Qobustan rayonunda şəhid ailələrinə qarşı laqeydlik – VİDEO, FOTO

09.08.2023 - 18:04

Nabur kəndində yollar əhalidən yığılan vəsait hesabına abadlaşdırılır – Bələdiyyə nə işə baxır?

Azərbaycan dövlətinin qanunlarına görə, “şəhid” statusu verilmiş ölkə vətəndaşlarının ailələri yüksək imtiyazlara malikdir. Bu imtiyazlarda şəhid ailələrinin sosial təminatlarından tutmuş, yaşadıqları mənzil və küçələrin abadlaşdırılmasına qədər qayğılar nəzərdə tutulur. Çünki dövlət onun təhlükəsizliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş oğul və qızların ailələrinə, onları yetişdirən valideynlərə daim diqqətlə yanaşmağı ali dəyər sayır.

Ölkə Prezidenti, cənab İlham Əliyev də bu mövzuda imzaladığı sərəncam və fərmanlarda, eləcə də dəfələrlə məmurlara verdiyi tapşırıqlarda həmişə şəhid ailələrinin diqqət mərkəzində saxlanılmalı olduğunu ciddi şəkildə ortaya qoyub. Lakin yerlərdəki bəzi məmurların başı şəxsi tamahlarına qarışdığından, şəhid ailələrinin qayğılarını qarşılamaq onların sanki yadlarına düşmür. Fikrimizi Qobustan rayonunun Nabur kəndində olan şəhid ailələrinə göstərilən məmur laqeydliyi ilə əsaslandırmağa çalışacağıq.

Əməkdaşımız bir neçə ay əvvəl ictimai təşkilat nümayəndələri ilə birlikdə şəhid ailələrini ziyarət məqsədilə Qobustan rayonunun Nabur kəndində olmuşdu. Şəhid Bəxtiyar Bayramşah oğlu Məmmədovun valideynlərini ziyarət edən nümayəndələr Nabur kəndində xoşagəlməz mənzərələrlə qarşılaşmışdı. Belə ki, kəndin üç şəhid – Murad Gülümxan oğlu Mayılov, Bəxtiyar Bayramşah oğlu Məmmədov, Ziya Əli oğlu Bəkdəmirov – ailəsi yaşayan küçənin həddən artıq bərbad vəziyyətdə olması, küçədə asılan Azərbaycan bayrağının arzuolunmaz hala düşməsi ziyarətçilərdə təəssüf və qəzəb hissi yaratmışdı. Elə həmin gün kənd rəhbərliyinə canlı şəkildə çatdırılan iraddan dərhal sonra Azərbaycan bayrağı yenilənmişdi. Küçənin də abadlaşdırılması istiqamətində Rayon İcra Hakimiyyəti başçısının məlumatlandırılacağı və gələcəkdə bu yöndə işlər aparılacağı vəd edilmişdi…


Orada məlum olmuşdu ki, Nabur kəndinin bir hissəsi camaatdan toplanan vəsait hesabına asfaltlanıb və yığılmış maddi vəsaitin müqabilində iş hələ tamam başa çatdırılmayıb. Fikirləşdik ki, kənd sakinlərinin öz pulları hesabına həyata keçirilən asfatlanma işi davam etdiriləndə üç şəhid ailəsinin yaşadığı küçə də abadlaşdırılacaq. Bu barədə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovla, Becan.az saytı olaraq, telefon əlaqəsi də saxlamışdıq. Adil Məmmədov bildirmişdi ki, Nabur kəndində mərhələli şəkildə abadlıq işləri aparılır, növbə çatanda üç şəhid ailəsinin yaşadığı küçə də abadlaşacaq. Biz bildirəndə ki, Nabur kəndindəki asfaltlanma işi kənd camaatının vəsaiti hesabına həyata keçirilir, şəhid ailələrinin rahatlığının təmin olunması isə dövlətin, yəni sizin işinizdir, yenə rayon başçısı “mərhələ”lərdən danışıb, telefonu qapatdı…

