Prezidentə məlumat verən vətəndaşın əmlakı məhv edildi
Bakı şəhəri,Nizami küçəsi ev 53, mənzil 41 ünvanda yaşayan Abdullayeva Kəmalə Balaş qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Prezidentə,Birinci Vitse-Prezidentə, Prezident Administrasiyasına, Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə müraciət edən şikayətçi bildirir ki, 30 ildən artıq xüsusi mülkiyyətində və istifadəsində olan əmlakı oğurlanmış, yandırılmış, uçurdulmuş və sonda tamamilə məhv edilmişdir. Şikayətçi bildirir ki, Prokurorluq orqanları tərəfindən cinayətin üstünün örtbasdır edilməsi barədə şəxsən Prezidentə və Birinci-vitse Prezidentə etdiyi müraciət Baş Prokuroru əsəbləşdirmiş və nəticədə əmlakı bir dəfəlik məhv edilmişdir. Şikayətçinin bu barədə verdiyi məlumatını və müraciətini olduğu kimi dərc edirik…
Cənab Prezident!
Hörmətli Mehriban Xanım!
Hörmətli cənablar!
Bildirirəm ki, 06.03.2024-cü il tarixdə bağ evimdə oğurluq hadisəsi törədilmişdir. Qanunsuz dəstənin üzvləri sonda törətdikləri cinayətin izini itirmək məqsədilə əmlakımı qəsdən məhv etmişdilər və əmlakıma ziyan vurulmuşdur.
Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etdim. Hüquq-mühafizə orqanları cinayətkar dəstənin üzvlərini müəyyənləşdirdilər və sonda pul alıb məsuliyyətdən yayındırdılar.
Bununla bağlı, ibtidai araşdırmaya nəzarət edən Suraxanı rayon Prokurorunun qanunsuz hərəkətləri barəsində Baş Prokuror Kamran Əliyevə müraciət etdim. Müraciətimə məhəl qoyulmadığını görüb cənab Prezidentə, Birinci Vitse Prezidentə müraciət etdim və Prokurorun pul alıb cinayətin üstünü örtbasdır etdiyini, əsl həqiqəti bildirmişəm.
Mənim bu müraciətim Baş Prokuror Kamran Əliyevin xoşuna gəlməmiş, hətta bu müraciətdən qeyzə gələn Baş Prokuror aidiyyəti üzrə göstəriş vermiş, cinayət məsuliyyətindən yayındırdığı dəstənin üzvlərini yenidən hərəkətə keçirmişdir. Bu dəfə hərəkətə keçən birliyin üzvləri bir başa Respublikanın Baş Prokuroru Kamran Əliyev tərəfindən himayədarlıq olunduqlarını bildikləri üçün, 11.05.2024-cü il tarixdə təxminən gecə 1:20 radələrində bağ evimə ağır tonajlı xüsusi texnika yeridərək mülkiyyətimi əvvəlcə yandırtdırmışlar və sonradan tamamilə məhv etmişlər-uçurtdurmuşlar.
Cənab Prezident!
Hörmətli Mehriban Xanım!
Hörmətli cənablar!
Xüsusilə vurğulamaq istəyirəm, biləsiniz ki, Baş Prokuror Kamran Əliyevin yandırtdığı və uçurdaraq tamamilə məhv etdirdiyi ev 30 ildən artıqdır ki, mənim istifadəmdə və x ü s u s i m ü l k i y y ə t i m d ə d i r. Mülkiyyət hüququma dair bütün hüquqmüəyyənedici sənədlər hal-hazırda hüquqi qüvvəsindədir və Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılır.
Cənab Prezident!
Hörmətli Mehriban Xanım! Hörmətli cənablar!
Baş Prokuror Kamran Əliyev hamıdan yaxşı bilir ki, bütün dünyada o cümlədən Azərbaycan Respublikasında mülkiyyət hüquqları dövlət tərəfindən qorunur.
Mən bilməzdim ki, Prosessual nəzarəti həyata keçirən Prokurorun pul alıb qanunsuz birliyin üzvlərini məsuliyyətdən yayındırdığı barədə Prezidentə və Birinci Vitse-Prezidentə məlumat verməyim Baş Prokuror Kamran Əliyevdə mənə,ailəmə və əmlakımıza qarşı aqresiya, qəzəb, qisas hissi yaradar!?
Mən bilməzdim ki, Prokurorun pul alıb cinayətin üstünü örtbasdır etməsi barədə müraciətim Baş Prokurorun Kamran Əliyevin hissiyyatına toxunar!?
