Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov – 70

23.01.2023 - 12:12

Düz 70 il əvvəl Abbasovlar ailəsilə növbəti sevinclərini bölüşmək, gözaydınlığı vermək üçün qohum-əqrəba, dost-tanış Fərhad kişinin evinə yığışmışdı. Onlar, cəmi 33 yaşı olsa da, artıq “El Ağsaqqalı” kimi tanınan Fərhad Kişini təbrikə gəlmişdilər. Yeni övladı dünyaya göz açmışdı. Körpənin adını vaxtilə seminariyada mükəmməl təhsil almış ana babası Hüseyn müəllimin təklifilə Əbülhəsən qoydular. “Böyüyəndə özü anlayar ki, niyə bu adı vermişəm” demişdi. Ola bilsin ki, geniş biliyə malik, Şərq fəlsəfəsini, riyazi-məntiqi təlimləri babət bilən babası bu təşəbbüslə zəngin keçmişimizdən, konkret olaraq, görkəmli filosofumuz Əbülhəsən Bəhmənyarın yaşadığı XI əsrdən müasirliyə hansısa bir mənəvi, elmi-fəlsəfi körpü salmaq, tariximizin dərin qatlarında yaşayan insani-intellektual dəyər-sərvəti çağdaş zəmanəmizə ötürmək niyyətini ifadə edib? Hər halda, Əbülhəsən müəllimin həyat və yaradıcılığına yaxından bələd adam kimi deyə bilərəm: bu adla elə ilk gündən onun daşıyıcısının üzərinə çox ağır, qeyri-adi yük qoyulub və tale determinantları öncədən şərtlənib. 12 fevral 1953-cü ildən indiyə qədər filosofun yaşadığı keşməkeşli həyat, dəf etdiyi saysız-hesabsız maneələr, çəkdiyi əzab-əziyyətlər, orijinal yaradıcılığının məzmun-mahiyyəti, elmə və fəlsəfəyə verdiyi töhfənin əhəmiyyəti bunu söyləməyə tam əsas verir.

Mükəmməl bilgisi, böyük zəhmətsevərliyi və olduqca xoş məramı, qonaqpərvərliyi ilə fərqlənən Ananın halal südü, dərin və məzmunlu həyat fəlsəfəsilə yaşayan, həmişə el-obanın qayğılarına qatlaşan, insanların köməyinə yetən, onlara hərtərəfli dəstək olan Atanın əməyi ilə böyüyən Əbülhəsən hələ uşaqlıqdan əmək adamına, haqqa-ədalətə, sosial tarazlığa, ictimai nizama, milli adət-ənənəyə, doğma yurdun ruhuna-nəfəsinə, təbii özəlliklərinə olduqca həssas münasibətilə fərqlənirmişdir. Yaranmış həyati zərurət üzündən Fərhad müəllim Əbülhəsəni Gədəbəy rayonunun Novosaratovka kəndindəki rus məktəbinə qoyur. Rusca “da-net”i bilməyən Əbülhəsən, ilk anlar nə qədər çətin olsa da, qısa zaman ərzində birincilər sırasına yüksəlir. Həm də, sinifkom, yeddinci sinifdən isə məktəbin komsomol təşkilatının rəhbəri kimi fəaliyyət göstərir, rayon və respublika olimpiadalarında iştirak edir, uğurlar qazanır. Təntənəli tədbir və yığıncaqlarda həmişə ona çıxış üçün söz verilir. Dərin məzmunlu, pafosdan uzaq fikirlərilə dinləyicilərin rəğbətini qazanır. Anadangəlmə gözəl rəssamlıq qabiliyyəti bu rəğbəti daha da artırır. Bir sözlə, Əbülhəsən Abbasov özəl keyfiyyətlərilə fərqlənən, bütün fənlər üzrə ən çox sayılıb-seçilən şagird, böyük ümidlərə zəmanət verən gənclərdən olur. Ona ən çox ümid bəsləyən isə atası idi. O, oğluna bu xəbərdarlığı da çatdırarmış: “Böyük uğurlarına inamlıyam, ancaq başına xoşagəlməz nə gəlsə, sənin hədsiz qəlb yumşaqlığından gələcək”. Əbülhəsən müəllim indi də bu qəlb yumşaqlığı məsələsini dilə gətirir: “Rəhmətlik atam çox düz deyirmiş, bu xüsusyyət mənə çox acılar yaşadıb, problemlər yaradıb”.