Xəbər tutduq ki, bir neçə gün əvvəl, daha doğrusu, iyul ayının 27-də Nabur kəndində sakinlərin vəsaiti hesabına görülən asfaltlanma işinin yarımçıq qalan hissəsi də tamamlanıb. Lakin sözügedən şəhidlər küçəsi əvvəlkitək bərbad vəziyyətdə qalıb. Sadəcə, şəhid atası Bayramşah Məmmədovun darvazasına bir maşın qaşınma asfalt tökülüb. (Görünür, rayon başçısı elə başa düşür ki, yolun vəziyyətinə görə Bayramşah kişi şikayətçidir, bu üzdən bir maşın qaşınma asfaltı onun qapısının ağzına tökdürüb! Halbuki şikayətçi kimsə deyil, dağım-dağım dağılmış, uçum-uçum uçulmuş, şəhid ailələrini ziyarət edən insanları görərkən sıxılan, bürüşən yol özüdür!-red.) Yenidən məsələ ilə əlaqədar Qobustan RİH-nin başçısı Adil Məmmədovla telefon əlaqəsi yaratmağa çalışdıq, amma sözügedən yoldakı darmadağın daşlardan səs çıxdı, başçıdan səs gəlmədi. Əvvəlki telefon danışığımızda Adil müəllim söyləmişdi ki, biz şəhid ailələrinin halına sizdən də çox yanırıq… Gördük və görürük, cənab Başçı!


Başçı cavab vermədiyi təqdirdə, onun Nabur kənd ərazi vahidliyi üzrə nümayəndəsi Rahib İsayevlə əlaqə saxladıq. Soruşduq ki, ay Rahib müəllim, şəhid ailələrinin yaşadığı – həcmcə kiçik, mənəvi məzmunca böyük – küçəni asfaltlamağa gücünüz(rayon rəhbərliyi nəzərdə tutulur-red.) çatmadı? Rahib İsayev bildirdi ki, xərci camaat tərəfindən ödənilən asfaltlanma işini iki ilə güclə bitirdik, şəhid küçəsinə hələ imkan yoxdur, gələcəkdə mərhələli şəkildə o küçəyə də diqqət ayrılacaq!..

(“Bəs sizin bələdiyyəniz nə işə baxır?” sualımızsa cənab Rahib İsayev tərəfindən cavabsız qoyuldu və bizim sonradan Nabur Bələdiyyə sədri ilə əlaqəmiz baş tutmadı.)


Yenə “mərhələ”li şəkildə!.. Sanki icra nümayəndəsi də başçının dililə danışdı… Maraqlı burasıdır ki, əhalidən pul yığılanda iş mərhələli olmur, şəhid ailələrinə gələndə, “mərhələ” hoppanıb girir araya… Nəzərə alsaq ki, adıçəkilən küçənin eni 3-4 metr, uzunluğu 5-6 yüz metr olar, onda sual yaranır: bu ölçüdə olan küçənin hansı hissəsini “mərhələ”yə dürtüşdürmək istəyirlər?!. Qısaca demirlər ki, o yolu düzəltməyəcəyik!.. Zatən, 3 ildə şəhidlər küçəsinə baş aparmayan Başçı, güman ki, bundan sonra da öz mövqeyində qalacaq – istər “mərhələli”, istərsə mərhələsiz şəkildə olsun!..

Qeyd edək ki, Adil Məmmədov 1994-cü ildən – əvvəlcə Oğuz, Qəbələ, Biləsuvar, 2011-ci ildən isə Qobustan RİH-nin başçısı vəzifəsini tutur. 29 ildir icra başçısı postunu tutan Adil Müəllimin şəhid ailələrinə qarşı olan bu laqeydliyi, təbii ki, qınanılasıdır. Axı, vəzifə müddəti uzandıqca, iş təcrübəsi də artmalıdır…

İnanmaq istərdik ki, “Siz deməsəniz də, şəhid ailələrini diqqətdə saxlayırıq. Buna görə Prezidentimizin tapşırıqları da var!” – deyən Adil Məmmədov, heç olmasa, bu yazıdan sonra sözügedən küçənin asfaltlanması istiqamətində mühüm addımlar atacaq, hər yağışdan sonra dağılan küçənin daşlarını bir-bir əlləri ilə yenidən yola düzən şəhid valideynləri bu zülümdən xilas olacaq və şəhid evlərini ziyarət edən insanlar yaradılan rahatlığı görüb, “bərəkallah” deyəcəklər!

Qarşı tərəflərin fikri olsa, mövqelərini dinləməyə və dərc etməyə hazırıq!

 

Becan.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194391

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930