Həkimin intiharı yenidən araşdırılacaq – Qərar dəyişdi
Lənkəranda tanınmış həkim Müşfiq Bağırovun intiharı ilə bağlı açılmış cinayət işinə xitam verilməsi qərarı ləğv edilib.
Bu barədə “Qafqazinfo”ya M.Bağırovun ailəsinin vəkili Elçin Sadıqov məlumat verib.
O bildirib ki, Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış işə xitam verilməsi qərarı ləğv edilib: “Biz prokurorluğun cinayət işinin istintaqına xitam verilməsi ilə bağlı 20 dekabr 2022-ci il tarixli qərarından məhkəməyə şikayət etmişdik. Göstərilmişdi ki, cinayət işi düzgün araşdırılmayıb, ziddiyətlər aradan qaldırılmayıb. Həmçinin Müşfiq Bağırovun özünü öldürməsində adları hallanan şəxslərin digər qanunsuz əməlləri araşdırılmayıb. Bu gün məhkəmə şikayətimizə baxdı və təmin etdi. İş Lənkəran Rayon Prokurorluğuna qaytarıldı”.
Elçin Sadıqov əlavə edib ki, zərərçəkən tərəf cinayət işinin yenidən Lənkəran Rayon Prokurorluğunda aparılmasını istəmir: “Şikayət edəcəyik ki, iş onlardan alınsın və Baş Prokurorluğun icraatına verilsin”.
Qeyd edək ki, hadisədən sonra M.Bağırovun məktubu tapılıb. O, məktubunda hədə-qorxu səbəbindən həyatına qəsd etdiyini bildirib və bir neçə nəfərin adını qeyd edib.
Nizam Rza
Short URL: http://www.cumhuriyyet.net/?p=187617