Orta məktəbi yüksək nailiyyətlərlə başa vuran Əbülhəsən yüksək göstəricilərlə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat  fakultəsinə daxil olur. Oxuduğu müddətdə universitetin sevimlisi, nüfuzlu tələbəsi kimi seçilən Əbülhəsən, ali təhsilini yüksək nailiyyətlərlə başa vuraraq, Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayır. Həm də, paralel olaraq, ADU-da “riyazi fizika tənlikləri” və “nəzəri mexanika” kursları üzrə dərslər aparır, cəmi 22 yaşında. Və hələ cavan çağlarından bir müəllim-pedaqoq və tədqiqatçı, habelə, haqqı-ədaləti qorumaq naminə özünü qabağa verən, üzərinə məsuliyyət götürən şəxsiyyət kimi hörmət sahibi olur. Vaxtilə dərs dediyi tələbələr, birgə çalışdığı həmkarları bu gün də onu dərin sayğı ilə xatırlayırlar. “O, alababətliyi, yarımçıq və qüsurlu iş görməyi, özünü sığortalamağı, cəmiyyətə verdiyi töhfədən artıq pay götürməyi, şəxsi maraqları naminə səlahiyyət sahiblərinin qapılarında bulunmağı qətiyyən özünə rəva bilməzdi”- deyirlər. Vaxtilə tələbəsi, sonra isə dissertantı olmuş, eyni zamanda, uzun illərin dostu kimi onu da əlavə edim ki, Əbülhəsən müəllim addımbaşı özünü sığortalayan, dəbə uyğun fəallıq göstərən, etnik mənşəyə və yaxud dini mənsubiyyətə, yerliçilik və qohumbazlıq amilinə görə insanları çeşidləyən, onları “bizimki”lərə – “yad”lara bölən adamları heç sevməzdi. Deyərdi: “Belə adamlar yaxşı insanlar, Allah adamları sayıla bilməzlər, çünki bütün varlıqları ilə İlahi qanunlara qarşıdırlar. Onlar durmadan vətənşüvənlik edib, “xalq”, “millət”, “dövlət” təəssübkeşliyindən bol-bol danışıb, yaxa cıra bilərlər, lakin canfəşanlıqlarının nəticəsi həmişə qəbahətlər, ictimai cırlaşma, ağlagəlməz ziyanlar olar. Bu, tarixdə dəfələrlə təsdiqini tapmış bir həqiqətdir!”.

Hələ universitetdə oxuyarkən onu daha çox ictimai quruluş məsələləri, insan-cəmiyyət, vətəndaş-dövlət münasibətləri, cəmiyyətin bir mürəkkəb sistem kimi inkişaf dinamikası, sosial ədalətin təmin olunması problemi düşündürürdü. Mürəkkəb sistemlər, onların inkişaf dinamikası istiqamətində tədqiqatlara qərarlı olan Əbülhəsən müəllim, öncə sistemlilik və bütövlük problemlərilə, onların həlli zərurətilə üzləşir. Bu zərurəti qarşılayaraq, Azərbaycanın görkəmli filosofu Cəmil Əhmədli ilə söhbətlər aparır, ondan məsləhətlər alır və qısa zaman ərzində, təhqiqatlarını yekunlaşdıraraq, sanballı bir dissertasiya işini elmi ictimaiyyətə təqdim edir. SSRİ-nin müxtəlif yerlərindən, ayrı-ayrı tanınmış mütəxəssislərdən (akademik E. Andronikaşvili, professorlar R. Qurbanov, A. Şeroziya, A. Beqiaşvili, V. Tüxtin, İ. Akçurin, A. Qorelov, R. Karpinskaya və b.) müsbət rəylər gəlir, iş yüksək qiymətləndirilir və təqdir edilir. Lakin, bütün müsbət rəylərə baxmayaraq, doğma Azərbaycanda o vaxtlar ADU-da fəaliyyət göstərən Müdafiə Şurası dissertasiyanı, qeyri-qanuni olaraq, müxtəlif bəhanələrlə, müdəfiəyə götürməkdən hər vəchlə boyun qaçırır. Üç ilin nəticəsiz gediş-gəlişindən sonra Əbülhəsən müəllim rəhmətlik akademik Firudin Köçərli və professor Cəmil Əhmədlinin məsləhətilə elmi işini Tbilisi Dövlət Universitetində fəaliyyət göstərən Elmi Şuraya təqdim edir. Gürcüstanın elmi ictimaiyyəti, görkəmli alim-filosofları tərəfindən çox yüksək dəyərləndirilən dissertasiya tezliklə növbədən kənar müdafiəyə buraxılır. Beləliklə, ad gününə beş gün qalmış, 1982-ci il fevralın 7-də, Əbülhəsən müəllim uğurla müdafiə edir. Dissertasiyada sistemlik-bütövlük problematikasına dair aktual məsələlər araşdırılır, aidiyyatı kateqoriyaların unifikasiyası aparılır və onların mükəmməl tərifi verilir. İndinin özündə də mütəxəssislər həmin təriflərə müraciət edir, müəllifin elmi tədqiqat nəticələrindən bəhrələnirlər. Məsələn, məhz həmin dissertasiyada ilk dəfə olaraq polibifurkasion vəziyyət və keçidlər dinamikasının fəlsəfəsi, habelə, fluktuasiya-bifurkasiya prosesslərinin qanunauyğunluqları, səciyyəvi xüsusiyyətləri fəlsəfi əsasda işlənilib, vahid üzvi sistem halında təqdim olunmuşdur ki, sonralar başqa alimlər tərəfindən daha da inkişaf etdirilmiş və zənginləşdirilmişdir. Təsadüfi deyildir ki, bu gün elmi mühitdə “Abbasov-Laslo prinsipi” adlanan bir məşhur idraki vasitə istifadə olunur.

