vergi ödənişlərinin 108,3 milyon
manat, yəni 24,1 faiz azalması hesabına baş verib. Bu ilin yanvarında
neft sektoru büdcəyə 341,2 milyon manat vergi ödəyib. Ötən ilin
yanvarında isə 449,5 milyon manat ödəmişdi. İlk ayın nəticələrinə görə,
qeyri-neft sektorunun vergiləri isə təxminən 14 milyon manat artaraq
344,7 milyon manata çatıb. Güründüyü kimi, neft sektorundan itirilən
vergilərin təxminən 15 faizini qeyri-neft sektoru kompensasiya edə
bilib. Bu isə onu göstərir ki, “qeyri-neft sektorunda potensial var,
neftdən itkilərin yerini dolduracaq” kimi fikirlər reallığı nəzərə
almadan söylənən fikirlərdir”.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=17146