Mən bilməzdim ki, Prokurorun pul alıb cinayətin üstünü örtbasdır etməsi barədə Prezidentə müraciət etməyimə görə, Kamran Əliyev göstəriş verib təkrardan mənim xüsusi mülkiyyətimi tamamilə məhv etdirərdi!!!… Mən bunları bilməzdim …
Məlum məsələdir ki, 06.03.2024-cü il tarixdə törədilmiş cinayət hadisəsi ilə bağlı Prokuror pul alıb, cinayətkar dəstənin üzvlərini məsuliyyətdən yayındırmasaydı, qanunvericiliyin tələblərinə müvafiq araşdırılma aparılsaydı, 11.05.2024-cü il tarixdə cinayətkar dəstənin üzvləri tərəfindən təkrar cinayət hadisəsi törədilməzdi, mənim əmlakım yandırılmazdı və tamamilə məhv edilməzdi.
Cənab Prezident!
Hörmətli Mehriban Xanım! Hörmətli cənablar!
Biz bilirik ki, dövlətimiz və dövlətçiliyimiz var. Mənim və yaxud da qeyrisinin əmlakı, xüsusi mülkiyyəti nəyə görə məhv edilməlidir?
Baş Prokuror Kamran Əliyev və ya Prosessual nəzarəti həyata keçirən Prokuror vətəndaşın 30 ildən artıq istifadəsində və Xüsusi mülkiyyətində olan əmlakını məhv edən dəstənin üzvlərini nəyə görə, nəyin müqabilində məsuliyyətdən yayındırmışdır?
Biz hesab edirik ki, dövlət,dövlətçilik və hakimiyyət təkcə Baş Prokuror Kamran Əliyevdən ibarət deyil.
Cənab Prezident!
Hörmətli Mehriban Xanım! Hörmətli cənablar!
Bizim əmlakımız Baş Prokuror Kamran Əliyevin himayədarlıq etdiyi birliyin üzvləri tərəfindən tamamilə məhv edilmiş,yandırılmışdır,uçurdulmuşdur. Ailəmin,övladlarımın həyatı təhlükə altındadır. Aydın məsələdir ki, Kamran Əliyev sıravi sıradan adi bir vətəndaş deyil, o, səlahiyyət sahibidir, Azərbaycan Respublikasının Baş Prokurorudur. Külli miqdarda pul,var-dövlət, eyşişrət sahibidir. Məni,ailəmin üzvlərini hər an fiziki cəhətdən məhv elətdirə və şərlətdirib tutdura bilər.
Cənab Prezident!
Hörmətli Mehriban Xanım! Hörmətli cənablar!
Bildirirəm ki, Baş Prokuror bu hadisə ilə bağlı Sizə yalan məlumat verəcəkdir. Əgər Baş Prokuror Prezidentə yalan məlumatlar verməkdən qorxub çəkinsəydi, Prezidentin siyasi kursunu dəstəkləsəydi, vətəndaşın 30 il xüsusi mülkiyyətində olan əmlakını cinayətkar dəstənin üzvlərinə yandırtdırmazdı, tamamilə məhv etdirməzdi. Əgər Baş Prokurorun haqqında Prezidentə və Birinci Vitse-Prezidentə etdiyim müraciət,verdiyim məlumatlar əsassızdırsa və yalandırsa, əmlakımızı məhv etmiş cinayətkar dəstənin üzvlərindən pul almamışlarsa, nəyə görə bu günə kimi cinayətin üstünü örtbasdır etmiş, birliyin üzvlərini məsuliyyətdən yayındırmaqda marağı nə olmuşdur?
Baş Prokurorun cinayətkar birliyin üzvlərinə himayədarlıq etməsi, ilk öncə Prezidentimizin siyasi kursuna ziddir, dövlətimizə, dövlətçiliyimizə xəyanətdir və vətəndaşlara qarşı törədilmiş təxribatdır.!??…
Cənab Prezident!
Hörmətli Mehriban Xanım! Hörmətli cənablar!
Əgər ölkənin Baş Prokuroru vətəndaşın əmlakını yandırtdırırsa və bir dəfəlik məhv elətdirirsə, cinayətkar birliyin üzvlərinin məsuliyyətə cəlb edilməsinin qarşısını almağa nail olursa, cinayətkar dəstənin üzvlərini məsuliyyətdən yayındırırsa, demək bizi ailəmizi də hər an fiziki məhv elətdirə bilər.
Cənab Prezident!
Hörmətli Mehriban Xanım! Hörmətli cənablar!
Yuxarıda qeyd etdiklərimi nəzərə alıb Silərdən xahiş edirəm:
: Baş Prokuror Kamran Əliyevin bizi fiziki məhv elətdirməsinin qarşısını alasınız. Törədilmiş cinayət hadisəsinin üstünün açılmasına, dəstənin üzvlərinin müəyyənləşdirib məsuliyyətə cəlb edilməsinə (zərərsizləşdirilməsinə), əmlakımıza vurulmuş ziyanın ödətdirilməsinə köməklik göstərəsiniz.
Qabaqcadan minnətdarlığımızı bildiririk.
K.Abdullayeva
Redaksiyadan: Müraciətdə adları çəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=201085