Qazaxda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Azərbaycanlı” adlı hekayələr kitabının təqdimatı keçirilib
Dekabrın 20-də Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Cabirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Böyük Azərbaycanlı” adlı hekayələr kitabının təqdimatını keçirib.
Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şəhid ailələri, Ağstafa rayon MKS-nin direktoru və əməkdaşları, tələbə, məktəbli, fəal oxucu və kitabxana əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
MKS-nin direktoru Fəridə Xudiyeva işini, peşəsini çox sevən, sənətinin vurğunu olmaqla, həm də bədii yaradıcılıqla məşğul olan Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova haqqında qonaqları məlumatlandırıb, onun dəfələrlə rayonumuza ezamiyə olunub, öz dəyərli məsləhətləri ilə kitabxanamızda yeni iş üslubunun tətbiqinə köməklik etdiyini, mərkəzi kitabxananın, uşaq şöbəsinin sevimli qonağı olduğunu qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını və müəllifi rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, adı Azərbaycanın özü qədər əbədi yaşayacaq böyük siyasətçi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş hekayələr kitabının kiçik yaşlı oxucular üçün təqdirəlayiq bir missiya olduğunu qeyd edib, müəllifə uğurlar arzulayıb.
Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva Ümummilli Lider Heydər Əliyevin nurlu həyat yolunun anlarını bədii obrazda tərənnüm edən kitabın oxucular üçün, xüsusilə də kiçik yaşlı oxucular üçün dəyərli bir vəsait olduğunu söyləyib.
Tədbirdə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının “Böyük Azərbaycanlı” kitabındakı “Ana laylası” və “Heydər zirvəsi” adlı hekayələrə hazırladığı slayd nümayiş olunub.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri “Böyük Azərbaycanlı” adlı hekayələr kitabından seçmələr səsləndirib, şəxsi mülahizələrini bildirib, müəllifə suallar veriblər.
Qazax şəhər 2 nömrəli Musiqi Məktəbinin şagirdlərinin ifasında Ulu Öndərə həsr olunmuş musiqilər səsləndirilib.
Müəllif Azərbaycanın xilaskarı, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə çap etdirdiyi hekayələr kitabının ərsəyə gəlməsi haqqında çıxış edib və “Böyük Azərbaycanlı” adlı kitabını kitabxanaya təqdim edib.
Xoş duyğularla keçən Müəllif – Oxucu görüşündə xatirə şəkilləri çəkilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=197118