Çarhan kəndinin SU PROBLEMİ – Mehriban xanım Əliyevaya MÜRACİƏT

07.04.2022 - 09:21

Müqəddəs Ramazan ayında bundan böyük savab ola bilməz

Hörmətli Mehriban xanım! 

Artıq 8 aydan çoxdur ki, susuz qalan, yay aylarının yaxınlaşması ilə vəziyyəti daha da ağırlaşan Şamaxı rayon Çarhan kənd sakinlərinin adından bu müraciəti sizə ünvanlamağı özümə borc bilirəm. İlk öncə xatırladım ki, həmin kənd sakinlərinin lider səs çoxluğu ilə son bələdiyyə seçkilərində Çarhan kənd bələdiyyəsinə üzv seçilmişəm. Uzun illər mediada fəaliyyət göstərdiyim müddət ərzində də  doğma kəndimin problemlərini diqqətdə saxlamağa çalışmışam. Kənd arası yolların çınqılla örtülməsi və asfaltlanması, yeni məktəb binasının inşa olunması, kəndin qazlaşdırılması üçün media vasitəsilə müxtəlif dövlət orqanları qarşısında təşəbbüs qaldırmışam və rəhbərlik etdiyim saytda bu məsələləri daim diqqətdə saxlamışam. Dövlət başçımızın böyük diqqəti nəticəsində reallaşan bu layihələrdə az da olsa payımın olması məni sevindirir. Amma artıq 8 aydan çoxdur ki, mənə inanaraq səs verən, güvənən insanların qarşısında özümü günahkar hesab edirəm, utanıram. Çünki, dəfələrlə müraciət etməyimə baxmayaraq böyük bir kəndi susuz qoyan, imzaladığı müqaviləyə, verdiyi sözə xəyanət edən bir şəxsin cəzalandırılması üçün əlaqədar dövlət qurumları heç bir tədbir görmür.
Diqqətinizə çatdırım ki, Şamaxı rayon İcra hakimiyyətinin razılığı əsasında 10 oktyabr 2021-ci il tarixində Çarhan kənd bələdiyyəsi və qanunvericiliyə əsasən fəaliyyət göstərən fiziki şəxs Ramazan Kərimov arasında Çarhan kəndinin 4,5 km məsafədə 159 mm-lik köhnə,istifadəyə yararsız su xəttinin yeni 110 mm-lik politelen boru ilə əvəz olunması və su təchizatı ilə təmin olunması barəsində müqavilə imzalanıb. Müqavilənin şərtinə əsasən göstərilən xidmətin dəyəri olaraq köhnə 159 mm-lik 4,5 km uzunluğunda polad borular Ramazan Kərimova təhvil verilib. Bunun əvəzində isə R.Kərimov kəndə yeni 110 mm-lik politelen borularla su xətləri çəkməli idi. Amma R.Kərimov keyfiyyətsiz, istifadəyə yararsız borulardan istifadə etdiyi üçün böyük bir kənd artıq 8 aydan çoxdur ki, susuzluqdan əziyyət çəkir. Borular keyfiyyətsiz olduğu üçün suyun təzyiqinə davam gətirməyərək partlayıb. Amma xahiş edirəm nəzərə alın ki, Ramazan Kərimov su çəkilişində yüksək keyfiyyətli şirkətin istehsalı olan boruları nümunə göstərərək, dələduzluq edərək keyfiyyətsiz borulardan istifadə etmişdir. Beləliklə, bu fırıdaqçı həm rayonun icra başçısı Tahir Məmmədovu, kənd bələdiyyəsini, həm də kənd camaatını ustalıqla aldatmış, xeyli gəlir əldə etmişdir.

Xatırlatmaq istərdim ki, apardığım araşdırma nəticəsində bəlli olub ki, R.Kərimov əvvəllər də belə fırıldaqlarla məşğul olub. Onun polis forması geyinərək şərəfli polis əməkdaşlarının adına xələl gətirərək Ağsuda dələduzluqla məşğul olması haqqında telekanallarda zamanında süjetlər yayımlanıb. R.Kərimovun hazırda da digər ərazilərdə eyni fırıldaqla su xətlərinin çəkilişi ilə məşğul olduğu bildirilir.
Kəndin su problemi barəsində Şamaxı rayon İcra hakimiyyətinin başçısı çox hörmətli Tahir Məmmədova, başçının müavini Hikmət Şikarova müraciət etmişəm. Hər iki hörmətli şəxs çox yaxın zamanlarda bu məsələnin müsbət həll ediləcəyinə söz veriblər. Lakin hesab edirəm ki, göründüyü kimi bu məsələnin həlli onların da imkanı çərçivəsindən kənardır və yaxud bizə məlum olmayan səbəblərdən gecikdirilir. Kənd camaatı isə demək olar ki, susuzdur.

Hörmətli Mehriban xanım!

Mənə və təmsil etdiyim YAP-a etimad göstərmiş kənd camaatımın adından sizə- Azərbaycanımızın xeyirhaxlıq və şəfqət mücəssiməsinə müraciət edərək yardım etmənizi xahiş edirəm. Böyük bir kəndi susuz qoyan Ramazan Kərimovun əməllərinə şəxsən Daxili işlər naziri Vilayət Eyvazov cənabları, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsi Əbülfət Rzayev tərəfindən hüquqi qiymət verilməsinə, Çarhan kəndinə dəymiş maddi ziyanın zərər verənin tərəfindən ödənilməsinə və kəndin keyfiyyətli su xətləri ilə təchiz olunmasına göstəriş verəcəyinizə inanıram. Müqəddəs Ramazan ayında bundan böyük savab ola bilməz. Elə Ramazan ayında Ramazan Kərimovun da əməllərinə görə cavab verməsi İlahi ədalətin təntənəsi olardı. Sizə təmsil etdiyim Çarhan kənd sakinləri adından öncədən təşəkkürümü bildirirəm.

Nicat Mahmudov
Rubrika.Az saytının Baş redaktoru
Çarhan Bələdiyyəsinin üzvü

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173034

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031