Qazaxda icra başçısının avqust ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Qazaxbəyli kənd sakinləri ilə olub

26.08.2022 - 15:13

Prezident İlham Əliyev tərəfindən icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşlər zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir məqsədə xidmət edir ki, kökündə vətəndaş amili dayanır.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından şəhər və kəndlərdə keçirilən səyyar qəbulların yenidən bərpa olunması da bu məqsədə xidmət edir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının avqust ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Qazaxbəyli kənd sakinləri ilə olub.
Avqustun 25-də Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, pandemiyadan sonra ilk dəfə olaraq keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açıb. İcra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.

İcra başçısı ötən müddət ərzində Qazaxbəyli kəndində keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin zamanla müsbət həllini tapdığını, bugünkü görüşün də bu amala xidmət etdiyini qeyd edib.

Rayon rəhbəri 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən danışıb. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. İcra başçısı Birinci Qarabağ müharibəsində Qazaxbəyli kəndindən 2 nəfərin şəhid, 6 nəfərin müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Qazaxbəyli kəndindən 17 nəfərin iştirak etdiyini, onlardan 11 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, iştirakçılardan 7 nəfərin yaralandığını söyləyib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Qazaxbəyli kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Qazaxbəyli kəndində əkin sahəsinin 251 hektardan 309 hektara çatdırıldığını söyləyib.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 6 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 3 nəfərin Vətən müharibəsi iştirakçısı olduğunu qeyd edib.

Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğıdan da söz açıb. ADA Universitetinin “Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini həmin qayğının bariz nümunəsi kimi göstərib. Rayon rəhbəri məktəblilərin onlara olan qayğını əldə etdikləri nailiyyətlərlə doğrultduqlarını qeyd edib. Bu il Qazaxbəyli kənd tam orta məktəbi bitirən və qəbul imtahanlarında iştirak edən məzunlardan 2 nəfərin 600-dən, 1 nəfərin isə 500-dən yuxarı bal topladıqlarını vurğulayıb. Məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.

İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. İcra başçısı təmirli bağçalardan birinin Qazaxbəyli kənd uşaq bağçasının olduğunu qeyd edib.

Son illər şəhərdə, eləcə də kəndlərdə görülmüş işlərdən danışan icra başçısı ən böyük layihələrdən olan şəhərin su-kanalizasiya sisteminin yenidən qurulduğunu, şəhərdə çoxmənzilli yaşayış binalarında abadlıq işlərinin aparıldığını, binaların dam örtüyünün, fasad və bloklarının əsaslı təmir olunduğunu qeyd edib.

Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Qazaxbəyli kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, ilkin olaraq kənddə qəzalı vəziyyətdə olan elektrik dayaqlarının dəyişdirilməsini bildirib və bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlərdən Xəlilova Minarə Qoca qızının kənddəki 10 minlik elektrik hava xəttinin yeraltı hava xətti ilə əvəz edilməsi, Əsədova Hüsniyyə Ənvər qızının kənddə 8 ədəd qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz olunması, Əzizova Sehran Firuddin qızının 500 metr uzunluğunda kənddaxili avtomobil yoluna qum-çınqılın döşənməsi, Məmmədov Hacımurad Məmməd oğlunun əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə əlavə 1 ədəd subartezian quyusunun qazılması, Məhərrəmov Elşən Vidadi oğlunun özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunmaması, Muradova Tanya Hidayət qızının kəndə marşrut xəttinin açılmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181010

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031