Bir siyasi məhbusun acı taleyi

29.06.2015 - 03:07

talehxasGöyçay və ətraf rayonlarda yerli əhaliyə hüquqi yardım göstərib, sosial şəbəkələrdə aktiv olub, baş alıb gedən qanunsuzluqları ifşa edib, günahsız yni zamanda həbs olunan şəxsləri, köməyə ehtiyacı olanları müdafiə edib. 11.11.2011-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib, bir il sonra, 26.12.2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin əfv cərəncamı ilə cəzadan azad edilib. 24.02.2015-ci ildə xuliqanlıqda ittiham olunaraq yenidən həbs edilir və Göyçay rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçir. Xasməmmədov Taleh Vidadi oğlu 04.12.1978-ci ildə Göyçay rayonunda fəhlə ailsində anadan olub. Ailəlidir, iki qız övladı var.

2010-cu ildən “Müsavat” partiyasının Göyçay rayon təşkilatının üzvüdür. 2010-ci ildə özünün təsis etdiyi “Hüquq və Qanun MMC”-yə rəhbərlik etməyə başlamışdır.

ilk olaraq hüquqlarını müdafiə etdiyi şəxslərdən biri Ucar rayon sakini, keçmiş siyasi məhbus, jurnalist Hüseynov Fuad Oktay oğlu olmuşdur. Vicdan məhbusu T.Xasməmmədov hüquq müdafiəçilik fəaliyyəti və eləcə də müxalifətdə təmsil olunduğu dövrlərdə respublika içtimayyəti tərəfindən tanınınmış və bir il yarım məhbəs həyatı yaşamışdır.

T.Xasməmmədov 2011-ci ilin noyabrında xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilir. Kürdəmir rayon Məhkəməsi AR CM-nin 221.2.2 və 315.1-ci maddələrini əsas götürərək, onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzarı çıxarır. Hər birimiz gözəl bilirik ki, istər beş il bundan öncə, istərsə də bu gün Azərbaycan Respublikasında vətandaş cəmiyyəti üzvlərini, müxalif yönlü gəcləri, hüquq müdafiçilərini susdurmaq, siyasi cəhətdən tərksilah etmək məqsədi ilə el arasında “növbətçi” maddələr kimi adlandırılan xuliqanlıq, polisə müqavimət və yaxud narkotik ilə bağlı AR CM-nin maddələrindən geniş istifadə olunur. İnsanların həbsə atılmalarının əsl səbəbləri isə təmamilə başqa olur.

Belə ki, 19/7/2012 –ci ildə “Bizim Yol” elektron portalında Ucar rayon sakini, “Kurtlar Vadisi”nin qurbanı, keçmiş siyasi məhbus, jurnalist Hüseynov Fuad Oktay oğlu həbsxanadan göndərdiyi məktub dərc olunur. Həmin məktubunda F.Hüseynov qeyd edir ki, «Vicdan məhbusu Taleh Xasməmmədovu onu müdafiə etdiyinə görə həbs ediblər». Həmin zaman Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan F.Hüseynovun məktubuna görə, (14 oktyabr 2010-cu ildə Ucar rayon polis şöbəsinin rəisi Tahir Quliyevin, onun müavini İlham Əhmədovun və yerli məhkəmənin hakimi Çingiz İsgəndərovun qurduqları plana əsasən qondarma ittihamla həbs olunur və Ucar rayon Məhkəməsinin 26 sentyabr 2011-ci il hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə görə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilir) onu, vicdan məhbusu Taleh Xasməmmədovu və digərlərini həbs etdirən bu dəstənin əməlləri dərindən araşdırılmalıdır. Daha sonra F.Hüseynov bildirir ki, onu və hüquq müdafiəçisi Taleh Xasməmmədovu “Kurtlar Vadisi” adlı cinayətkar dəstənin şəxsi maraqlarına görə şərləyib həbs ediblər”.

