Sabir Rüstəmxanlı: “Makronun özünü ağılsız uşaq kimi aparması və məsuliyyətsizliyi ilk növbədə fransız hakimiyyəti üçün problemdir”
Fransa prezidenti Emmanuel Makron “France2” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində ciddi etiraz və nifrətlə qarşılanıb. Məsələ ilə bağlı fikirlərini bölüşdürən millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı bir Avropa dövləti rəhbərinin “Azərbaycan iki il öncə Qarabağı işğal edib və Qarabağ Ermənistanın ürəyidir” deməsini ən azı siyasi savadsızlıq adlandırdı: “Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransanın prezidenti Emmanuel Makron bütün beynəlxalq hüquq normalarına kobud şəkildə hörmətsizlik edir. Onun sözləri BMT Nizamnaməsinə, Avropa İttifaqı prinsiplərinə daban dabana ziddir. Azərbaycan Respublikası 1992-ci ildə BMT- yə məhz bu ərazilərlə‚ yəni Qarabağla birlikdə daxil olub və BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb. BMT Təhlükəsizlik Şurası və bir sıra beynəlxalq qurumlar Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünü və Qarabağı işğal etməsi faktını dəfələrlə pisləyəmiş, Ermənistanı işğala son qoymağa və Azərbaycan torpağını tərk etməyə çağırmışdır. Ermənistan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmədiyi üçün‚ məhz 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsində Qəhrəman Azərbaycan ordusu Qarabağı və ətraf torpaqlarımızı işğaldan azad etmiş və Ermənistanın işğalına son qoyulmuşdur.
Bu gün Azərbaycanla Ermənistan arasında sərhədlərin tanınmasına, sülh sazişi imzalanmasına hazırlıq görüldüyü bir zamanda Makronun dünya diplomatiyasına zidd, birtərəfli və Azərbaycan xalqına qarşı xəyanətkar bəyanatı, ermənilərə ” ayı xidməti”ndən başqa bir şey deyildir. Bu sözlərin hansı məqsədlərə xidmət etdiyini biz yaxşı bilirik. Makronun lidercik iddialarındakı məqsədi ölkəsini bu və ya digər formada Cənubi Qafqaza pərçim etməkdir. O, unudur ki, artıq Azərbaycan xalqı, Azərbaycan dövləti onu yaxşı tanıyır və bundan sonra hansı cildə girir-girsın sözünün bir fransız qəpiyi qədər qiyməti olmayacaq. Biz dostumuzu da, düşmənimizi də yaxşı tanıyırıq. Kiminlə dost, kiminlə müttəfiq olmaq da, Qarabağda sabitlik yaratmaq da Azərbaycanın daxili işidir. İndiyə kimi bizə “yol” göstərməyə heç kimə imkan verilmədiyi kimi, bundan sonra da verilməyəcək. Makron hesab edir ki, bütün bunlardan sonra Fransa Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilər. Yalnız ağıldan və məntiqdən kənar adamlar belə düşünə bilərlər. S.Rüstəmxanlı qeyd edib ki, ll Dünya savaşında Fransanın azadlığı yolunda həyatını qurban vermiş Azərbaycan partizanları və Əhmədiyyə Cəbrayılov kimi Fransanın Azərbaycanlı Milli Qəhrəmanının ruhu bu gün Makronun yaxasından yapışıb “ay uşaq, mən namuslu fransızlar üçün vuruşmuşam, sənin kimi gündə bir hava çalanlar üçün yox!” -deyərdilər. Makron və ölkəsi anlamalıdır ki, Fransa bundan sonra heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Bu gün ermənipərəst siyasət yürüdən Fransa siyasiləri öz ölkələrindən çox, Ermənistanın maraqlarını müdafiə edirlər”
S.Rüstəmxanlı Makronun və bütövlükdə Fransa hökumətinin erməni lobbisinin əsirinə çevrilməsinin Azərbaycandan çox Avropaya və fransız xalqına problem yaratdığını bildirdi: “Azərbaycan öz sözünü deyib, ərazi bütövlüyümüz təmin olunub, millətimiz suverenliyimizi qorumağa hər an hazırdır. Makron kimi çiy siyasətçilərin bəyanatı yalnız ürək bulandıra bilər. Belə səslənmələr prosesi dəyişə, Azərbaycan karvanını yolundan döndərə bilməz. Belə bəyanatlar göstərir ki, Fransa kimi zəngin tarixi olan dövlət ona hansı ağılda olan şəxsin idarə etdiyi barədə düşünməlidir. Sonda millət vəkili əlavə etmişdir ki, Fransanın prezidenti terrorçu, ruhsuz və ürəksiz Ermənistana ürək axtarırsa qoy Fransanın ən geri qalmış bir əyalətini və ya Benedikdin likör zavodunu bağışlasın. Çünki türk dilini yaxşı bilən ermənilər hər dəfə bu sözün doğurduğu assosiya ilə Müzəffər Azərbaycan Ordusunu xatırlayacaq və zövq alacaqlar .Makron ən azından “sarı jiletlilər” zamanında öz xalqının qatili kimi ad çıxarmasından utanaraq susmalıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=183711