Gündəlik mütaliəyə və elmi axtarışlara ayrılan vaxt, bu vaxtda əldə edilən tədqiqat nəticələri Əbülhəsən müəllimdə yeni-yeni idraki imkanlara, elmi məhsuldarlığa yol açır. 1984-cü ildə ilk monoqrafiyası işıq üzü görür ki, rəy vermiş tanınmış alimlər onu sistemlik-bütövlük nəzəriyyəsi sahəsində dəyərli fəlsəfi əsər kimi qiymətləndirmişlər. Sonralar, ardıcıl olaraq, yeni əsərləri dərc edilir. O cümlədən, 1990-cı ildə “Mürəkkəblik. Zaman. Sinergetika: mürəkkəblik və mürəkkəb sistemlərin inkişaf problemlərinin ümumnəzəri təhlili” adlı monoqrafiyası çıxır ki, geniş elmi ictimaiyyətin diqqətini cəlb edir. Bu kitab, faktiki, SSRİ məkanında sinergetikaya həsr olunmuş irihəcmli ilk fəlsəfi əsər idi. Qeyd edim ki, kitab bir çox dünya alimlərinin marağına səbəb olmuş və onlar tərəfindən təqdir edilmişdir (Nobel mükafatı laureatı, akademik L. Kantoroviç, SSRİ EA-nın müxbir üzvü S. Melüxin, professorlar A. Koçergin, V. Barulin, Q. Şedrovitskiy və b. Bu alimlərdən biri də o vaxtlar Münxendə yaşayan görkəmli filosof-sosioloq, məntiq elmi sahəsində xüsusi yeri, böyük xidmətləri olan məşhur professor Aleksandr Zinovyev idi. O da maraqlıdır ki, Əbülhəsən müəllim sonralar A. Zinovyevlə, onun vəfatına kimi (2009), dostluq münasibətlərində olmuşdur. Alimi tez-tez xatırlayır, barəsində söhbət salarkən belə deyir: “Məntiq sahəsində xüsusi xidmətləri bir yana, fikrimcə, Zinovyevin sosioloji nəzəriyyəsi son onilliklərin ən möhtəşəm, misilsiz əhəmiyyəti olan nəzəriyyələrindəndir. Heyif ki, hazırda onu layiqincə dəyərləndirənlər çox azdır. Hər şeydən əlavə, nəzəriyyə proqnostik və evristik cəhətdən olduqca əhəmiyyətlidir. Düşünürəm ki, yeni dünya nizamının formalaşması və optimal ictimai meqatrendlərin müəyyənləşməsi baxımından onun rolu əvəzsizdir. Gec-tez, yalnız alimlər yox, dünyanın taleyinə cavabdeh siyasət və dövlət adamları da həmin nəzəriyyəyə müraciət edəcəklər, bu, bir zərurətdir. Belə nəzəriyyələr İlahi hökmün, Hegelin təbirincə desək, Mütləq Ruhun məhsuludur və istifadəsiz qala bilməzlər”.

