Soltanlı məktəbində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib – Foto

06.03.2023 - 11:26

Qaradağ rayonunun ərazisində fəaliyyət göstərən Cəbrayıl rayonu Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “TARİX YARADAN ŞƏXSİYYƏT” adlı tədbir kecirilib…
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin əməkdaşlarları Rövşən Ağayev və Əhliyət Adıgözəlov, Cəbrayıl rayon təhsil sektorunun müdiri Zamiq Qurbanov, Cəbrayıl rayon Icra hakimiyyətinin nümayəndələri, məktəbin müəllimləri və yuxarı sinif şagirləri iştirak ediblər.
Mərasimdən öncə iştirakçılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərimizə şəfa dilədilər. Sonra əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova Ulu öndərimizin həyatı, hakimiyyətə gəlişi, fəaliyyəti haqqında tədbir iştirakçılarına dolğun məlumat verdi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini böyük tarixi hadisə adlandıraraq, dahi şəxsiyyətin ölkənin inkişafında göstərdiyi müstəsna xidmətlərinin, parlaq və şərəfli həyat yolunun və dövlətçilik fəaliyyətinin daha yaxından öyrənilməsi üçün bunun böyük fürsət olduğunu qeyd edərək, onun Azərbaycanın bütün sahələrdə inkişafı üçün göstərdiyi əvəzsiz xidmətlərini iştirakçıların diqqətinə çatdırmış və Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını vurğulamışdır.
Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda təhsilin təşəkkülü və inkişafının bilavasitə Ümummilli liderin adı ilə bağlı olduğu xüsusi qeyd edən natiq bildirmişdir ki, böyük rəhbərlik bacarığı, fitri istedadı, novatorluğu, yüksək intellekti və təşkilatçılığı ilə seçilən Ulu öndər dövlətin idarə olunmasına, xarici və daxili siyasətə, iqtisadi və sosial sahələrə aid bütün məsələlərin həllinə hər zaman elmi cəhətdən əsaslandırmaqla yanaşmağa üstünlük verirdi. Dahi şəxsiyyətin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.
Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafının prioritet sahə kimi mühüm yer tutduğunu vurğulayan Ceyhun Məmmədov təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarların, verdiyi tapşırıqların, irəli sürdüyü uzaqgörən konseptual fikirlərin və tövsiyələrin bu gün də Azərbaycanda təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verdiyini bildirmişdir.
Çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev qeyd etmişdir ki, Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çox yazılıb, bundan sonra daha çox yazılacaqdır. Ancaq bu həyatın tarixi məqamlarını dönə-dönə qələmə almaq, insanlara çatdırmaq vətəndaşlıq borcu olmaqla yanaşı, həm də indiki və gələcək nəsillər üçün bir nümunədir. Ulu öndərin zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Sonra R.Ağayev Heydər Əliyev haqqında xatirələrini danışaraq Ümummilli liderimizin ötən əsrin 70-80-ci illərində Bakı şəhəri Lenin (indiki Sabuncu) rayonunun sakinləri, neftciləri ilə kecirilən görüşləri barədə müfəssəl məlumat vermişdir. Eyni zamanda 1996-cı il sentyabrın 7-də Prezident sarayında Füzuli, Cəbrayil və Qubadlı rayonlarının işğalının üçüncü ildönümü ilə əlaqədar həmin bölgələrin ictimaiyyətinin nümayəndələri ilə Heydər Əliyevin kecirdiyi görüş, həmin tədbirlə əlaqədar çap olunmuş materiallar barədə danışmış, eyni zamanda təhsil ocağına Ümummilli liderin və onun layığlı davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitablar hədiyyə etmişdir.
Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyət Adıgözəlov Heydər Əliyevin Azərbaycan təhsilinin himayədarı olduğunu, bu sahədə çalışanlara, xüsusilə, müəliimlərə həmişə diqqət və qayğı göstərdiyini xatırlatmışdır. Bu gün milli təhsil sahəsində qazanılan böyük nailiyyətlərdə, aradakı kiçik fasilə istisna edilməklə, XX əsrin 30 ildən artıq bir dövrünü öz qüdrətli çiyinlərində uğurla üçüncü minilliyə daşımış böyük şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri haqqında böyük iftixarla danışmaq olar. Heydər Əliyev çıxışlarının birində qeyd edib ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətli inkişafının təmin edilməsidir. Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və hazırda dünya təcrübəsi də öyrənilməklə Azərbaycanda təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər görülür.
Daha sonra çıxış üçün söz şagirdlərə verildi. Məktəblilərin ifasında vətənimiz Azərbaycana, Ümummilli liderimiz Heydər Əliyevə, onun Vətən sevgisinə həsr olunmuş şeirlər söylənildi. Dünya səviyyəli şəxsiyyət olan Ulu öndərimiz haqqında tanınmış şəxslərin, dünya dövlətləri liderlərinin söylədikləri maraqlı fikirlər, eyni zamanda H.Əliyevin özünün tarixə düşmüş qızıl kəlamları, nəsihətamiz sözləri səsləndirildi. Dahi rəhbərin həyatından, fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
VII sinif şagirdi Hüseyn Quliyevin ifasında səslənən “Bayatı şiraz” muğamı, IV və VI sinif şagirdlərinin ifasında səslənən “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnısı tədbir iştirakçılarında həzin, kövrək hisslər doğurdu. İbtidai sinif şagirdləri “Biz gənc Heydərçilərik” şüarı altında xalqın bu vətənpərvər oğlunun hər sahədə davamçısı olacaqlarını fəxrlə, iftixar hissi ilə qeyd etdilər. İşğaldan azad olunmuş bütün bölgələrimizdə qürurla dalğalanan üçrəngli bayrağımıza həsr olunmuş rəqs ifa olundu. Ümummilli liderimizin müxtəlif sahələrdə – ordu quruculuğu, təhsil, mədəniyyət, gənclər, hüquq, iqtisadiyyat, daxili və xarici siyasət və s. sahələrlə bağlı atdığı ən mühüm, önəmli addımları diqqətə çatdırıldı. Tədbirin yekunu olaraq, məktəbin VI və VII sinif şagirdlərinin ifasında müstəqilliyimizə həsr olunmuş kompozisiya təqdim olundu və üçrəngli Azərbaycan bayrağı səhnədə qürurla dalğalandırıldı.
Tədbirin sonunda məktəbin ibtidai sinif müəllimləri Rüstəmova Amalya, Həşimova Səbirə, Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Günel, fizika müəllimi Yunisova Reyhan, həmçinin ayrı-ayrı sinif şagirdləri tədbirin hazırlanmasında fəal iştirak etdiklərinə görə məktəbin Fəxri fərmanı ilə təltif olundular. Mərasimdə iştirak edən qonaqlar məktəbin foyesində təşkil edilmiş guşədə şagirlər tərəfindən xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə hazırlanmış şəkil və eksponatlarla tanış oldular.

r.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189466

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930