Azərbaycan Bütövlük Platforması “Türkmənçay müqaviləsi həftəsi”nə start verdi
Azərbaycan Bütövlük Platforması Türkmənçay müqaviləsinin ildönümü ilə bağlı “Türkmənçay müqaviləsi – bölünmüş Azərbaycan” mövzusunda elmi nəzəri konfrans keçirib.
Millət vəkili, partiya sədrləri, alimlər və ictimai fəallarının iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycan Bütövlük Platformasının (ABP) sədri Bəhram İsmayıl açaraq, Türkmənçay müqaviləsinin tariximizdəki faciəvi yeri haqqında danışıb. O həmçinin bildirib ki, ABP İdarə Heyətinin qərarı ilə bu həftə Türkmənçay həftəsi elan edilib və Platformanın bu mövzuda tədbirləri davam edəcək. Tarixçi alim, professor Nəsib Nəsibli “Nədən bölündük? Niyə birləşə bilmirik?” mövzusunda geniş məruzə ilə çıxış edib. O, Türkmənçay müqaviləsinin bağlandığı tarixi şərait haqda danışaraq son iki yüz il ərzində baş verənləri təhlil edib. AXP sədri Pənah Hüseyn bu günkü siyasi şərait və Azərbaycanın bütövləşməsinin geopolitik üstünlüyünü dəyərləndirib. Milliyyətçi şair Rüstəm Behrudi Azərbaycanın bütövlüyünün Türk Dünyasının bütövlüyündə ən vacib məsələ olduğunu qeyd edib. Daha sonra tarixçi alim etnoqraf Ramazan Hüseynov və Gülşən Məmmədoğlu Türkmənçay müqaviləsinin tarixi səbəbləri və yaratdığı nəticələr haqda danışıb.
“Kanal 13″ internet televiziyasının aparıcısı Rüfət Muradlı Azərbaycan Respublikasının Güney Azərbaycana dəstəyinin yetərincə olmadığını qeyd edib.
Hərəkatçı Bünyamin Qəmbər, ” Müharibə veteranı qadınlarına sosial yardım ictimai birliyi”nin sədri Radə Abbas, ABP İdarə Heyətinin üzvü Taleh Əliyev, “Qafqazmedia”nın rəhbəri Kamran Güllər, Təbrizli fəal Atilla Saxa çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=187484