Sözün düzü, eyni fikirləri Əbülhəsən müəllimin öz yaradıcılığı barədə də deyə bilərik, ən azından alimin haqqını vermək məqsədilə! Bu, Allaha da xoş gələr, bəndələr üçün də faydalı olar! Və mən birmənalı bəyanlamaq istəyirəm: Əbülhəsən Abbasovun işləyib, hazırladığı nəzəriyyə və konsepsiyalar, epistemoloji və praksioloji sistemlər, paradiqmalar qətiyyən özünəvurğun subyektiv təfəkkürün, daxilinə qapanmış şüurun məhsulu deyil. Burada Mütləq Ruhun hökmü, İlahi gücün təsiri var. Belə nəzəri, fəlsəfi fikrin təməlini və məzmununu, sadəcə, subyektiv “Mən”in çabaları, hissi və idraki elementləri, emosianal durumdan doğan istək və arzular təşkil edə bilməz! Şübhəsiz ki, bu yaradıcılıqda “Mən”in hüdudlarını aşan, Mütləqdən təsirlənən və qidalanan, ondan güc alan məzmun-mahiyyət var. Bəli, belədir! Əks təqdirdə adi insan, tanınmış alim olsa belə, dörd-beş onillik ərzində, bütün maneələrə, dolanışıq çətinliklərinə baxmayaraq, bütöv bir elmi yaradıcılıq silsiləsi yarada bilərmi?! Baxın, həmin yaradıcılıq silsiləsinə daxildir: sistemlik-bütövlük nəzəriyyəsi, tənqidi-sinergetik təfəkkür konsepsiyası, funksional zaman-məkan konsepsiyası, polibifurkasion vəziyyətlər dinamikasının fəlsəfəsi, müasir açıq cəmiyyət konsepsiyası, sinergetik idarəetmə fəlsəfəsi, mürəkkəblik fəlsəfəsi, postneoklassik epistemologiya, ictimai meqatrend nəzəriyyəsi, milli maraqlar və milli ideologiya konsepsiyası, milli mentalitet nəzəriyyəsi, islahatlar fəlsəfəsi, meqabilik nəzəriyyəsi, insani-intellektual resursların idarə olunmasına dair baxışlar sistemi, tolerantlıq paradiqmasının fəlsəfi əsasları və s. Bildirim ki, Əbülhəsən müəllim 1997-ci ildə hazırladığı müasir açıq cəmiyyət konsepsiyasına görə Mərkəzi Avropa Universitetinin fəxri professoru diplomuna layiq görülmüşdür. 2002-ci ildə isə təməlini qoyduğu postneoklassik epistemologiya və digər elmi nailiyyətlərinə görə Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilmişdir. O, habelə, “Dünya professorları sülh uğrunda” beynəlxalq təşkilatın üzvüdür.

Ölkəmiz mustəqillik qazandıqdan sonra yaradıcı ziyalılarımızın, xüsusən də alimlərimizin üzərinə böyük yük düşmüş oldu. Sözsüz ki, Əbülhəsən müəllim bu prosesdən kənarda qalmadı və qala da bilməzdi. Vətənimizin üzləşdiyi çoxsaylı problemlər, onun qayğıları mürəkkəb sistemlər nəzəriyyəsinə əsaslanan sinergetik idarəetmə fəlsəfəsi üzrə doktorluq dissertasiyası üzərində işləyən bir alim üçün öncül məsələlərdən idi və mühüm əhəmiyyət daşıyırdı. Çoxlarından fərqli olaraq, Əbülhəsən müəllim, baş verən proseslərə elmi yanaşmanı vacib bilərək, bu istiqamətdə fəaliyyətini daha intensiv surətdə davam etdirməyə üstünlük verdi. O, durmadan işləyir, hansısa ciddi məsələləri həll etməyə çalışırdı, sanki, nəsə onu tələsdirirdi.

