Cəlil Məmmədquluzadə 117 il bundan əvvəl İran haqqında nə demişdi?  

28.01.2023 - 12:40

” – Dadaş, sən allah, bu kağızı apar ver bir adama oxusun, görək burda nə yazılıb?

– Ay qız, Pərinisə, sənin heç ağlın yox imiş.

– Niyə, ay dadaş?

– Bir fikir elə gör, İrandan bura hürriyyət gələr?

– Ay dadaş, sən niyə elə söz danışırsan? İran nə uzaq yerdi ki, gəlməsin?! Ərəblər kəndi odur a… Arazın qırağındadı. Nə bir uzaq yoldu ki?! Buradan ora üç-dörd günlük yoldur.

– Yaxşı deyirsən, Pərinisə, Ərəblər çox uzaq yer deyil. Amma… o taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək… belə zadlar gələr; yoxsa, vallah mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələr…

Yuxarıdakı dialoqlar Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadənin 1906-cı ildə yazdığı “İranda hürriyyət” hekayəsindəndir.  Əslində Mirzə Cəlilin ağlına güldüyümüz bu tipik qəhrəmanları tam haqlı imiş. Ancaq zaman- zaman o taydan bu taya təkcə tiryək filan yox, həm də ən ali minbərlər səviyyəsində milli dövlət maraqlarımızı və konstitusiyamızın əsas prinsiplərindən biri olan sekulyarizmə qarşı təhdidlər gəlməyə başladı . Şahlıq dövrünün yerlə bir olmuş əzəmətini təlqin edən və əsrlərdir insanları mövhumat girdabında saxlayan bu qaragüruh zümrəsi maliyyə təminatı hesabına ölkəmizdəki əlaltılarının vasitəsilə dövlətimizin ideoloji bazasını sarsıtmağa çalışsa da, buna nail ola bilmədi. Onlar gec də olsa anlaya bildilər ki, multikulturalizmin dövlət səviyyəsində təbliğ olunduğu yerdə radikalizmə yer yoxdur və olmayacaq.

Ölkəmizin 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazanmış olduğu zəfəri heç cür həzm edən bilməyən qonşu İran ilk dəfə sükutu sərhədlərimizdə qanunsuz təlim keçirməklə pozmuş və çox keçmədən dövlətimiz tərəfindən cavabını almışdı.

Ancaq yanvar ayının 27-də ölkəmizin İrandakı səfirliyində baş vermiş hadisə onsuz da yaxşı olmayan münasibəti pisə doğru bir daha qaynatmış oldu. Mehriban qonşuluq siyasətinə önəm verən və bu yöndə də hər zaman xoş məramını ifadə edən ölkəmizdən fərqli olaraq, hədə dilində danışmağı metod seçən qonşu dövlət bu dəfə açıq-aşkar bunu silah və qanla ifadə etdi.

Biz yenə şəhid verdik. Bu dəfə verdiyimiz şəhid də öz ərazimizdə- diplomatik protokol qaydaları ilə tanınan və qorunmalı olan səfirliyimizdə şəhid oldu. Ancaq bu dəfə onu erməni öldürmədi, işğalçı Ermənistanı dövlət səviyyəsində dəstəkləyən və bunu açıq-aşkar bəyan edən İran İslam Respublikasının vətəndaşı öldürdü. Kitabi Dədə Qorqud dastanındakı “qara donlu kafirlər”i andıran bir qiyafədə səfirliyimizə – ərazimizə silahlı basqın edən səfil iranlı əslində böyük bir aysberqin görünən tərəfidir. Heç şübhəsiz ki, İran dövlətinin baş vermiş terror aktı ilə əlaqədar əsaslandırılmış cavab vermə öhdəliyi və məcburiyyəti vardır.

Heç şübhəsiz ki, ölkəmizin əhalisinin əsas hissəsi İslam (müsəlman) dininin daşıyıcılarıdır və onlar din-dövlət münasibətlərində çox yaxından iştirak edir və buna töhfələr verirlər. Ancaq bir qrup dindarlarımız da vardır ki, onlar inandığından daha çox, inandırıldığı kimi yaşayır və ibadət edirlər. Onlara dəyişən zaman və baş verən hadisələr fonunda inanc sistemlərinə korrekt etmək “məsləhət” olunsa da, onlar  çox zaman ya səmimi aqresatora, ya da  radikal dindara çevrilirlər.  İran tərzi dindarlıqdan ideoloji asılılıq halına gəlmiş olan bu tipdən olan dindarlarımızı qəflətdən oyatmağın əsl vaxtıdır. Görəsən bizim sadə və səmimi dindarlarımız bundan sonra özünün pasport kodunda “İslam” sözünü daşıyan, əməldə isə başqa xalqın beynəlxalq hüquqla tanınan ərazisini qəsb edib oradakı məscidlərdə donuz saxlayan və and yerlərini murdarlayan işğalçı Ermənistan dövlətini özünə qardaş sayan İran İslam Respublikasına mənəvi bağlılıq hiss edəcəkmi? Dindarlarımız bütləşdirmiş olduqları müctəhidlərin fətvalarına yenəmi Ləbbey deyəcəklər? Yenəmi ovuclarını Qum hövzəsinə tutub, oruclarını yerli dini idarələrimizin göstərişi ilə müasir və inkişaf etmiş astronomiyanın imkanları çərçivəsində deyil, onların zınqırovuna görə açacaqlar? Görəsən, yenəmi 40 milyona yaxın soydaşımızı öz doğma dilində danışmaq və məktəb açmaq imkanlarından məhrum edən və ən sərt qadağalarla onları təziyiq altında saxlayan  İran dövlətini hər vəchlə müdafiə edib İslamın bayraqdarı kimi qələmə verəcəklərmi?

Tükü-tükdən ayıra biləcək  sadəcə və səmimi dindarlarımız bu gün milli maraqlarımızı daha da qorumağın lazım olduğu çağırışını hər halda göz ardı etməyəcək.

 

Tacəddin Əli

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187261

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930