Milli Kino Günüdür

02.08.2023 - 11:00

Bu gün Azərbaycanda Milli Kino Günüdür. Milli kinomuzun 125 yaşı tamam olur.

Cumhuriyyet.net xəbər verir ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişonun çəkdiyi xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjet (“İlişdin”) Azərbaycan kinosunun ilk filmləridir.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətlər (ticarət evləri) tərəfindən Bakı, Tbilisi, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. Həmin il adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı Azərbaycanın ilk bədii filminin çəkilişinə başlayıb. Filmi çəkmək üçün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tbilisidə çəkilib. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb.
1916-cı ildə Bakıda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında Azərbaycanın ilk kinokomediyası çəkilib. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirilib.

1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başlayıb. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhu, milli adət-ənənələri özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verib. Ötən əsrin sonunda çəkilən filmlər sırasında isə ən çox yadda qalanları Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Arxada qalmış gələcək”, “Dolu” kimi kinolentlər oldu.

Qeyd edək ki, ümumilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-si Azərbaycan Milli Kino Günü kimi rəsmiləşdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=194025

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31