Bir dəfə bu barədə soruşdum, səbəbini ətraflı izah etdi. Eynilə, müsahibələrinin birində müxbirin suallarını cavablandıraraq belə söyləmişdi: “Bilirsiz, əməli işdən, konkret praktiki fəaliyyətdən öncə strateji düşüncə, mükəmməl konsepsiya, nəzəriyyə olmalıdır. Bu, insan fəailiyyəti, ümumən, xalq üçün vacibdir, xüsusən də indiki köklü dəyişiklər, sərt dönəmlər dövründə. Başqa canlılardan fərqli olaraq, əvvəlcə düşünüb, şüur işlədib, nəzəri konsepsiya-platforma ortaya qoyub sonra hərəkət etmək insana, insan birliklərinə – xalqa, millətə xasdır! Bu, hər şeydən əlavə, xalqın millətləşmə istiqamətində yüksək nizamlı inteqrasiyasıyaya nail olması üçün zəruridir. Əks halda, müasir zəmanədə heç bir etibarlı milli müstəqillikdən və dövlət suverenliyindən söhbət gedə bilməz, mən heç təyinatına və mahiyyətinə cavab verən hüququ dövlətdən, demokratik vətəndaş cəmiyyətindən danışmıram. Bu varlıqlar, belə bəşəri sərvətlər yalnız və yalnız Böyük İntellekt üzərində mövcudluğunu qurmuş millətlərin qismətidir. Bunları hay-küylə, lümpensayağı canfəşanlıqla, etnik və ya dini hissləri istismar etməklə yaratmaq mümkün deyil. Ən yaxşı halda, ölkəni tam tənəzzüldən və dağılmadan qorumaq naminə hansısa diktatura formasına müraciət etmək olar, başqa yol yoxdur! Heç kim özünü və başqalarını aldatmasın! İntellektin hökmranlığı olmayan yerdə diktatura, hətta despotiya qaçılmazdır! Nə qədər ki İntellekt, yəni, İdeya-İdeal arxa planda sürünəcək, yaxud qapazaltı olaraq Maddiyyatın caynaqları arasında can verəcək, mövcudluq naminə xalqlar diktaturalarla, avtoritar rejimlərlə, sərt və amansız idarəetmə formaları ilə barışmalı olacaq. Oxşar fikirləri, məndən öncə, qüdrətli zəka sahibləri, müdrik insanlar, o cümlədən, bilavasitə “Azadlıq haqqında” əsər yazmış böyük mütəfəkkir Con Stüart söyləyib”.

Əslində, bu, çox düzgün, həqiqi alim varlığından, onun məsuliyyətindən, vicdanından doğan yanaşma idi. Həyatın özü göstərdi ki, müstəqil Azərbaycan üçün əvvəlki dövrlərdən daha çox intellektdən qaynaqlanan, elmin aparıcı nailiyyətlərinə söykənən yanaşma, fəaliyyət düsturu zəruridir. Və Əbülhəsən müəllim qarşısına qoyduğu işin öhdəsindən layiqincə gələrək, tezliklə yazıb, müdafiə etdiyi doktorluq dissertasiyası ilə, yenə də, elmə, xalqımıza və dövlətimizə əhəmiyyətli töhfə vermiş oldu. Tam əminliklə deyirəm, onun məqsədi elmlər doktoru dərəcəsinə sahiblənmək yox, məhz elmə və cəmiyyətə töhfə vermək, zəmanənin çağırışlarından doğan problemləri cavablandırmaq, perspektiv inkişaf hədəflərini, forma və mexanizmlərini, üsul və vasitələrini müəyyənləşdirmək, bu zəmində etibarlı fəaliyyət fəlsəfəsini, gediş paradiqmasını yaratmaq olmuşdur.

