Xocalı Cəngavəri – Milli Qəhrəman Əlif Hacıyev 70

24.06.2023 - 10:56

Əlif Hacıyevin erməni daşnakları ilə mübarizəsi Qarabağ hadisələrindən əvvəl başlayıb. Dağlıq Qarabağda, Xankəndində erməni millətçilərinin gizli fəaliyyəti, azərbaycanlılara qarşı məkrli niyyətləri onun diqqətindən yayınmayıb. Bacarıqlı və qorxmaz polis işçisi Əlif Hacıyev heç nədən və heç kimdən qorxmadan erməniləri ifşa etməkdən çəkinməyib. Təbii ki, onun bu cəsarəti və çevikliyi vilayətdə erməni rəhbərliyi üçün təhlükə və maneə sayılıb.
  Bu gün Milli Qıhrıman Əlif Hacıyevin doğum günüdür. “Mixaylo”ya bənzəmək istəyən uşaq Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb.
Uşaq olanda anasına böyüyəndə Mehdi Hüseynzadə kimi Sovet İttifaqı Qəhrəmanı olacağını deyirmiş. 1970-ci ildə orta məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. 1973-cü ildə Minsk şəhərində hərbi xidmətini başa vurduqdan sonra, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1976-cı ildə keçmiş SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub və 1979-cu ildə həmin məktəbi bitirib. 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib. Ermənilərlə ilk qarşıdurma 1984-cü ildə Əlif Hacıyev ermənilər tərəfindən oğurlanmış azərbaycanlı uşağı xilas edib. Xankəndindən Yerevana millətçi qruplara külli miqdarda pul göndərilərkən onun qarşısını alaraq, ermənilərin gizli təşkilatlanma planlarına maneçilik törədib. Beləliklə Əlif ermənilərin qorxulu yuxusuna çevrilib. Onu aradan götürməyin yollarını axtaran ermənilər bu yolda gizli planlar qurur. Nəhayət onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edərək, Əlifi öz kabinetində həbs etdirməyə nail olurlar. Məhkəmə ona 10 il azadlıqdan məhrumetmə cəzası verib. Uzun-uzadı şikayətlərdən sonra cəza müddəti 6 ilə endirilib, sonda isə Əlif Hacıyev bəraət alıb. Xocalı hava limanında əməliyyat Əlif  Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək, erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xəttdaxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı hava limanının komendantı olur. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir. Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeraportu zor gücü ilə ələ keçirməyə çalışırdılar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Quldurlar aeraportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir. O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və batalyonların hərəkəti barədə əmr veririrdi. Ermənilər elə başa düşüb ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar. Rus generaına verilən cavab 1990-cı ilin avqust ayında ermənilər general-mayor Dadaş Rzayevi əsir götürür. Onu geri qaytarmaq istəməyən ermənilərə cavab olaraq Əlif gecə ilə ermənilərin hərbçilərindən Əlmiryanı əsir götürür. Atası və qardaşı Süleyman ermənilər tərəfindən girov götürülür. Atasını geri qaytara bilsə də, qardaşını xilas edə bilmir. Əsirlikdən qayıdanların sözlərinə görə, ermənilər Süleymanın Əlifin qardaşı olduğunu biləndə ona ən ağır işgəncələr veriblər. 1992-ci ildə Xankəndiyə rəsmi nümayəndələr gəlir. Onları Əlif Hacıyev qəbul edir. Rus generalı Safanovla mübahisə edir. Onun əleyhinə çıxaraq cavab verir ki, vəziyyət yaxşı deyil. Moskvadan gələnlərin təhlükəsizliyinə təminat verə bilmərik. Aldığı rədd cavabından sonra general qəzəbli və yumruqları düyünlənmiş halda qışqırır: “Yoldaş kapitan, unutma ki, qarşındakı generaldır!” Əlif Hacıyev isə deyir: “Siz də unutmayın ki, Azərbaycan torpağındasınız. General rütbəcə özündən aşağı zabitin ona belə cavabından sarsılır. Təslim olmayan qəhrəman Xocalının müdafiəsi üçün Əlif Hacıyev bütün qüvvəsini səfərbər edib. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə o digər qeyrətli həmvətənləri ilə birgə qanlı döyüşlərə atılıb. Qüvvələrin qeyri-bərabər olmasından qorxmayan Əlif Hacıyev geri çəkilməyib. Aeroportdakı məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partladıb. Düşmənin zirehli hərbi texnikaları Xocalıya girəndə Əlif Hacıyev köməksiz qalan insanları Ağdamın Şelli kəndi istiqamətinə çıxarıb və yenidən geri qayıdıb. Təslim olmaq Əlif Hacıyevin xarakterinə görə deyildi. Son gülləsinə qədər döyüşən Əlif Hacıyev doğulub boya-başa çatdığı Xocalı torpağında qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib. * 1990-cı ildə Əlif hərbi əməliyyatdan qayıdanda bacısı ilə söhbət edib. Söhbət zamanı Şuşaya, Qırxqız dağlarına tərəf baxıb deyib: “Bacı, ola bilər ki, Ağdam, da Şuşa da, Xocalı da alınsın. Amma vaxt gələcək, Azərbaycanın bir qeyrətli oğlu bu torpaqları işğaldan azad edəcək”.
Şahin Əhmədov,
Siam.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=192627

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30