“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”

10.05.2024 - 15:11

Səmyar Abdullayev: “İlk dəfə məhz Ulu öndərin təşəbbüsü ilə bu siyasət sistemləşdirilib, prioritet istiqamətlərdən biri elan olunub”

“Prezident İlham Əliyev Ümummilli liderin əlillərə dövlət qayğısı siyasətini uğurla davam etdirməkdədir”

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Ulu öndərin əlillərlə bağlı siyasətini şərh etməyə çalışdıq:

-Səmyar müəllim, Ulu öndərin həssas kateqoriyadan olan bütün şəxslər kimi əlillərə də daim qayğı ilə yanaşdığı, onların sosial durumunu, mənzil-məişət şəraitini diqqət mərkəzində saxladığı hər kəsə məlumdur. Sizcə Heydər Əliyevin bu sahədəki çoxsaylı xidmətləri, bu xidmətlərin tarixi əhəmiyyəti qısaca necə xarakterizə edilə bilər?

-Hər şeydən öncə qeyd edim ki, ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin həssas kateqoriyadan olan bütün şəxslər kimi, əlillərə olan münasibətində diqqət çəkən ən mühüm amil Ulu öndərin bu sahədə bütöv bir dəyərlər sistemi yaratmasıdır.

Ümummilli liderdən öncə də əlillərə dövlət qayğısı ilə bağlı bəzi nümunələr olsa da, bunlar pərakəndə xarakter daşıyır, nə hüquqi, nə də siyasi baxımından ciddi bir sistemə söykənmirdi. Məhz Heydər Əliyev bu sahədə aydın, qəti və mükəmməl bir sistem formalaşdırdı. Ulu öndər əlillərə dövlət qayğısını inkişaf etdirmək, bu qayğının miqyasını genişləndirmək üçün bir sıra addımlar atdı ki, bunlardan da biri bu sahədə hüquqi bazanın gücləndirilməsi oldu. Heydər Əliyevin təşəbbüsü və səyi ilə əlillərin hüquqlarının daha da genişləndirilməsi mümkün oldu.

Onu da qeyd edək ki, Beynəlxalq Əlillər Günü məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 1994-cü ildən etibarən dünyanın sivil ölkələri ilə yanaşı, Azərbaycanda da qeyd olunmağa başlamışdır.

Ümummilli lider həm dövlət, həm də cəmiyyət olaraq əlillərə sahiblənməyin, onların qayğısına qalmağın vacibliyini əməli fəaliyyəti ilə bütün xalqın diqqətinə çatdırdı, ictimai şüurda bu həqiqəti möhkəmləndirdi. Heydər Əliyev 1995-ci il yanvarın 17-də Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə demişdir: “İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır”.

Heydər Əliyev bu sahədə şəxsi nümunə göstərərək bütün toplumu bu ideya ətrafında səfərbər edə bilmiş, əlillərə olan qayğı və diqqətin əhəmiyyətli dərəcədə artırılmasına müvəffəq olmuşdur.

-Əlillərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün Ulu öndər tərəfindən görülən hansı işləri qeyd edə bilərsiniz?

-Heydər Əliyev siyasi hakimiyyəti dönəmində əlillərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün silsilə addımlar atmış, mühüm dövlət layihələrinin icrasına nail olmuşdur. Statistikaya nəzər salsaq, bu həqiqəti konkret faktların timsalında daha aydın görə bilərik.

1997-2003-cü illərdə Heydər Əliyevin qayğısı sayəsində 508 əlil ailəsi mənzil, 138 əlil ailəsi isə fərdi evlə təmin olunmuş, onların mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. 1998-2002-ci illərdə yenə də Ümummilli liderin təşəbbüsü ilə 1090 nəfər əlilə minik avtomobili verilmişdir. Bu, elə bir dönəm idi ki, Qarabağ və ətraf ərazilər işğal altında idi. Büdcədə lazımi vəsait yox idi. Ölkəmiz həm siyasi, həm də iqtisadi baxımdan ciddi təbəddülatlar içərisində idi. Lakin buna baxmayaraq Heydər Əliyev əlilləri dövlət qayğısından kənarda qoymur, əksinə, onlara qayğını artırırdı. Bu, Ulu öndərin əlillərə olan həssas, sevgi və humanistlik dolu münasibətini əks etdirir.

-Bu gün ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti hansı səviyyədədir?

