“Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın bağlanış tədbiri BDU-nun Qazax filialında olub
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu, Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd edilməkdədir. Prezident cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsidir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. Bu gün də, sabah da qürurla söyləyəcəyik ki, Ulu Öndər Heydər Əliyev qədirbilən xalqımızın qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Xalqımız müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyəti hər zaman böyük hörmət və ehtiramla anacaq.
Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur.
“Heydər Əliyev İli” çərçivəsində 2023-cü il 23-24 noyabr tarixlərində Qazax Rayon İcra Hakimiyyətinin, Ərzincan Binəli Yıldırım Universitetinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
Noyabrın 23-də Ədəbiyyat Muzeyində keçirilən Beynəlxalq Elmi Konfransa Türkiyədən, Qazaxstandan, Sibiriyadan (Tuva Türkü), Özbəkistandan, Koreyadan elm adamları qatılıb. Konfransın açılış tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının Fəxri üzvü Hulusi Kılıc, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı, Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa, Adıyaman Üniversitesi Fen Edebiyyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü, Prof.Dr. Şehrabanı Allahverdiyeva, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova, Naxçıvan Dövlət Universitetindən Fil.ü.f.d.dos. Bağır Babayev, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın professor-müəllim heyəti, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər.
Noyabrın 24-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın bağlanış tədbiri Bakı Dövlət Universitetinin Qazax filialında keçirilib.
Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı, Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova, şəhid ailələri, filialın müəllim-tələbə heyəti iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. İ.Qəsəbova qeyd edib ki, nə xoş bizlərə ki, dahi şəxsiyyətin adı ilə bağlı olan bir ildə keçirilən yubiley tədbirlərinin iştirakçısıyıq və gözəl anlara şahidlik edirik. İ.Qəsəbova Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı və Ərzincan Binəli Yıldırım Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransa Azərbaycanla yanaşı, Türkiyədən, Qazaxstandan, Sibiriyadan (Tuva Türkü), Özbəkistandan elm adamlarının qatıldığını bir daha diqqətə çatdırıb. İ.Qəsəbova Beynəlxalq Elmi Konfransın həyata keçirilməsində dəstək verən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin təşəkkürünü bildirib. Konfransa elmi məruzələri ilə qatılan, məqalə ilə çıxış edən bütün elm adamlarına, eləcə də konfransın təşkilində əməyi keçənlərə təşəkkür edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini, hər zaman olduğu kimi, “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın da yüksək səviyyədə təşkil olunduğunu söyləyib. İcra başçısı Ulu Öndərin 100 illiyi ilə bağlı keçirilən Beynəlxalq Elmi Konfransın dahi şəxsiyyətin adına layiq şəkildə keçirildiyini bildirib və yüksək qiymətləndirib. İcra başçısı Ümummilli Liderin 100 illiyi ilə bağlı keçirilən Beynəlxalq Elmi Konfransda dünyanın dörd bir yanından elm adamlarının iştirak etməsini, 200-dən çox elmi məqalənin təqdim olunmasını dahi şəxsiyyətə olan hörmət və ehtiramın təcəssümü kimi dəyərləndirib. Beynəlxalq Elmi Konfransın yüksək səviyyədə keçirilməsini BDU-nun Qazax filialının növbəti uğuru kimi qeyd edib. İcra başçısı Ulu Öndərin adı ilə bağlı keçirilən Beynəlxalq Elmi Konfransda iştirak edən dəyərli qonaqlara, ziyalılara, elm adamlarına, eləcə də konfransın ərsəyə gəlməsində əziyyəti keçən insanlara minnətdarlığını bildirib.
BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, konfransla bağlı fikirlərini bölüşüb. A.Rüstəmov Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkil olunmuş Beynəlxalq Elmi Konfransda iştirak edən qonaqlara, millət vəkillərinə, ziyalılara, eləcə də onlayn şəkildə qatılan elm adamlarına öz adından və rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Konfransın tərəfdaşı olaraq təşkilati işlərdə göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. A.Rüstəmov təqdim edilən 200-dən artıq elmi məqalənin, konfransın bütün materiallarının toplu şəklində kitab kimi dərc olunacağını, dahi şəxsiyyətin yubileyinə növbəti töhfə olacağını söyləyib.
Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, konfrans barədə fikirlərini bölüşüb. Ərzincan Binəli Yıldırım Universiteti olaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunmuş Beynəlxalq Elmi Konfransa qatıldıqları, ən əsası da konfransın təşkilatçılarından biri olduqları üçün özünü xoşbəxt və şanslı hesab etdiyini bildirib. A.Kafkasyalı çıxışında Mustafa Kamal Atatürkü və Ulu Öndər Heydər Əliyevi ehtiramla anıb, hər iki şəxsiyyətin nəinki qardaş Türkiyədə, eləcə də bütün dünyada hörmət və ehtiramla xatırlandığını, örnək götürüldüyünü söyləyib.
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin adı ilə bağlı tədbirdə iştirak etməkdən məmnunluq hissi duyduğunu söyləyib və şəhid ailələrinin tədbirə dəvət olunmasına görə razılığını ifadə edib. Şəhid atası rayonda bütün sahələrdə olduğu kimi, keçirilən tədbirlərin də yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Bunun bariz nümunəsi olaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunmuş Beynəlxalq Elmi Konfransı göstərib. V.Nəsibov həm də keçmiş bir hərbçi kimi şanlı Azərbaycan Ordusunun uğurlarından söz açıb. Əsası Ulu Öndər tərəfindən qoyulan ordu quruculuğu siyasətinin bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında güclü ordumuzun rəşadəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində tarixi Qələbə qazandığımızı söyləyib. Övladı Xaliddin və bütün şəhidlərimizin qəhrəmanlığı sayəsində bu gün işğaldan azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalandığını qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=197071