Qazaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

12.12.2023 - 15:57

Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla irəliləyir. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və ehtiramı da artır.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Ötən müddət ərzində Azərbaycan tanınmaz dərəcədə dəyişərək dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Otuz il işğal altında qalan torpaqlarımız siyasi-hərbi yolla azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Bu gün səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bütün bu uğurların, möhtəşəm qələbələrin əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.

Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Bu gün Ümummilli Liderin vəfatından 20 il keçməsinə baxmayaraq Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevi xalqımız unutmur. Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş, canlı əfsanəyə çevrilmiş ən böyük azərbaycanlıdır.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev anım günündə yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gəlib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib.

  

Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən fotostendlərlə tanış olub, dahi şəxsiyyətə olan sonsuz sevgi və ehtiramlarını bildiriblər. 

  

Heç kəsə sirr deyil ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı.

Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadiqdir. Bunun davam etdirilməsi sosial çağırışdır. Məhz bu çağırışa cavab olaraq Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi.

Sərəncamda da qeyd olunduğu kimi, Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Bu gün Azərbaycan Ümummilli Liderin müəyyənləşdirdiyi yolla inamla irəliləyir. Xalqımız Ulu Öndərin layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başladı.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza bu il sentyabrın 19-da növbəti Qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib.

Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197104

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829