Onu da özümə borc bilirəm deyəm ki, alimin doktorluq dissertasiyasının müdafiəsi də asanlıqla baş tutmayıb. 1990-cı ilin oktyabrında Moskva Dövlət Universitetində  müzakirə olunaraq fundamental tədqiqat işi kimi müdafiəyə tövsiyə edilmiş dissertasiya, yenə də, məhz “özümüzünkü”lərin qərəzilə, süni maneələrilə üzləşir. Yalnız neçə illər sonra, işi diqqətlə oxuyub yüksək dəyərləndirmiş rəhmətlik akademik Azad Mirzəcanzadənin ciddi təsirilə dissertasiya (eyni vaxtda iki –  idrak nəzəriyyəsi və sosial fəlsəfə ixtisasları üzrə) müdafiəya buraxılır. Qeyd edim ki, dissertasiya işinin bilavasitə Azad müəllimə tanışlıq məqsədilə çatdırılmasında vaxtilə Azərbaycanın Baş prokuroru və Ədliyyə naziri işləmiş, hüquq elmləri doktoru, “Ədalət” partiyasının sədri hörmətli İlyas İsmayılovun xüsusi təşəbbüsü və zəhməti olmuşdur. Səmimi minnatdarlıqla bildirim ki, İlyas müəllim həmişə Əbülhəsən Abbasovun yaradıcılığını, şəxsi keyfiyyətlərini yüksək dəyərləndirmiş və ona qayğıkeş dost münasibəti bəsləmişdir. Qarşılıqlı dərin hörmətə söykənən bu dostluq münasibətləri hazırda da davam etməkdədir.

Alimin başqa bir müsahibəsində söylədiyi bu fikirlərini də hörmətli oxuculara çatdırmaq istəyirəm: “Dəyərli hüquqşünas, tanınmış siyasi xadim, gözəl keyfiyyətlərilə fərqlənən İlyas İsmayılov hüquqi dövlət nəzəriyyəsini mükəmməl bilən, praktikada onun prinsiplərinə əməl edən nadir şəxsiyyətlərdəndir. O, bu mövzuda sanballı kitab da yazıb, 1999-cu ildə nəşr edilib. Kitabın elmi redaktoru mən olmuşam. Ona önsöz də yazmışam. Hüquqi dövlət – nizam və ədalətin qorunması üçün nəhəng insanların düşünüb, praktikada reallaşdırdıqları bir optimal mexanizmdir, dövlət idarəetmə formasıdır. O, həmişə milli səciyyə daşıyıb və belə də olacaqdır, çünki təşəkkül mənbələrinə, özəl və özül daşıyıcılarına görə milli keyfiyyətin ali səviyyəsini ifadə edən İntellektin məhsuludur. Bu məhsul ağır zəhmətlə, qeyri-adi istedad və fədakarlıqla, halallıqla qazanılır və burada fövqəl məsuliyyət, vicdan məsələsi müstəsna əhəmiyyət daşıyır. O, farmakoloji kompaniyanın istehsal etdiyi bahalı dərman deyil ki, alıb bədənə yeridəsən və şəfa tapasan. Yəni, hüquqi dövlətə sahiblənmək üçün vacibdir ki, başqalarının (qabaqcıl xalqların) intellektual məhsuluna göz dikib haramçılıq etməyəsən. Onlardan yaxşı nəsə öyrənə bilərsən, ancaq zəruridir ki, özün də intellekt payı ortaya qoyasan, bəşəri xəzinəyə töhfə verəsən, beləliklə də, hüquqi dövlətə milli səciyyə gətirərək, ona layiq olduğunu sübuta yetirəsən və “yaxşı həyat”a sahiblənəsən. Hüquqi dövlətin təmiz qəlbli, parlaq zəkalı müəlliflərinin ruhunu, onların bəşəri sərvətini Allah özü qoruyur! Utanıb-çəkinmədən, iri çömçə ilə bu sərvətdən müftəxorcasına pay çırpışdırmaq – mümkün olan iş deyil! Uca Tanrı hüquqi dövlətin müqəddaratını həll edən mizan-tərəzini o dünyada yox, artıq bu dünyada qurub! Onun saatları axirəti gözləmir, indidən işləyir. İnsanlıq və Xoşbəxtlik naminə! ”.

Artan sürətlə dəyişən dünyaya inteqrasiya edən cəmiyyətimizdə elmi tutumu şübhə doğurmayan, işlək yanaşmalar tələb olunduğu bir vaxtda yüksək hazırlıqlı gənc alimlərimizə, mütəxəssislərə yaranmış tələbat Əbülhəsən müəllimi düşündürməyə bilməzdi. O, gənclərimizə zəruri məsləhətlər verir, yol gostərir, Vətənə və bəşəriyyətə xidmətin istiqamətlərini müəyyənləşdirir, bu işdə onlarla birlikdə olurdu. Beləliklə, Əbülhəsən müəllim ictimai mühitin elmləşdirilməsində, gənc alimlərin yetişdirilməsində yeni bir mərhələyə başlayır. Çoxsaylı magistr, fəlsəfə doktoru, fəlsəfə elmləri doktoru hazırlayır. Cəmiyyətimiz üçün aktual olan mövzular üzərində işləməyi gənclərimizə tövsiyə etməklə bərabər, onlara bu istiqamətdə tədqiqat aparmaq üçün elmi idrakın incəliklərini aşılayır, yeni bilgi və məlumatlar verir, optimal yollar göstərir, təşkilati köməkliklər edir.

