“Bakı-2015” bu ölkələrdə də yayımlanacaq
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək
birinci Avropa Oyunlarının Yunanıstan və Finlandiyada nümayiş
etdirilməsini təmin etmək üçün yayım sazişlərinə imza atıb.
Komitədən verilən məlumata görə, Yunanıstanda əsas ictimai
yayım təminatçısı olan NERIT (New Hellenic Radio, Internet and
Television) televiziya və onlayn platformaları vasitəsilə birinci Avropa
Oyunlarının gündəlik olaraq canlı yayımını təmin edəcək, eyni zamanda,
möhtəşəm açılış və bağlanış mərasimlərini yayımlayacaq.
Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan “Yle” açılış və
bağlanış mərasimlərinin, eyni zamanda, gündəlik olaraq yarışların canlı
yayımını təmin edəcək və yarışların ən parlaq məqamlarından ibarət video
materialları nümayiş etdirəcək. Sözügedən stansiya yerli yayım şirkəti
olan “International Sports Broadcasting”in veb-sayt və rəqəmsal
platformaları vasitəsilə də Oyunların 800 saatlıq canlı yayımını təmin
edəcək.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş
direktoru Saymon Kleq deyib: “Yunanıstan və Finlandiyanın milli yayım
şirkətləri ilə bu müqavilələrin bağlanması Oyunların Avropada
milyonlarla evdə nümayiş olunmasına səbəb olacaq. İdmanın sevildiyi
ölkələr olan Yunanıstan və Finlandiyada azarkeşlər bu yayım sazişləri
əsasında təmin ediləcək geniş rəqəmsal yayım vasitəsilə öz
idmançılarının çıxışlarını dəstəkləyə biləcəklər və bu çox gözəl
haldır”.
Digər ölkələrlə daha əvvəl bağlanmış yayım müqavilələri də daxil
olmaqla, bu iki yayım müqaviləsi birinci Avropa Oyunlarının dünyanın 49
ölkəsində yayımlanacağı və bütün dünyada bir milyarddan artıq
tamaşaçının yarışları izləyəcəyi deməkdir.
NERIT şirkətinin baş direktoru Piter Mais söyləyib: “Qədim Olimpiya
Oyunlarının vətəni sayılan Yunanıstan dünyada tanınan və dəyər verilən
zəngin idman tarixinə malikdir. Birinci Avropa Oyunları Avropanın idman
tarixində mühüm məqamdır və biz Oyunları ölkəmizdə yayımlayacağımız üçün
böyük fəxr hissi duyuruq”.
“Yle” şirkətinin idman hüquqları və tərəfdaşlar üzrə meneceri Robert
Portman bildirib: “Bakı-2015″ Avropa Oyunlarının Finlandiyada
yayımlanması ölkəmizdəki milyonlarla insanın öz sevimli idmançılarının
çıxışlarını izləmələrinə imkan yaradacaq. Birinci Avropa Oyunları gözəl
şəhərdə qeyd olunan möhtəşəm idman bayramı olacaq və biz 17 günlük
maraqlı yarışları səbirsizliklə gözləyirik”.
Avropa Yayım İttifaqının üzvü olan NERIT şirkətinin əsası 2013-cü ilin
iyun ayında, Yunanıstanın keçmiş ictimai yayım təminatçısı ERT yayım
şirkəti ləğv edildikdən sonra qoyulub. Əsası 1926-cı ildə qoyulmuş Yle
şirkəti də Avropa Yayım İttifaqının üzvüdür və Finlandiyada keçirilən
Olimpiya və Qış Olimpiya Oyunlarını yayımlamaq hüququna malikdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=17150