F.Hüseynovun açıqlamasına əsasən,Taleh Xasməmmədov qısa müddət ərzində apardığı araşdırma nəticəsində əldə edilmiş mötəbər sübutlar onun qondarma cinayətlə həbs edilməyini təsdiq etdi və bu qondarma cinayəti qurub-hazırlayan “Kurtlar Vadisi” adlı mafioz dəstənin bu və digər cinayət əməllərini ifşa edir, eyni zamanda həmin faktlar onun tərəfindən mətbuatda ictimailəşdirilir.

Hüseynov Fuad Oktay oğlu 29-12-2011-ci ildə “FaktXəbər” internet qazetinə göndərdiyi növbəti açıq mətubda Ucar rayonunda fəaliyyət göstərən «Kurtlar Vadisi» adlı cinayətkar dəstənin onun və onun müdafiəsinə qalxan hüquq müdafiəçisi T.Xasməmmədovun başına oyun açdıqlarına dair maraqlı açıqlamalar verir. F.Hüseynov məktubunda qeyd edir ki, özü və onu müdafiə edən hüquq müdafiəçisi Ucar Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin, onun müavini İlham Əhmədovun və hakim Çingiz İsgəndərovun əlbir olub “Kurtlar Vadisi” adı altında yaratdıqları cinayətkar dəstənin qurbanları olublar.

Sübutları, faktları araşdırıb, qanuni tədbirlər görmək üçün DİN-nin 2 əməkdaşı Ucarda sübutları toplamış, hüquq müdafiəçisi Taleh Xasməmmədovla görüşüb tezliklə məsələnin öz həllini tapacağını ona söz vermişdilər. Bu görüşdən bir neçə gün sonra isə hüquq müdafiəçisini 12 noyabr 2011-ci il tarixdə şərləyərək həbs etmişdirlər. “Kurtlar Vadisi” adlı mafioz dəstənin fəal üzvü olan Ucar RPŞ-nin rəis müavini İlham Əhmədov gizli nömrə ilə hüquq müdafiəçisi Taleh Xasməmmədova zəng edib, özünü DİN-dən Ucar rayonuna ezam olunmuş vəzifəli şəxs kimi təqdim edib, ondan malik olduğu sübutları götürüb Ucar RPŞ-nə gəlməyi xahiş edir və bildirir ki, cənab nazirin nəzarəti ilə bu işlər obyektiv araşdırılacaq və qanuni tədbirlər görüləcək. T.Xasməmmədov onlara inanıb, Ucar RPŞ-nə gəlir, onu müstəntiq Nazim Əhmədovun otağına aparıb əvvəlcədən hazırlanmış plana əsasən, üzlərini, paqonlarını cırıb, xidməti otaqda əşyaları dağıdıb, sındırıb səs-küy salırlar və bununla da qondarma cinayətlə hüquq müdafiəçisi Taleh Xasməmmədovu şərləyib həbs etmək planları baş tutur.

Səhəri gün müstəntiq Nazim Əhmədovun otağına dəvət olunmuş 2 qadın Taleh Xasməmmədovu şantaj etməyə cəhd göstərmişlər. Qadınların hüquq müdafiəçisinin üstünə hücum çəkməsi kimi, çirkin mənzərəni polis şöbəsinin rəisi Tahir Quliyev və onun müavini İlham Əhmədov kənardan seyr edib, gülüblər.
Hüquq müdafiəçisinin barəsində AR CM-nin 221.2.2, 221.3 və 315.1-ci maddələri ilə cinayət işi başlanılır, polis şöbəsində onunla sərt davranırlar. Hətta İş o, yerə gəlib çxır ki, 22.11.2011-ci il tarixdə Ucar RPŞ-nə monitorinq aparmaq məqsədi ilə gəlmiş Ombudsman aparatının əməkdaşları belə hüquq müdafiəçisi ilə görüşə bilmirlər.

Keçmiş siyasi məhbus F.Hüseynov mətbuata verdiyi açıqlamada çox ciddi ittihamlar irəli sürür,:“Kurtlar Vadisi” adlı mafioz dəstənin çoxlu sayda qurbanları var, bir neçə qətllər, müəmmalı yoxaçıxmalar, insan alveri, cinayətkar dəstələrin himayəsi, silah-narkotika alveri, şərlənib həbs edilənlərə verilən amansız işgəncələr, korrupsiya cinayətləri və s. ağır cinayətlər bu quldurlar tərəfindən törədilmiş və hazırda da cəzasızlıq mühitində davam etməkdədir.”