Dünya alim və mütəxəssislərinin əldə etdiyi elmi nailiyyətləri heç bir zəhmət və utanc hissi çəkmədən özününküləşdirməyi haramçılıq hesab edən alim gənclərimizə daha məsuliyyətli işləməyi, məhsuldar təhlilllər aparmağı, milli özünüdərk zəminində yeni elmi nailiyyətlərə yiyələnməyi, öz növbəsində, dünya elminə töhfələr verməyi həm tövsiyə edirdi, həm də öyrədirdi. Təkcə tövsiyələrlə, öyrətməklə kifayətlənməyərək, özü də çiyinini ağır elmi-tədqiqat yükünün altına verir, cəmiyyətimizi, müasir elmi-pedaqoji ictimaiyyəti düşündürən mövzularda məqalələr, monoqrafiyalar, tədris vəsaitləri, proqramlar yazır. Çoxsaylı kitablarından burada yalnız müstəqillik illərində çap olunmuşlardan bir qismini göstərmək istərdim: “Yeniləşən cəmiyyət. Müasir elmi paradiqma və idarəetmə: ümumnəzəri sinergetik təhlil” (1998), “Sosial-siyasi optimum fəlsəfəsi: mürəkkəblik, özünütəşkil, sinergizm” (2000), “Keçid dövrü və yeni iqtisadi təfəkkür” (2001, həmmüəllif),    “Vətəndaş cəmiyyətinə doğru: nəzəriyyə və reallıqlar”(2001), “İctimai inkişaf: qnoseologiya və metodologiya problemləri”(2003), “Demokratiya: reallıq və zərurət”(2005), “İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə”(2006), “Mürəkkəblik fəlsəfəsi”(2007), “Cəmiyyət və dövlət”(2007), “Milli maraqlar və milli ideologiya”(2013), “İnsan haqları  və ictimai rəy”(2014), “Geosiyasi və sosial fəlsəfə: ədalətli nizam və tərəqqi naminə”(2017), “Yeni dünya nizamı: siyasət və idarəetmə ”(2019), “Müasir fəlsəfə, süni intellekt və qeyri-səlis məntiq” (2022, həmmüəllif). Eyni zamanda alim müxtəlif jurnal və toplularda 250 dən artıq elmi məqalə çap etdirərək ictimaiyyətin ixtiyarına vermiş, 80-ə qədər tematik kitab və kollektiv monoqrafiyaların həmmüəllifi və elmi redaktoru olmuşdur.

Qeyd edim ki, “Yeni dünya nizamı: siyasət və idarəetmə ”(2019) adlı böyükhəcmli kitabında Əbülhəsən müəllim əsrlər boyu hökmran mövqedə olaraq bəşəriyyətə hədsiz acılar yaşatmış və hal-hazırda da fəaliyyət göstərən “geosiyasi realizm” doktrinasına alternativ olan sistemli nəzəriyyə işləmişdir. Düşünürəm ki, bu nəzəriyyə dünyanın yenidən formatlaşdırılması və bəşəriyyətin inkişaf perspektivləri baxımından xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, həmin əsərdə müəllifin illər öncə gündəliyə gətirdiyi ictimai meqatrend problemi yenidən işlənilmiş və bu istiqamətdə müvafiq baxışlar sistemi hazırlanmışdır.

