AMAY Abdulla da hakimiyyətə asi oldu

13.02.2015 - 00:49

“Mənə krediti verən də, məni öz qurumları vasitəsilə haqsız yerə tutan da bu hakimiyyətin adamlarıdır”

Abdulla Abdullayev “qarşıdan çox isti, çox qaynar, çox qızmar havalar gəlir” mesajını verib

 
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin
həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman
Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın
barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Lent.az-ın
məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə
təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə
A.Abdullayevin vəkilləri çıxış edərək onun barəsində olan cinayət işinə
xitam verilməsi, həmin vəsatətin təmin olunmayacağı təqdirdə barəsində
seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər
veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.
Onu da qeyd edək ki, yanvarın 29-da keçirilən iclas zamanı hakim Əfqan
Hacıyev deyib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov
barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılır və o
iş də bu cinayət işi ilə əlaqəlidir. Ə. Hacıyev, bu səbəbdən hakim
heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb. Etiraz baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Həmin
etiraza Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. İş
yenidən hakim Əfqan Hacıyevin icraatına qaytarılıb.
Dünənki prosesdə iştirak edən keçmiş məhbus, “Xural” qəzetinin baş
redaktoru Əvəz Zeynallı da facebook profilində məhkəməylə bağlı
fikirlərini paylaşıb. Onun sözlərinə görə, məhkəmədə qələbəlik olub.
“Ağır və gərgin bir məhkəmə iclası idi. Abdulla çox əsəbi və qəzəbliydi.
Gələn iclasdan məhkəmə zalına başda Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov olmaqla, bir çox dövlət və hökumət
xadimlərini dəvət edəcəyini dedi. Abdulla həbsini siyasi sifarişə və
hakimiyyətdaxili maraqların toqquşmasına bağlayır. “Mən 25 il
gecə-gündüz demədən bu hakimiyyət və bu dövlət üçün çalışdım. Sonu
beləmi olmalı idi?” deyə hayqırır AMAY-ın sahibi. “Mənə krediti verən
də, məni öz qurumları vasitəsilə haqsız yerə tutan da bu hakimiyyətin
adamlarıdır. “Texnikabank”ın, “Milli Bankın” direktorlarını gətirəcəyəm
bura və o zaman hər şey məlum olacaq”. Çox iddialıdır Abdulla
Abdullayev” – deyə Ə.Zeynallı vurğulayır.
 
Abdulla Abdullayev “Çox isti, çox qaynar, çox qızmar havalar gəlir qarşıdan” mesajını da verib.
 
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin
179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan
tədbiri seçilib, o birilər isə zamindədir.
 
Növbəti proses fevralın 19-na təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=17164

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930