Deputat: Prezident xalq birliyi bugünkü inkişafı sürətləndirən başlıca amilidir
Azərbaycanda görülən işlər, həyata keçirilən bütün layihələr təqdirəlayiqdir. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti xalqımızın rifahının daha da yaxşılaşmasını təmin edir.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkəmizdə siyasi, sosial-iqtisadi sahələrdə dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə ətraflı danışıldı. Xalqımız dövlətimizin başçısının Vətən müharibəsindən ötən müddətdə respublikada reallaşdırılan inqilabi xarakter daşıyan genişhəcmli layihələr barədə çıxışını maraqla izlədi.
“Prezident müşavirədə haqlı olaraq qeyd etdi ki, Qarabağın işğaldan azad olunmasına Azərbaycan siyasətində hər zaman prioritet istiqamət kimi yanaşılıb. Təəssüf ki, münaqişənin həllinə məsul ATƏT-in Minsk qrupuna böyük ümidlər bağlansa da, gözləntilər özünü doğrultmadı. Bütün bunlara baxmayaraq, münaqişə hərbi yolla heç bir dəstək, yardım olmadan aradan qaldırıldı, xalqımız tarixi ədaləti bərpa etdi və Minsk qrupunun uzun bir müddətdə reallaşdıra bilmədiyi ədaləti Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günə gerçəkləşdirdi. Bununla Azərbaycan güclü dövlət, böyük xalq olduğunu bütün dünyaya göstərdi, müharibədən sonra isə Cənubi Qafqazda və eləcə də, qlobal arenada yeni reallıqların əsasını qoydu.
Qeyd etmək yerinə düşər ki, möhtəşəm Zəfərimizdən sonra dünya Azərbaycana çox böyük maraq göstərir. Ölkəmizdə biznes əlaqələri yaratmaq istəyi ifadə olunan müraciətlər getdikcə artır. Bu, eyni zamanda, dünyada Azərbaycanın nüfuz göstəricisinin bariz nümunəsidir. Hazırda iqtisadiyyatımız sürətlə inkişaf edir, dayanıqlılıq təmin olunur, əlverişli biznes mühiti, sağlam rəqabət və sabitlik ölkəmizə göstərilən marağı şərtləndirir.
Müşavirədə keçmiş məcburi köçkünləri əzəli torpaqlarına qaytarmaq üçün kompleks tədbirlər görüldüyünü vurğulayan ölkə başçısı bildirdi ki, otuz il düşmən tapdağı altında qalan, yerlə-yeksan olunan şəhər və kəndlərimiz artıq bir ildən çoxdur ki, bərpa edilir, bu ərazilərdə infrastruktur yenidən qurulur, dəmiryolu xətləri, magistrallar çəkilir. Zəngilan və Laçında aeroportların tikintisi sürətlə həyata keçirilir, Füzuli Beynəlxalq Hava Limanını uğurla fəaliyyət göstərir. Bu limanların geniş perspektivlərə yol açmaqla yanaşı, inkişafa, tərəqqiyə mühüm töhfələr verəcəyi də şübhəsizdir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün bunlarla bərabər, körpülər salınır, iş yerlərinin açılmasına müsbət təsir göstərəcək sənaye parkları yaradılır və digər bu kimi işlərin reallaşması planlaşdırılır. Həmçinin müasir innovasiyalara əsaslanan yaşayış evləri tikilir. Şübhəsiz ki, bütün bunları Azərbaycan öz daxili gücü hesabına həyata keçirir. Ölkə başçısının qeyd etdiyi kimi, Qarabağ da, Zəngəzur da nümunəvi bir bölgə kimi yenidən qurulur və vətəndaşlarımızı orada rahat, firavan bir həyat gözləyir. Bu proses özlüyündə həm də dünya üçün də bir nümunəyə çevrilir”, – deyə deputat vurğulayıb.
Rəşad Mahmudov qeyd edib ki, dövlətimizin başçısı müşavirədə Ermənistanın işğal dövründə törətdiyi vandal hərəkətlər barədə danışarkən, düşmənin ekoloji terroru nəticəsində Qarabağ və Şərqi Zəngəzurun təbiətinə ciddi ziyan vurulduğunu da diqqətə çatdırdı və hazırda bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı nitqində düşmənin Bərgüşad, Lev, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay və Oxçuçay kimi çaylarımızı da vəhşicəsinə istismar etdiyini, Oxçuçayı fəlakətli həddə çatdırdığını vurğuladı. Eyni zamanda, çaylarımıza qənim kəsilənlərin, qızıl və digər yataqlarımızı qanunsuz istismar edən şirkətlərin cəzasız qalmayacağına əminliyini də bildirdi.
“Qeyd edim ki, müharibədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyan aradan qaldırılmasına start verilib. Topxanada , Zəngilanda ekoloji müxtəlifliyin qorunması məqsədilə xeyli sayda ağac əkilib. Cəbrayıl, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər, Ağdam rayonları və Şuşada da ümumilikdə 40 mindən çox eldar şamı, göyrüş, qarağac, dağdağan və digər müxtəlif cinsli tinglər basdırılıb”, – deyə deputat vurğulayıb.
Rəşad Mahmudov sonda bildirib ki, göründüyü kimi, azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə son dərəcə ciddi işlər görülüb. Respublikamız dövlətimizin başçısının liderliyi ilə yüksəliş mərhələsində reallıqlarını diktə etməklə tarixinin ən qüdrətli dövrünə qədəm qoyub. Prezident xalq birliyi bugünkü inkişafı sürətləndirən başlıca amilidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=173511