Əzizə Fariz: “Sevən qəlbin fəryadı” romanından xatirələr…

19.10.2022 - 17:56

2020-ci il 10 oktyabr. Həmin gün bugün idi, elə bu vaxt…

BUGÜN FARIZ VƏTƏN UĞRUNDA ŞƏHID OLMAĞA GETDI…

“Sevən qəlbin fəryadı” romanımda yer alan həmin təlatümlü xatirələr….

…Farizi gördüm, uzaqdan qaça-qaça gəlirdi… Heç vaxt belə qaçdığını görməmişdim. Gözləri böyümüş halda, tərin, suyun içində idi. Sanki əcəlinə susamış kimi… Briqadadan evə qədər qaçıbmış. Yanımıza çatar-çatmaz salamlaşdı hər kəslə, tez içəri keçdi.

– Nolub, ömrüm? Niyə bu haldasan? Heç vaxt belə
qaçmazdın, tələsməzdin. Nə məsələdir?
– Vaxtım yoxdur, bir saatlıq evə buraxıblar ki, gedin ailənizlə sağollaşın, lazımi əşyaları götürün, gedirik döyüşə. Bizim istiqamət də bilindi artıq. Ya Murovdağ, ya da Füzuli.

Narahat olma, ürəyini buz kimi saxla. Tez ol, vaxtım yoxdur, maşınkanı hazırla, saçımı kəsim, gedim yuyunum.Hələ mənə çatmırdı heç nə. Donmuş, dinməz halda dediklərini edirdim. Yuxudaymış kimi. Maşınkanı hazırladım, saçlarını kəsdi, getdi yuyundu, gəldi. Yemək hazırlamışdım, dedim bir tikə çörək ye, ac getmə.

– Mənim qardaşlarım orda acdır, mənim boğazımdan yemək keçməz, – dedi və qəndqabından 3-4 şokolad götürdü, – uşaqlara verərəm, orda çay içərlər, – dedi. Sonra gördüm arxasını mənə çevirib sakitcə durub. Səssizcə yaxınlaşdım, gördüm ki, əllərini açıb salavat çevirir, gözləri yumulu halda. Heç nə demədən izlədim. Duasını bitirdikdən sonra nə etdiyini soruşdum… Cavabında isə – Allaha dua edirəm ki, mənim bir arzum var, ona çatdırsın. Və mən bu duanı qəbul etməyi üçün ona yalvarıram ki, əgər məni sevirsənsə, sevdiyin bəndənəmsə,mənim bu duanı qəbul edəcəksən, yox əgər məni sevmirsənsə, bu dünyada yenə elə sürünə-sürünə yaşayacam…

– Nədir ki, sənin arzun? Mən də amin deyim. Sənin
arzuların hər zaman gözəl olub.
– Söz verirsən amin deyəcəyinə? Əgər söz verib əməl etməsən, səni bağışlamaram.
– De. Söz verirəm.
– Şəhidlikdir mənim arzum. İndi verdiyin sözə əməl et.
– Sən nə danışırsan? Bəs biz? Bizi heçmi düşünmədin?
– Səndən xahişim və tələbim odur ki, verdiyin sözə
əməl et. 8 illik həyat yoldaşımsan, haqqımı halal eləmərəm. Bu sözünə əməl etməklə məni dünyanın ən xoşbəxt həyat yoldaşı edəcəksən. Çoxmu görürsən bunu mənə? Layiq deyiləmmi, yoxsa?