-Sevindiricidir ki, Ulu öndərin əlillərlə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmiş, miqyas və keyfiyyət etibarilə yeni mərhələyə yüksəlmişdir. Heydər Əliyevin bu sahədəki mirasına da bacarıqla sahiblənən Müzəffər Ali Baş Komandan, əlillərin sosial rifahını yaxşılaşdırılması üçün çoxsaylı təşəbbüslər irəli sürmüş, regional miqyasda böyük əks-səda doğuran sosial layihələr həyata keçirmişdir.

Prezident İlham Əliyev 25 fevral 2019-cu il tarixdə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” müvafiq Sərəncam imzalamış, bununla da əlillərə verilən sosial müavinətlərin miqdarı əhəmiyyətli dərəcədə artmışdır. Sözügen Sərəncamla sosial müavinətin məbləğinin I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata çatdırılmışdır.

2019-cu ildən sonrakı 5 il ərzində əlillərin sosial rifahının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən əlavə tədbirlər həyata keçirilmiş, mühüm uğurlara nail olunmuşdur.

Bu, əlillərin reabilitasiyası ilə bağlı məsələdə də özünü aydın göstərir. Məlumat üçün qeyd edim ki, ölkəmizdə son 5 ildə reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 3 dəfə artaraq  60 minə çatıb. Həmçinin, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı xeyli genişləndirilib.

Müharibə əlillərinin müasir protezləlrə təmin olunması da dövlətimizin diqqət mərkəzindədir. 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd son nəsil müasir protezlə təmin olunub ki, bu da dövlətimizin əlil vətəndaşlara olan qayğısına bariz nümunədir.

-Səmyar müəllim, gözdən əlil vətəndaşlarımızla bağlı görülən işlər haqqında nə deyə bilərsiniz?

-Bütün əlillər kimi gözdən əlil vətəndaşlarımız da dövlətimizin diqqət və qayğıısnı daim öz üzərlərində hiss edib. Ölkəmizdə gözdən əlil vətəndaşlar üçün binalar inşa edilib, onların mənzillə təminatı istqiamətində mühüm addımlar atılıb.

Sevindiricidir ki, bu qəbildən olan binaların açılışında Prezident İlham Əliyevin özü şəxsən iştirak edir. Bu cür binalardan biri 2015-ci ildə istifadəyə verildi ki, bu binanın da açılışında dövlət başçısı şəxsən iştirak etdi. 132 mənzilli bu binanın açılışında Prezident İlham Əliyev əlillərə olan dövlət qayğısını qeyd etməklə yanaşı, onlarla bağlı istək və gözləntilərini də dilə gətirərək demişdir:

“Bilirsiniz ki, son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib. Eyni zamanda, onlara 5 mindən artıq minik avtomobil verilmişdir.

Deyə bilərəm ki, Azərbaycanda nümayiş etdirilən bu yanaşma heç bir başqa ölkədə yoxdur. Bu, bir daha bizim sosial siyasətimizi əks etdirir, eyni zamanda, onu göstərir ki, xalq üçün, dövlət üçün böyük xidmətlər göstərmiş insanlara, fiziki qüsurlu insanlara dövlət tərəfindən daim diqqət göstərilir və göstəriləcəkdir.

Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, bax belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Ancaq əlbəttə ki, bütün cəmiyyət də bu təşəbbüsə qoşulmalıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2024-cü illərdə500 nəfərə yaxın gözdən əlil mənzillə təmin edilib.

Bu gün gözdən əllllər üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Tədris-Bərpa Mərkəzi fəaliyyət göstərir. Yüzlərlə gözdən əlil bu Mərkəzin imkanlarından istifadə edir. Bu Mərkəz Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və onun açılışında dövlət başçısı şəxsən iştirak edib.

Mən əlillərə, eləcə də gözən əlil vətəndaşlarımıza göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna, Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür etməyi özümə borc bilirəm. Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən əlillərin sosial rifahının yüksəldilməsi, müalicəsi istiqamətində böyük işlər görüb, mühüm layihələr həyata keçirib.

Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə  5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır.

Heydər Əliyev Fondu müharibədə yaralanan hərbçilərimizin müasir protezlərlə təminində də fəal rol oynayır. Heydər Əliyev Fondunun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində sağlamlıq imkanı məhdud hərbçilərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunub. Görülən bütün bu işlər Ulu öndər Heydər Əliyev siyasətinin davamı və inkişafı çərçivəsində həyata keçirilib.

Əminəm ki, Azərbaycan dövləti bundan sonra da əlil vətəndaşlarımızın sosial rifahının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maksimum səy göstərəcək, hər bir əlil vətəndaşın ümid və sevinc mənbəyi olaraq qalacaq.

Seymur ƏLİYEV 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200310

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031