Bayden namizədliyini geri götürə bilər: Demokratlar yeni namizəd axtarışında
ABŞ Prezidenti Co Baydenin səhhətindəki problemlər son günlər ölkə gündəminin ən aktual mövzularından birinə çevrilib. Çıxışları zamanı anlamsız fasilələr verən, mühüm təfərrüatları unudan, qeyri-adi hərəkətlər edən Baydenin 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində namizəd kimi iştirakı böyük müzakirələrə səbəb olub.
“AzPolitika.info” xəbər verir ki, artıq xarici KİV-lərdə Baydenin seçki öncəsi namizədliyini geri götürəcəyi ilə bağlı xəbərlər tirajlanmağa başlayıb. Bayden hər nə qədər “yaxşı yaddaşım var” desə də, demokratların daxilində də sözügedən məsələ ilə bağlı müzakirələr başlayıb.
Bəs maraqlıdır, belə bir vəziyyətdə Bayden öz namizədliyini geri götürməyə məcbur edilə bilərmi?
Bu barədə xarici media orqanlarında qeyd olunur ki, 2020-ci il seçkilərindən əvvəl də ABŞ seçicilərinin yarısı Baydenin 2024-cü ilə qədər prezident postunu tuta bilməyəcəyini düşünürdülər. Bildirilir ki, hazırda Demokratlar Partiyasında namizəd “çatışmazlığı” problemi o həddə çatıb ki, demokratlar Baydenin vəzifəsini daha 5 il davam etdirə biləcəyinə inanmaq istəyirlər. İnanmasalar belə, Bayden namizədliyi irəli sürübsə, onu bundan imtina etməyə məcbur edəcək heç bir mexanizm yoxdur. Baydenin ilkin seçkilərdə qarşılaşdığı namizədlər əvvəlki dövrdə çox aşağı səs toplayan Marrianne Williamson, Türkiyədə doğulduğu üçün bəzi əyalətlərdə seçkiyə girə bilməyən Cenk Uyğur, Cornel West və Con Kennedinin qardaşı oğlu Robert Kennedi olub. Başqa sözlə, Baydenin rəqabət apara biləcəyi bir namizəd belə olmayıb. Belə olan halda demokratların Baydenə “namizədliyi geri götür” deməsi absurd səslənərdi.
Xarici KİV-lərə görə, Donald Trampın hakimiyyətə qayıdışından qorxan demokratlar təcili olaraq kimisə namizəd olmağa razı salmaq istəyə bilərlər. İddialara görə, onlar arasında Barak Obamanın həyat yoldaşı Mişel Obama var. Keçmiş birinci xanımın reytinqinin demokrat seçicilər arasında yüksək olduğu deyilir. Bundan əlavə, Kaliforniya qubernatoru Gavin Newsom da namizəd kimi göstərilə bilər. Seçki dövrü başlamamış onun namizəd ola biləcəyi ilə bağlı xəbərlər yayılsa da, o, belə bir şey düşünmədiyini bildirmişdi. Lakin gənc yaşı onu Demokrat Partiyasında gələcəyin önəmli adlarından birinə çevirə bilər. Həmçinin 2016-cı ildə Trampa uduzan Hillari Klintonun namizədlik şansı mövcuddur.
“Təbii ki, bu namizədlərin hamısının müəyyən problemləri var. Gavin Newsomun Florida qubernatoru Ron DeSantisdən nümunə götürdüyü aqressiv siyasəti nəticəsində reytinqi kəskin şəkildə aşağı düşüb. Mitçel Obamanın isə o qədər də siyasi təcrübəsi yoxdur. Hillari Klinton artıq 2016-cı ildə Trampa uduzub. Xülasə, bu namizədlərin heç biri sağlam Baydeni əvəz edə bilməz”,-deyə məlumatda qeyd olunur.
Həmçinin bildirilir k, Baydenin səhhəti o qədər də yaxşı olmadığından qeyd olunan və ya başqa bir namizədlə bağlı ortaq qərar əldə olunsa, ondan namizədliyini geri götürməsi tələb oluna bilər. Qeyd olunur ki, bunun üçün vaxt çox azdır. Demokratlar artıq üç ştatda praymerizlərini başa vurublar. Martın 5-nə təsadüf edən, eyni vaxtda 15 ştatda ilkin seçkilərin keçiriləcəyi “Super çərşənbə axşamı”na isə bir aydan az vaxt qalıb.
Amerikalılar yalnız Baydenin bugünkü psixi sağlamlığını deyil, həm də növbəti beş ildə sağlamlığını nəzərə alaraq seçkiyə gedəcəklər. Bu vəziyyət demokratları qorxutsa da, vaxt tükənmək üzrədir. Hətta Baydenin bu gün geri çəkilməsi bir çox bürokratik maneələri dəf etməyi tələb edəcək. Bu andan etibarən namizədin dəyişdirilməsi qeyri-mümkündür. Üstəlik, partiyanın Trampı məğlub edəcəyinə əmin olduğu başqa namizədi də yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=198489