Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş fləşmob keçirilib
Artıq 3 ildir ki, Azərbaycan xalqı tarixi Zəfərimizi qürurla qeyd edir. Üç il öncə 27 sentyabrda başlayan Vətən müharibəsində işğalçı ölkə olan Ermənistanın ordusuna vurulan sarsıdıcı zərbələr, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq Qələbə tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsinə, suverenliyimizin təmin olunmasına yol açdı. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Darmadağın olan düşmən sonda ağ bayraq qaldırdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan azad olundu. Əldə etdiyimiz tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.
Noyabrın 7-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə fləşmob keçirilib.
Qazax şəhərinin mərkəzində yerləşən dahi şəxsiyyət Heydər Əliyev adını daşıyan parkda 8 Noyabr – Zəfər Günü münasibətilə 700 nəfərin iştirakı ilə “Zəfər Günü” sözü yazılıb. Üçrəngli Azərbaycan Bayrağı və qardaş ölkə olan Türkiyənin ay ulduzlu bayrağı fləşmoba xüsusi rəng qatıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının digər məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rəis müavini Elçin Cəfərov, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, idarənin əməkdaşları, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, şəhid ailələri, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri gənclərin təşkil etdiyi şanlı Zəfərimizə həsr olunmuş fləşmobu izləyiblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev gəncləri rayon rəhbərliyinin adından salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini çatdırıb. M.Alıyev 2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsinin xalqımızın yaddaşına qızıl hərflərlə yazıldığını qeyd edib. Bu gün qalib ölkənin vətəndaşı olaraq xalqımızın Zəfər Gününü qürurla, fəxrlə qeyd etdiyini söyləyib. Birinci müavin 44 günlük haqq savaşında şanlı Azərbaycan Ordusunun döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazaraq xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyduğunu qeyd edib. Əldə etdiyimiz tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev gəncləri salamlayaraq 8 Noyabr – Zəfər Günü münasibətlə ürək sözlərini bölüşüb. Ə.Məsmalıyev xalqımıza şanlı Zəfəri bizə bəxş edən, tarixi Qələbəni yaşadan şəhidlərimizi ehtiramla yad etdiyimizi vurğulayıb. 2023-cü ilin xalqımız üçün əlamətdar bir il olduğunu, bu ilin “Heydər Əliyev İli” elan edildiyini söyləyən Ə.Məsmalıyev bu il həm də Prezident İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötdüyünü qeyd edib. 15 oktyabr 2023-cü il tarixinin də Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldığını, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırıldığını bildirib. Müzəffər Ali Baş Komandanın söylədiyi “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” sözlərinin hər kəsi qürurlandırdığını vurğulayıb.
Gənclərlə görüşən rayon rəhbərliyi nümunəvi təşəbbüslərinə görə onlara razılıqlarını bildiriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=196983