– Sən hər şeyin ən gözəlinə layiqsən. Yaxşı. Əgər Allahım səni Şəhidliyə layiq bilibsə, mənim boynum qıldan incədir. Bizi tək qoymamaq şərtilə Allah səni arzularının ən gözəlinə çatdırsın, dəyərli həyat yoldaşım. Amin.
Sanki hər saniyə keçdikcə qəhər məni boğduğunu və çırpındığımı hiss edirdim. Lakin gözləyirdim bu gedişin sonunu. Fərqli gəlmişdi, fərqli də gedəcəyini duymuşdum… Otağa keçdi, formasını geyindi. Şəkil çəkdirməyi heç sevməzdi, həmişə mən israr edirdim şəkil çəkdirək deyə, ya da gizlindən çəkirdim. Amma bu dəfə tam fərqli oldu, uşaqlarla şəkil çəkdirdi.
– Səninlə çox şəklimiz yoxdu, gəl çəkdirək.
– Bəs sevmirdin şəkil çəkdirməyi, noldu belə?
– Ürəyim istəyir, bilmək olmaz həyatın işini, döyüşə
gedirəm. Gəl çəkdirək deyirəm. Başımı sinəsinə qoyub şəkil çəkdirdim. Sanki gözləri ilə hər şeyi deyirdi. Ağlayırdım mən, onun hər sözünü, hər hərəkətini gizlindən videoya çəkə-çəkə ağlayırdım… sanki kimsə məni vadar edirdi ki, niyə durursan, çək hər anını, bu birlikdə keçirdiyiniz son anlardı, son dəqiqələrdi. Əynini geyinəndən sonra gəldi uşaqların otağına. Onlar da cizgi filminə baxırdılar. Hər ikisinin arasında oturdu, qollarını boyunlarına keçirtdi, köksünə sıxdı. Öpdü qucaqladı, qoxularını içinə çəkdi. Sevincə bir daha tapşırdı:
– Sevincim, bax demişəm, yenə deyirəm. Yaxşı oxu, diş həkimi ol, ata sənə baxıb qürur duysun. Mənim arzumu yerinə yetir. Mütləq. Sənə inanıram, mənim pambığım.Ruslana isə həmişə bir sözü deyərdi:
– Kişi, tez böyü, ataya kömək ol!
Amma bu dəfə fərqli, hüznlü… Əvvəlcə qoxuladı,
öpdü. Sonra qulağına pıçıldadı:
– Kişi, tez böyü, anaya kömək ol! Yaxşımı?
Dünyadan xəbərsiz körpəm isə heç nə anlamadan başını yellədi və təsdiqlədi.
– Yaxşı, ay ata.
Səssiz və fəryad edən baxışları ilə oğluna baxan bir atanın ayrılıq səhnəsini görürdüm. Qopa bilmirdi balalarından. Ayaqlarını sürüyürdü, sanki əcəl güclə aparırdı onu bizdən. Ayağa durdu, dolmuş bir bulud kimi idi. Qapqara qaralmışdı rəngi, gözlərinin altı belə çökmüşdü. Sadəcə səssiz fəryadını izləmək insanı diri ikən öldürürdü. Uşaqlar çarpayıda oturmuşdular, yanlarında diz çöküb, hərəsinin ayağından bir corabını çıxarıb cibinə qoydu. Uşaqlar da “Ata, corabımızı niyə çıxartdın?” deyə sual verəndə “Köhnəlmişdi, ana yenisini geyindirəcək, ona görə”, deyib vəziyyətdən çıxmağa çalışdı… Mən isə ruhum çökmüş vəziyyətdə sadəcə gözlərimdən axan yaşa boğulmuşdum. – Niyə belə edirsən, niyə çıxartdın uşaqların corabını?
– Döyüşə gedirəm, ola bilər gec gələm, ola bilər sizi görə bilməyəm. Qoxulayaram, darıxmağım az da olsa, keçər. Bala qoxusu insanın qəlbinə fərəh verir axı, biz ki bunu ən gözəl anlayanıq. Bizim şəkillərimizdən varmı? Birini mənə ver, baxacam arada. Sənsiz darıxmağın adı yoxdur…Gətirdim verdim şəklimizi… Dinmirəm, sanki kimsə məni idarə edir, özümü bir anlıq əmr qulu kimi hesab edirdim. Hıçqırıqlarım içimi parçalayırdı. Nədənsə Fariz soyuqqanlı yanaşırdı. Ağlamağıma dözə bilməyən insan bu dəfə fərqli idi. Gördü ağlayıram, yaxınlaşdı mənə. Əlləri ilə göz yaşımı sildi. Kitelinin cibində isə hər zaman özü ilə gəzdirdiyi bayrağı çıxarıb mənə göstərdi.