Həbsindən bir neçə gün əvvəl Taleh Xasməmmədovla görüşən DİN-in 2 əməkdaşının tədbir görüləcəyinə söz vermələrindən bir neçə gün sonra onun şərlənib həbs edilməsi onu deməyə əsas verir ki, həbsə razılıq yuxarı səviyyədə verilibmiş. Taleh Xasməmmədov qurbanlarının və dəstənin qurbanlarının və digər Ucar rayon sakinlərinin aktiv müdafiəsini təşkil etmiş, çoxlu sayda sübutlar, sənədlər toplamışdır. Taleh Xasməmmədovun həbs olunmasına etiraz olaraq F.Hüseynov elə məhbəsdə ikən aclıq aksiyasına başlayır, lakin elə onun özünün təkidi ilə aksiyanı dayandırır. Sonda F.Hüseynov öz məktubu vasitəsi ilə respublikada fəaliyyət gösyərən bütün hüquq müdafiəçilərinə “həmkarınız, gənc hüquq müdafiəçisi Taleh Xasməmmədovun azad edilməyinə yaxından köməklik edin, ağır cinayətlərin tüğyan etdiyi Ucar rayonunda monitorinqlər aparın, müvafiq tədbirlər görün” müracitini edir.

Bir keçmiş siyasi məhbusun Taleh Xasməmmədov barəsində söylədiyi həqiqətlər həqiqətən də tədqirə layiqdir, yəni insan nə çox, nə az onun günahsızlığına inanıb şəxsi azadlığını qurban verən birisinin acı həqiqətlərini qələmə alır və onun “Talehi tanımırdım” cümləsi bir daha sübut edir ki, bu iki başı bəlalı Azərbaycan gəncini bir-birinə bağlayan insanlıq olub. Təsadüfi deyil ki, hər iki məhbus barəsində daha çox informasiyaya malik olduqca insan həyacanlanmıya bilmir. F.Hüseynovun mətbuata ünvanladığı məktubda vacib məqamlardan biri də odur ki, hələ 2011-ci ildə T.Xasməmmədovun həbsinin təşkilində adları hallanan vəzifəli şəxslər barəsində nədənsə artıq 2015-ci ildə, T.Xasməmmədovun ikinci dəfə həbs olunmasından bir neçə gün öncə yenidən hali olacağıq.

T.Xasməmmədov birinci dəfə həbs olunan zaman, onun anası G.Xasməmmədovanın söylədiklərini eşidincə göz yaşlarını gizlədə bilmirsən. Diqqət edin övladı heç bir əsas olmadan həbsə atılmış bir ana nədən bəhs edir ? Bu sözün əsl mənasında bir siyasi məhbus ailəsinin faciəsidir(28/6/2012 –yazını qələmə alan Sevinc VAQİFQIZI-nın “Həbs olunmaq üçün pulu çatmayan məhbus” yazısından sətirlər). “Əfvdə olan məhbusların adlarını sadaladılar, Talehin adı çəkilmədi, şoka düşdüm. Əlim-ayağım əsirdi. Onun azad olunacağını o, qədər həvəslə gözləyirdim ki…”. “Bizim Yol” əməkdaşı ilə söhbətində səkkiz aydır həbsdə olan, hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova deyir ki, oğlunun əfv siyahısına düşmədiyini görüncə, əlində yuduğu qab qırılıb və damarlarını kəsib: “Zəng eləmişdilər ki, qoyunu saxla, bu gün Taleh çıxacaq. Hamımız hazırlaşmışdıq ki, şad xəbər eşidəcəyik. Hər yerdən zəng eləmişdilər ki, gözləyin bu gün əfv olacaq, Taleh çıxar. Gözlədiyimiz kimi olmadı. Qab yuyan yerdə əlimdə qab qırıldı, damarlarımı kəsdim. Gecə saat 2-yə qədər xəstəxanada yatdım. Həkimlər hələ söz vermirlər ki, əlimi işlədə biləcəm, ya yox”. Ananın oturduğu yer oğlunun həbsdən öncə əyləşdiyi son yerdir. Elə burada Ucar rayonunun müstəntiqi Nazim Əhmədov T. Xasməmmədova zəng edərək bölməyə gəlməsini istəyir. O, vaxt tapınca görüşə biləcəklərini deyir. Daha sonra Göyçay rayonunun müstəntiqi zəng edir. T. Xasməmmədovla mütləq görüşmək istədiyini çatdırır. “Saat 5 idi. Dedim heç yerə getmə, səni neyləyirlər? Dedi, “yox mama, gedəcəm. Yol pulum yoxdur, ona görə qalmışam”. Düz adamların cibində heç vaxt pul olmur. 5 manat verdim, saat 6-da yola düşdü. Tutulandan sonra da cibindəki 3 manatı mənə qaytardılar. Kaş ona pul verməzdim, getməzdi”. Hüquq müdafiəçisi Taleh Xasməmmədov xuliqanlıqda və polisə müqavimət göstərməkdə günahlandırılır. “Adam öz ayağı ilə gedib polisə müqavimət göstərər? Hamı Talehi tanıyır, sakit uşaqdır. İkinci oğluma polis nəsə desə, o atılar, dayana bilməz, amma Taleh sakitdir”-anası
deyir.