Habelə, vurğulayım ki, son illərdə alim milli fəlsəfənin statusu və tədrisi, milli ideologiya və ictimai rəy məsələlərini araşdırmış, müasir islahatların ümumfəlsəfi əsaslarını, epistemoloji sistemini, aparıcı ideya və prinsiplərini işləmiş, qeyri-səlis məntiqin postneoklassik elmi paradiqmanin formalaşmasında, müasir texnologiyaların inkişafında yeri və rolu haqqında maraqlı fəlsəfi fikirlər söyləmişdir. Ümumiyyətlə, mübaliğəsiz, Əbülhəsən müəllimin yaradıcılığı olduqca genişəhatəli, zəngin, məhsuldar olmuşdur. Və heç də təsadüfi deyil ki, bir çox dəyərli şəxsiyyətlər, alim və yazıçılar, sənət adamları vaxtilə öz yazılarında, müsahibə və çıxışlarında onun yaradıcılığına istinad etmiş, yüksək dəyərləndirmişlər. Azərbaycan sovet nəsrinin banisi Süleyman Rəhimovun, böyük alimimiz Rafiq Əliyevin, dünya şöhrətli yazıçı, ictimai xadimlər Çingiz Aytmatov və Oljas Süleymenovun, akademiklər Firudin Köçərli, Cəmil Quliyev, Fuad Qasımzadə, Ziyad Səmədzadə, Rafael Hüseynov, Yaqub Mahmudov, Rasim Əliquliev, Nərgiz Axundova, Şahin Mustafayev və Nizami Cəfərovun, AMEA-nın müxbir üzvləri Məqsəd Səttərov, Şahbaz Muradov, Səlahəddin Xəlilov, Bəxtiyar Əliyev, Misir Mərdanov, Əminağa Sadıqov və Oleq Nərimanbəyovun, professorlar, alim-filosoflar Zümrüd Quluzadə, Həmid İmanov, Maarif Əkbərov, Maqsud Cəlilov, İrşad Əliyev, Nurqələm Mikayılov, Əlikram Tağıyev, Rəfiqə Əzimova, İlham Məmmədzadə, Məmməd Çıraqov, Eldar Məsimov, Əziz Məmmədov, Əli Abasov, Azər Mustafayev, Fizuli Qurbanov, Firuz Mustafa, Səidə Əliyeva, Rəna Mirzəzadə, Sakit Hüseynov, Fazil Mustafa, Etibar Əliyev, Lalə Mövsümova, Tahirə Allahyarova, Ziba Ağayeva, Arzu Hacıyeva və bir çox başqa dəyərli ziyalıların Əbülhəsən müəllimə göstərdikləri sayğılı münasibəti, onun yaradıcılığı barədə söylədikləri müsbət fikirləri xatırlatmaq, məncə, kifayət edər.

Beynəlxalq forum və konfranslarda hörmətli filosofumuz Vətənimizi  təkcə elmi ilə təmsil etməmişdir. O. Azərbaycanın haqq səsini daim yüksək tribunalardan səsləndirmiş, həqiqətləri söyləmiş, inandırıcı dəlillərlə fikirlərini əsaslandırmış, özünün ziyalı-vətəndaş borcunu icra etmişdir. Dünyada baş verən hadisələrin, şiddətlənən geosiyasi proseslərin dərin təhlilini aparmaq gücündə olan filosofu həmişə bir başlıca məqsəd qayğılandırmışdır: bu sərt, dramatik zəmanənin od-alovundan, aşkar və gizli təhlükələrindən Azərbaycanı qorumaq, ölkənin milli maraqlarının, xoşbəxt güzaranının təmin olunması istiqamətində ciddi elmi zəmin yaratmaq, etibarlı perspektivə yol açmaq.

Təəssüf ki, doğma Azərbaycanımız, elm və fəlsəfəmiz üçün  bu qədər əhəmiyyətli işlər görmüş, həmişə innovativ təşəbbüslərlə çıxış etmiş alim-filosofumuzun əməyi bu günə qədər rəsmi dairələr, hökümətimiz tərəfindən layiqincə qiymətləndirilməyib. Hətta çox illər öncə layiq olduğu “əməkdar elm xadimi” adı da, Prezidentin fərdi təqaüdü də verilməyib. Düşünürəm ki, 12 fevralda 70 illik yubileyi, elmi-pedaqoji fəaliyyətinin isə 48 illiyi münasibətilə Əbülhəsən müəllimi təbrik edənlər, eyni zamanda, dövlətimizin onun nümunəvi yaradıcılığına verdiyi mükafata görə də çox sevinib, məmnun olacaqlar.

Öz növbəmdə, istedadlı alimimizi, böyük dəyər sahibini qarşıdan gələn yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar diləyirəm.

İlyas Əsgərov, 

fəlsəfə üzrə fəlsəfə doktoru, 

Alimin yetirməsi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187232

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031