Toksikologiya şöbəsində Əzrayıla qalib gələn ağ xalatlı mələklər
Bütün faciələr və çətinliklər kənardan nə qədər ürək ağrıdıcı görünsə də insan onu öz həyatında yaşamadıqca tam mahiyyətinə varmır. Bu baxımdan insanın fiziki durumu ilə bağlı yüzlər və minlərlə xəsarət, xəstəlik xəbərləri də da bu qəbildəndir. Hər birimiz heç şübhəsiz bu kimi məlumatları ürək ağrısı ilə izləyir təəssüf və kədər hissi keçiririk. Amma durumu. əxsi həyatımızda, öz təcrübəmizdə yaşayanda prosesi bütün incəliyi və detalları ilə dərk edir, yaşayırıq…
May ayının 14-də sirkə turşusu zəhərlənməsi səbəbindən təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilərkən mən də eyni hissi yaşadım. Fiziki durumumla bağlı iki gün ərzində tam anlaqlı vəziyyətdə olmadığımdan nələr baş verdiyini tam xatırlamıram, amma yaxınlarımın və dostlarımmın dünən xəstəxanadan ayrılarkən “səni bunlara ölü verib, diri aldıq” deməsi hər şeyi tam ifadə edir… Bu prosesdə mənim müalicəmə şəxsən nəzarət edən həkim İnci Bağırovaya hədsiz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Məhz İnci xanımın yüksək tibbi biliyə söykənən peşəkarlığı və uğurlu təcrübəyə dayanan taktikası indi bu yazının müəllifini həyatda saxladı.
Eyni zamanda şöbənin tibbi personalının qayğı və işinə ehtiramla tanaşması da xüsusi qeyd edilməlidir. Səhiyyəmizdə olan nöqsanları tez –tez dilə gətiririk, ama bu günlər mənə xəstəliyin bütün fəsadları ilə yanaşı həkimlərimizin fədakarlığını göstərdi. Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovdan tutmuş texniki işçiyə qədər hər bir əməkdaşın fədakar əməyi isə bütün bunları darmadağın edir. Həm də bu fərdi olaraq bir şəxs üçün deyildi ki. İkinci Qarabağ mühaqribəsinin iştirakçısı və media nümayəndəsi olduğum üçün şəxsi timsalda sevgi və sayğını hər an hiss edordim. Amma burda daxil olan hər bir xəstə bütün kollektivin birbaşa diqqətinə alınır və sanki həmin andan hər kəs bir komanda halına gəlib ölümlə savaşa çıxır. Xəstənin səhhətində ilk müsbət dəyişikliyin Toksikologiya şöbəsinin işçilərinin simalarında əks olunan sevinci isə sözlə ifadə etmək mümkün deyil. Ən müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə Toksikologiya şöbəsinə 24 saat ərzində, gecə-gündüz xəstə qəbul olunur. Gecənin hansı vədəsində, hansı səbəbdən və hansı sosial təbəqədən asılı olmayaraq şöbənin növədə olan bütün kollektivi xəstənin başına pərvanə kimi dolanır. Bütün bunların şəxsən şahidiyəm və bu şahidliklə bizim “ağ xalatlı mələklərlə” qürur duydum.
Ümumiyyətlə, bildirək ki, respublika səhiyyəsini həmişə avanqard kimi təmsil etmək ənənəsini qoruyan Kliniki Tibbi Mərkəz modernləşmə proseslərini sürətləndirmiş,yüksək texnologiyalarla, ultra-müasir müayinə cihazları ilə, innovativ dərman preparatları ilə təminat məsələləri önə çəkilmişdir. Bu gün Kliniki Tibbi Mərkəzdə təqribən 2000 nəfərdən artıq tibbi personaldan ibarət kollektiv tərəfindən 30 min nəfərə stasionar və 50-60 min nəfərə ambulator tibbi xidmətlər göstərilir. Kliniki Tibbi Mərkəz daim təkcə paytaxtın deyil, ölkənin bütün rayonlarından olan pasientlərin üz tutduğu güvənilən səhiyyə müəssisəsi olmuşdur. Bu nüfuzlu səhiyyə müəssisəsinin uğurlarının artmasına sanballı töhfələr verən bölmələrdən biri isə heç şübhəsiz Toksikologiya şöbəsidir. Toksikologiya şöbəsində əhaliyə vaxtında və lazımı tibbi yardımın göstərilməsi üçün yüksək keyfiyyətli şərait yaradılıb. Müalicə və müayinə xidmətlərinin səviyyəsinin və kadr potensialının artırılması məqsədi ilə həyata keçirilən layihələr bu gün də davam etdirilir. Müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslaşdırılmış toksiki-kimyəvi laboratoriya, mövcud olan yüksək standartlara cavab verən cihazlar kimyəvi-toksikoloji analizlərin daha tez və keyfiyyətli aparmağa imkan verir. Şöbədə göstərilən tibbi xidmətlə bağlı tək bir faktı qeyd etmək kifayətdir ki, yay aylarında ilan sancmasından müraciət edənlərin sayı daha çox olur. Şöbənin peşəkar həkimlərinin səyi nəticəsində xəstələrin hər birinə vaxtında zəruri müayinə və operativ müalicə tədbirlərinin tətbiq edilməsi hesabına onların hamısı həyata qaytarılıb, ölüm halı baş verməyib. Bütün bu nəticə heç şübhəsiz Azər həkimin şöbə müdiri kimi yaratdığı mükəmməl tibbi-təşkilati rəhbərliyin nəticəsidir. Həm öz adımdan, həm də mənimlə birlikdə müalicə olanların hamısının adından bizə göstərilən qayğıya görə minnətdarlıq etmək borcumuzdur. Axı onlar da öz sağlamlığlarını riskə ataraq neçə-neçə insanı yenidən öz evinin kandarından içəri girərək sevinclə ailəsinə qayıtması üçün çalışırlar. Buna görə onlara hədsiz təşəkkür edir və çəkdikləri zəhmətin əvəzinin uca yaradan tərəfindən verilməsini diləyirəm.
Bu ötən müalicə-həyata dönmə günlərinə görə Taksikologiya şəbəsinin müdiri Azər Maqsudova və İnci xanım Bağırovaya,
bütünkollektivə təşəkkürlərimi bildirirəm. Əziz həkimlərim, fədakarlığınıza, imkanlarınız daxilində sərf etdiyiniz əməyə, hər gün nümayiş etdirdiyiniz qəhrəmanlığa görə sizin hər biriniz qəhrəmansınız . Bu gün sizin simanızda biz xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərinin təzahürünü görürük. Kiçik tibb işçilərindən tutmuş müalicə həkimlərinədək hər kəsə təbbəssümləri, sonsuz qayğıkeşliyi doğmalığı ilə göstərdikləri münasibətə görə hədsiz təşəkkür edirəm. Sizin gərgin əməyiniz, fədakarcasına çalışmağınız sonsuz və unudulmaz dəyərə layiqdir. VAR OLUN!
NƏSİMİ
Short URL: http://www.cumhuriyyet.net/?p=175995