G.Xasməmmədova deyir ki, oğlu polislərin qanunsuz əməllərini ifşa etdiyinə görə həbs olunub. Ona susmaq üçün rüşvət təklif edilib, amma götürməyib: “Demişdilər ki, sənin kimi nə qədər jurnalist, hüquq müdafiəçisi gəlib, gəl, bu işləri açma. Taleh də balaca olanda mədrəsədə oxuyub. Heç vaxt haram yeməz. Dedi, mən qan pulu yemərəm, götürmədi”. Anası oğlu ilə axırıncı dəfə 20 apreldə görüşüb. Bundan sonra ona məhbusla görüşə icazə verməyiblər. İşin Apellyasiya məhkəməsinə getməsini əsas gətiriblər: “Yanına gedib, yemək verirdim. Bircə dəfə Kürdəmir rayon məhkəməsindən kağız aldıq, ondan sonra görüş verdilər. İndi Gəncə həbsxanasında yatır. Bədəninə ləkə düşüb. Onunla əlaqədar dərman göndərmək istədim, həbsxanada götürmədilər. Ləkələr oradakı havasızlıqdan, rütubətdən yaranıb. Baş ağrısı üçün dərmanlar apardım, götürdülər. Talehdə həmişə bu aylar güclü baş ağrıları olur. Azadlıqda olanda sistem qoşdururdum. İndi ona əlim çatmır”. Hüquq müdafiəçisinin iki qızına və həyat yoldaşına Gülbuta xanım baxır. Deyir ki, pis-yaxşı dolanırlar, amma uşaqlar ataların istəyirlər. Məhbus Müsavat Partiyasının üzvüdür. G. Xasməmmədova deyir ki, oğlu evlənəndən sonra onun ayağını mitinqlərdən “kəsmək” istəyib, amma alınmayıb: “Taleh mitinqlərdə o qədər döyülüb ki… Dedim o vaxt subay idin, indi evinə yığış. Dedi, yox, bu mənim yolumdur, mən bu yolla gedəcəm. İndi elə bir zəmanədə yaşayırıq ki, ağa baxıb ağ deyənin gözünü çıxarırlar. Gərək ağa qara deyənlərə, sən də baxıb onların dediyini deyəsən”. Ananın sözlərinə görə, oğlunun məktublarının həbsxanadan çıxarılmasına razılıq verilmir. Bu vaxta qədər məhbus üç məktub yazıb, amma heç biri göndərilən qəzetlərə çatmayıb: “Həbsxana işçisindən məktubu mənə verməsini xahiş etdim, dedi ki, “xala mən işləmək istəyirəm””. Məhbus anası ilə son görüşündə üzvü olduğu Partiyadan gileylənib. Can qoyduğu partiyadan heç kimin onunla maraqlanmadığından təsirlənib: “Dedi ki, eçə ildir partiyanın üzvüyəm, amma onlardan heç kim mənimlə maraqlanmayıb. Bunu başqana çatdır”. Onun hüquqlarını məhbəsdə olan Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli müdafiə edir. Vəkili isə Əsabəli Mustafayevdir. Biz isə Göyçay və Ucar camaatının kömək üçün gəldiyi evdən çarəsiz ayrılırıq. Məhbusun anası ardımızca qapını bağlamır. Sağ əli işləmədiyinə görə yox, qapısı hər kəsə açıq olduğuna görə…”

