Qarabağda antiterror tədbirləri zamanı yaralanmış leytenant Qazaxda izdihamla qarşılandı- FOTOLAR
Bildiyimiz kimi, sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlar və terror hücumları nəticəsində mülki vətəndaşlarımız və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları həlak olublar. Ona görə də bu təxribatlara cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. Bu təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edən və hüquqi əsasını formalaşdıran müddəalar isə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndində aydın şəkildə ifadə olunub.
Azərbaycan Ordusu tərəfindən başladılan lokal xarakterli antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ayaq nahiyəsindən yaralanan Qazax rayonu aşağı Əksipa kənd sakini Tağım komandiri, leytenant Həsənov Aslan Front oğlu Bakıda müalicə aldığı Hospitaldan bu gün doğma yurdu Qazaxa dönüb.
23 günlük müalicədən sonra evinə dönən leytenant Həsənov Aslanın dönüşü əsl bayram ab-havası yaradıb. Böyükdən-kiçiyə hər kəs Aslanın yaşadığı evinin qarşısına gələrək onu qarşılayıb.
Daha sonra ayağının altında qurbanlar kəsilib və valideynlərinə göz aydınlığı verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=196437