– Görürsən bu bayrağı? Şərəfdir, namusdur, qeyrətdir. Mən bu gün bunu qorumasam, o bayrağın qarşısında diz çöküb sədaqət andı içdiyim, əhd elədiyim gün mənə haram olar. Mən bu bayrağı qəlbimin üzərində gəzdirirəmsə, demək ki, ailəm qədər dəyərlidir. İşğal olunmuş torpaqlarımızın hər qarışında bu bayraq dalğalanmasa, bu Vətənin hər qarışında atdığımız addıma görə, yediyimiz çörəyə, içdiyimiz suya, udduğumuz havaya görə cavab verməliyik. Əmanətdir bu Vətən bizə, qorumaq borcumuzdur. Son damla qanımıza qədər. Ağlama! Məni sağ ikən ağlama! Hələ ağlamağa çox vaxtın olacaq! Bu bayraqla silərsən göz yaşını. Onu bil ki mən Şəhid olsam, indikindən daha yaxın olacam sənə. Bundan böyük xoşbəxtlik varmı bu dünyada? Sadəcə dua et ki, Allah məni sevsin. Ruslanımı oxudarsan, qoy General olsun. Qızım Sevincin isə diş həkimi olması üçün çalışarsan.
Əyilmə, sınma, məğrur dayan! Sən Farizin hərbiçi ruhlu xanımısan. Əzəmətli, qürurlu olmalısan. Sənin göz yaşlarını heç kəs görməməlidir. Qoy deməsinlər ki, Farizin Əzizəsi dərdlərə yenildi, diz çökdü. Qoy desinlər ki, Farizin Əzizəsi dərdindən güc alıb ayaqda dik durdu. Mən sənə ancaq bunu yaraşdırıram. Sən güclüsən! Bunları deyirəm ki, hər şeyə hazır olasan. Həyatdı, bilmək olmaz. Mən ölməyəcəm, narahat olma. İnşallah qismət olsa, torpaqlarımızı alaq, toyumuzda qurban kəsdiyimiz bıçaqla o torpaqların hamısında qurban kəsdirərik. Mənə qismət olmasa da, bunu sən etməlisən! Çox danışdım, vaxtım yoxdur. Gedirəm. Salamat qalın!
– Dayan görüm, bu sözləri sən deyirsən? Hara tələsirsən belə? Yenidən izah elə, heç nə çatmadı mənə, ümidvaram kabus bir yuxudayam, – sözləri dedikcə boğulurdum.
– Sevinməlisən ey sən. Həsrətində olduğumuz torpaqlarımızı geri qaytarmağa gedirəm. Hər şeyi düzgün eşitdin, rahat ol, özünə gəl. Yaxşı olacaq hər şey. Sadəcə pis tərəfini dedim ki, yaxşı olsun hər şey, – yalançı bir təsəlli edirdi… Bir az özümə gəldim…
– Allah səni qorusun, qurban olduğum… Elə danışırsan ki, sanki son dəfə eşitdim səsini. Bu dediklərinin hər birini bir yerdə edəcəyik, inşallah. Pis düşünmürəm, bilirəm ki, Allah səni qoruyacaq. Uğur olsun, qələbə ilə qayıt. Ən böyük arzumuz budur. Hər şeyin pisinə yox, yaxşısına hazırlayıram özümü.– Narahat olma. Amma yenə deyirəm: tək xahişim budur ki, hər nə olur-olsun, ağlama! Bir də mənə xırda dörd manat ver taksiyə vermək üçün.
Tez getdim, 5 manat gətirdim verdim. Və bir manatı mənə geri qaytardı.
– Bir manatın mahiyyəti nədir ki, geri qaytarırsan?
Qoy qalsın cibində.
– Yox, mənə lazım deyil. O bir manata da balalarıma çöplü sok alarsan.
Atasının son dəfə aldığı çöplü sok oldu balalarına…

Çıxmamışdan qabaq qapının arxasında mənə son sualı bu oldu:

– Əzizə, əgər salamat qayıda bilsəm, yenə başını çiynimə qoyarsan?

Mən başımla “hə” cavabı verdim, üzümü çevirib əlimin arxasıyla gözlərimi sildim…Taksi çağırdı. Sağollaşıb getdi. Maşın gözdən itənədək izlədim, sanki özüm öz əllərimlə ölümün ağuşuna göndərdim onu …

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183935

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031