2013-cü il yanvarın 23-də Avropa Şurası Parlament Assambleyası siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin “Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar” adlı hesabat hazırlayır. Həmin hesabatda adları göstərilən “vicdan məhbusları” arasında Xasməmmədov Taleh Vidadi oğlunun da adı qeyd olunur. 26 дек. 2012-ci ildə Prezident İlham Əliyev bir qrup məhkumun cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı əfv sərəncamı imzalayır. İcrasına elə həmin günü başlamış əfv sərəncamına əsasən 8 hüquq müdafiəçisi ilə bərabər hüquq müdafiəçisi və bloger Taleh Xasməmmədov da 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılır. 24.02.2015-ci ildə Hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədov növbəti dəfə həbs olunur. Şahidlərin məlumatına görə hüquq müdafiəçisi anası G.Xasməmmədova ilə birlikdə səhər saatlarında Göyçay bazarının yaxınlığındakı mebel sallonuna daxil olarkən bir nəfər onlara yaxınlaşıb və Talehin üzünə tüpürüb. «Taleh ondan niyə belə etdiyi soruşanda yerə yıxılaraq özünü huşsuzluğa vurub. Şahidlərdən biri Talehin günahsız olduğunu dedikdə polis onu da həbs edib».

Qeyd edək ki, Taleh Xasməmmədov Göyçayda baş verənlərlə bağlı tez-tez mətbuatda tənqidi çıxışlar edib. Hüquq müdafiəçiləri, eləcə də T.Xasməmmədovun ailə üzvləri baş verənləri onun sosial şəbəkələrdə ki, fəaliyyəti ilə əlaqələndirirlər. Yerli fəalların və müstəqil hüquq müdafiəçilərinin qənaətinə görə, bloqçu və hüquq müdafiə fəaliyyəti ilə məşğul olan T. Xasməmmədov Göyçayda baş verən özbaşınalıq, qanunsuzluq və korrupsiya hallarını tənqid etdiyi üçün rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə şərlənərək həbs olunub. Lakin nəzərə alamaq lazımdır ki, bu irəli sürülən yeganə ehtimal deyil.

Qeyd etmək lazımdır ki, T.Xasmmmədovun həbsindən bir neçə gün öncə, yəni 05.02.2015-ci ildə Xalq Xeber.tv. elektron portalında “Ucarda aksiya, polis rəisi işdən qovuldu, 15 nəfər həbs olundu” (- See more at:http://xalqxeber.az/gundem/9445-ucarda-aksiya-polis-reisi-ishden-qovuldu-15-nefer-hebs-olundu-yenlenb.html#sthash.ZCvGR4cQ.dpufUcarda aksiya, polis rəisi işdən qovuldu, 15 nəfər həbs olundu) başlıqlı yazısı dərc olunmuşdur. Bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov «Facebook» hesabında da məlumat yayıb.O bildirib ki, aksiyaya səbəb Ucar rayon Polis İdarəsinin rəisi Tahir Quliyevin (nə qədər təcüblü olsa belə keçmiş siyasi məhbus F.Hüseynovun hələ 2012-ci ildə mətbuata ünvanladığı məktubda bu şəxsin adı keçmişdir) qohumu, Narkotik Ticarətinə qarşı Mübarizə bölməsinin rəisi Eldəniz İsmayılovun sakinləri təhqir etməsi olub: «Aksiyadan sonra Eldəniz Quliyev vəzifəsindən azad edilib, 15 nəfər aksiya iştirakçısı həbs edilib».

