Xuraman Yusif: “Şəhid adına yüksəlmək də şərəflidir, Şəhidin adını daşımaq da”

12.08.2022 - 23:51
Bu gün Qazax şəhərinin Bakı küçəsində yenə böyük bir izdiham vardı. Yenə maşın karvanı yer almışdı bu küçədə. Yenə el toplaşmışdı Qədir kişinin oçağına. Bu gün Adilin, bizim Adilin, Vətən oğlunun, Vətənimizin oğlunun, həkim leytenant Adil Əfəndiyevin ad günü idi. Baxın, Adilin bir adı neçə yerə ucalıb. Adi insanlar bir adla yaşayır , bir adla çağrılır çoxları kimi, bizim kimi. Şəhidlərin isə bir adı min olur, Adil Əfəndiyevin adı kimi.

Siz onu yaxşı tanıyırsınız. Bu nur üzlü, gülər üzlü, həkim leytenantı, qazaxlıların fəxrini bütün Azərbaycan tanıyır. O, həmin Adildir ki, Vətən müharibəsi zamanı döyüşdə komandirinin ağır yaralandığını eşidən kimi “Komandirimi özüm sağaldacağam” – deyib özünü döyüş meydanına atıb. O, həmin Adildir ki, “ Şəhidlik ən uca, ən gözəl addır” – deyərək öz cərrah bıçagı ilə düşmənin gözünü ovaraq şəhidlik zirvəsinə qalxıb. Bəli o, həmin Adildir ki, “ Ana mən yaxşı yerdəyəm, ağlama” – deyib anası Afət xanımın tez – tez yuxusuna gəlir.

Qazax rayonuna daxil olanda Mərkəzi Xəstəxananın qarşısında Adilin adına ucaldılmış bulaq kompleksi nəzəri cəlb edir. Şəhid, həkim – leytenant Adil Əfəndiyev qarşılayır burada hər kəsi. Heç kim biganə ötüb keçə bilmir buradan. Dayanıb bu gülər üzlü, həkim oğlanın nur saçan simasına baxır. Öz məğrur duruşu, mənalı baxışlarıilə Adil həkim insanların qəlbində qürür, fəxr hissi yaradır, gənclərə isə nümunə göstərir.

Bu gün Adil Əfəndiyevin doğum günüdür. Əfəndiyevlər ailəsində onsuz da bir gün də Adilsiz olmur, Adilsiz keçmir. Hər gün ondan danışılır, hər gün Adildən söhbət açılır. Adillə bağlı xatirələr isə bitmir, tükənmir. Bu xatirələr Adilin Vətən sevgisindən, həkimlik peşəsinə məhəbbətindən, hərbi sahəyə sədaqətindən söhbət açır. Anası Afət xanımı bir oğul, övlad kimi sonsuz məhəbbətlə sevsə də Adilin igidliyi Vətənə sevgisinin daha güclü olduğunu göstərdi.

Afət xanım Adildən sonra bayram günlərini daha əvvəlki kimi qeyd etmir. İki övlad anası olsa da nə oğul toyu, nə qız toyu etmək ona nəsib olmadı. Şəhid Anası adı yazıldı taleyinə. Əvvəllər öz ixtisası üzrə savadlı, qabiliyyətli müəllim kimi, gözəl insan, nəcib xanım kimi tanınsa da indi Şəhid Anası kimi tanınır. Afət xanım üçün fəsillər də dəyişmir. Çünki onun baharı da, yazı da Adillə gedib. Afət xanım üçün nə Günəş doğur nə Ay çıxır. Onun Günəşi də, Ayı da, Adil idi axı. Afət xanım üçün nə özəl, nə gözəl gün var. O, iki əlamətdar gün üçün yaşıyır bu həyatda . Adilin doğum və cənnətdəki mövlud günü üçün. Çünki bu günlər Adilin adı ilə bağlıdır, bu günlər Adilə aiddir.

Bu gün avqustun 12 də Afət xanım Adili sevənlərlə onun doğum günü qeyd etdi. Adilin ad günü mərasimində şəhid anaları arasında Azərbaycanın hərbi zabiti, polkovnik – leytenant Anar Əliyevin anası Səkinə xanım da vardı. O, Gəncədən Qazaxa ona görə gəlmişdi ki, oğlu üçün özünü oda atan Adilin məzarını ziyarət etsin. Oğlu Anarın son nəfəsində yanında olan Adil həkimə ana kimi borcunu qaytarsın. “ Sağ olsaydı əllərindən,ayaqlarından, gözlərindən öpərdim Adil həkimin, oğlumun son nəfəsində yanında olub, oğlumun ətrini ondan alardım, təəssüf ki, hər ikisinin qoşa şəkillərini böyüdüb onlara yalvarmaqla təsəlli tapıram” – dedi Səkinə xanım.
Əfəndiyevlər ailəsi Adilin adına layiq olsun deyə onun ad gününə yenə də xüsusi hazırlaşmışdılar. Evlərinin qarşısında atası Qədir kişi Adilin barelyefini qoydurub. Gecənin zülmətinə işıq salır, bu nur üzlü şəhidin barelyefi. Buradan keçən hər kəs bilir ki, bura adi ev deyil. Şəhid Adilin evidir. Evə daxil olanda isə hər yerdə Adili görmək olur. Qədir kişinin məğrur duruşunda, dalğın baxışlarında, Afət müəllimin nəmli gözlərində, pərişan, dən düşmüş saçlarında, bacısı Nərminin gənc yaşında solan gül cöhrəsində. Adilin xüsusi otağı da var bu evdə. Burada nə varsa ona aiddir. Diplomlar, mükafatlar, fəxri fərmanlar, orden və medallar, daha nələr – nələr. Bu evdə Adilə aid müqəddəs quvvə də var. İsdi ana nəfəsi. Afət xanım hara getsə də, harada olsa da tez evə qayıtmağa tələsir. Birdən Adil gəlib tapmaz onu. Axı Adil evdədir, burdadır, ruhu daim anasının yanındadır.

Ötən illərə nisbətən bu il Adilin ad günü bir qədər fərqli qeyd oldu. Günki onun adını daşıyan balaca Adil də qatılmışdır bu əlamətdar günə. Hələ dörd ayı yenicə tamam olub körpə Adilin. O, hələ bilmir ki, şəhid dayısı həkim – leytenant Adil Əfəndiyevin adını daşıyır. O, hələ bilmir ki, çiyinlərində şəhid atası yükünü daşıyan babası Qədir kişinin, sinəsində oğul yarası olan nənəsi Afət xanımın, qəlbində qardaş dağı olan gənc yaşında gül cöhrəsi solan anası Nərminin ürəklərinə məlhəmdi balaca Adil. Hələ bilmir ki, onun bu dünyaya gəlişinə hamı sevinir, onu da bilmir ki, o dünyaya gəlməmış hamı Adil adlı bir oğlanın yolunu gözləyirdi.
Yel qanadlı illər ötüb keçəcək, balaca Adil böyüyüb boya – başa çatacaq. Hamı ona dayısının igidliyindən, qəhrəmanlığından danışacaq. Adilin həyat kitabını vərəqlədikcə onu daha yaxından, daha yaxşı tanıyacaq. Adil başa düşəcək ki, şəhid adına yüksəlmək də şərəflidir, şəhidin adını daşımaq da. Bu adı daşımağın məsuliyyətini hiss edəcək. Həkim leytenant Adil Əfəndiyevlə fəxr edəcək və dayısının adına layiq övlad olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180606

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930