Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür
Mediaxeberleri.Az xəbər verir ki, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.
Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.
Son illər ölkəmizdə də bu gün bir sıra tədbirlərlə qeyd edilir.
Günün əhəmiyyəti ilə əlaqədar Ağstafa rayonu ərazisində kitab bağışlama aksiyası təşkil olunub. Aksiya çərçivəsində kitaba marağı olanlar park ərazisində qurulmuş stendə yaxınlaşıb kitablarla tanış olublar. Daha sonra seçdikləri kitab onlara hədiyyə edilib. Aksiyanın keçirilməsində məqsəd kitaba olan marağın artırılmasıdır.
Məlumat üçün bildirək ki, aksiya Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyi və “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatşılığı ilə baş tutub.
Short URL: http://www.cumhuriyyet.net/?p=188123