Həbsindən İki gün əvvəl isə o, Gəncədəki cəzaçəkmə müəssisəsində məhbusun intihar edəcəyi ilə bağlı məlumat yayıb. Bir sözlə bu anlar bir daha ona işarədir ki, T.Xasməmmədovun həbsinin əsl səbəbini onun məşğul olduğu hüquq müdafiəçilik fəaliyyətində axtarmaq lazımdır.

T.Xasməmmədovun kimlərəsə xəsarət yetirdiyinə görə həbs olunması bir cəfəngiyatdır və bunu bir daha iqtidar yönlü KİV-də gedən yazılar təsdiq edirlər. Belə yazılardan birində qeyd olunur ki, “Taleh Xasməmmədov da Leyla Yunusun yolunu getməyə çalışır. Məhz elə bu səbəbdən də o da öz qadın həmkarı kimi ölkəmizdə sabitliyin pozulmasına, əldə olunan uğurlara kölgə salınmasına can atır. Bu səbəbdən də Taleh Xasməmmədovu Leyla Yunusun davamçısı adlandırmaq olar. Yəni o da Azərbaycanda bəzi«hüquq-müdafiəçiləri» kimi heç bir real araşdırma aparmadan, internet arxasında oturub,məlumatlar əldə etməklə, saxta hesabatlar hazırlayır. Bu cür şəxslərin – Azərbaycan xalqına, Vətəninə, millətinə, dövlətə və dövlətçiliyə qarşı çıxanların yeri azadlıq yox, məhz həbsxanadır. Onların azadlıqda bizimlə eyni havanı udmağa ixtiyarları yoxdur!”

İlk baxışdan normal təsürat bağışlamayan bu yazıı onu müəllifə sifariş verənlərin bir hüquq müdafiəçisi olan qadından və yaxud da fiziki cəhətdən iri cüssəyə malik olmayan, səhhətində ciddi problemi olan Talehdən nə qədər ehtiyyat etmələrinin təzahürüdür.

Fevralın 24-də günorta saatlarında saxlanılan hüquq müdafiəçisi Taleh Xasməmmədova Cinayət Məcəlləsinin 221.1 maddəsi — xuliqanlıq ittihamı ilə cinayət işi açılır. hansısa məmur Taleh Xasməmmədovun fəaliyyətindən narahat olaraq öz maraqları üçün onu həbs etdirmək istəyir. Həmin bu şəxslər başa düşmədilər ki, belə hərəkətləri ilə ölkə başçısına yaxşı görünmək əvəzinə, ona qarşı təxribat etdilər, Azərbaycanın imicinə zərbə vurdular, baxmayaraq ki, bunları şəxsi mənafeylərindən başqa heçnə maraqlandırmır. Maraqlısı budur ki, onların bu hərəkətləri o vaxta təsadüf edir ki, Avropa Şurasının insan haqları üzrə komissarı Bakıda olur və fevralın 25-də rəsmi şəxslərlə görüşləri nəzərdə tutulurdu».

CÜMƏ AXŞAMI, 26 FEVRAL 2015-ci ildə Göyçay rayon məhkəməsi hüquq müdafiəçisi Taleh Xasməmmədova qarşı CM-in 221.2-ci maddəsi ilə (xuliqanlıq, təkrarən törədildikdə) ittiham irəli sürərək, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçir. Məhkəmə binasının ətrafına gücləndirilmiş polis mühafizəsi cəlb edilir. Bu zaman rayon polis rəisi hüquq müdafiəçisinin məhkəmə zalına daxil olmaq istəyən anasını kobud şəkildə itələyir. Etiraz əlaməti olaraq təqsirləndirilən şəxsin qardaşı qollarını kəsərək özünə xəsarət yetirir. Məhkəmə iclasından sonra polis məhkəmə qarşısında toplaşmış onlarca yerli fəalı dağılmağa məcbur edir.

Bu arada, yerli fəallar iki gün əvvəl Xasməmmədova qarşı təxribat törətmiş şəxsin kimliyini müəyyən etməyə müvəffəq olublar. Bu, polislə sıx əməkdaşlıq edən Zair Əzizovdur. İndiyədək o, 10 işdə şahid olub. Bundan başqa, saxlanıldığı gün o, Xasməmmədovun getdiyi yaşə obyektində görülüb. Bu, Əzizovun səhərdən Xasməmmədovu təqib etdiyini ehtimal etmək üçün əsas verir. Bundan başqa, hadisə yerində rayon polis rəisinin müavini və DİN-in iki çevik polis alayı olub.

Bu məlumatlardan belə bir nəticə çıxartmaq olar ki, hüquq müdafiəçisinin həbsə atılması üçün xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Ümumiyytlə hakimiyyət uzun illərdir içtimai fəallara, fərqli düşünən oponentlərinə və yaxud da şəxsiyyətləri maraq doğuran canlı hədəflərin yaxın qohum-əqrəbələrinə qarşı bu kimi primitiv tədbirləri həyata keçirərək onları həbsə atmışdırlar. Əgər xatırlayırsınızsa eyni ilə bu səhnələşdirilmiş tədbirin oxşar variantı 10 il müddətinə məhkum edilmiş, hal hazırda məhbəsdə olan siyasi məhbus Abdullayev Mübariz Əslan oğluna da tətbiq edilmişdir. Yeganə fərq ondan ibarətdir ki, Talehin misalında nüfuz etmiş oyunçu Zairdir, Mübariz məsələsində isə Ziya.

Taleh Xasməmmədov müalicə olunduğu Penitensiar Xidmətin Müalicə Müəssisəsində anası və qardaşı ilə görüşü zamanı «Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevə məktub göndərib və həmin məktubda başına gələnləri” anladıb: “Ailə üzvlərinə də deyib, özü də məktubda da yazıb ki, damarlarını doğrayıb özünə qəsd etmək istəyirmiş. Çünki ona edilən işgəncələrdən cana doyub. Taleh yazıb ki, saxlandığından bəri, hardasa 20 gündür ki, hüquqları tapdanıb, xarici aləmdərn təcrid olunub, telefonla əlaqəyə imkan verilməyib. Hətta ailənin tək qızının toyu olub, icazə verməyiblər ki, yeganə bacısına zəng edib onu təbrik eləsin”. Məktubda göstərilənlərə əsasən, Taleh Xasməmmədovun barəsində seçilmiş həbs-qəti imkan tədbiri ilə bağlı məhkəmə qərarı ona 8 gün sonra verilib: “Bu isə o deməkdir ki, Talehin qərardan appelyasiya vermək imkanı məhdudlaşdırılıb”. Taleh Xasməmmədov məktubunda bildirib ki, Gəncə 2 saylı İstintaq Təcridxanasında ona işgənclər verilib, evdən göndərilən yeməkləri ona çatdırmayıblar, psixi problemləri olan bir şəxsin yanında 5 gün saxlayıblar. Taleh yazır ki , bunlara etiraz olaraq 10 gün aclıq aksiyası keçirib, bundan sonra vəziyyəti pisləşib. Çıxış yolu kimi damarlarını kəsib”.

«Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansı tərəfindən T.Xasməmmədovun səhhəti ilə bağlı Ombudsman Aparatına müraciət edilsə də, hələ cavab ala bilməyiblər: “Talehin bir böyrəyində problem yaranıb, əməliyyat olunacaq. Taleh hesab edir ki, Gəncə 2 saylı İstintaq Təcridxanasında onu nəm yerdə saxladıqları üçün səhhətində belə bir problem yaranıb. Məktubunda onu da yazıb ki, ona verilən ittihamla bağlı zərərçəkən şəxs dəyişib, onlar Göyçay polis idarəsinin əməkdaşları olub. Hətta o, bir polis əməkdaşının 4 barmağını qırmaqda günahlandırılır”.

18 mart 2015-ci ildə T.Xasməmmədovun müdafiəsinə üzvü olduğu “Musavat” partiyası da qalxır. Müsavat Partiyası hüquq müdafiəçisi Taleh Xasməmmədovun dərhal azadlığa buraxılmasını tələb edir. Partiya hüquq müdafiəçisinin həbsi ilə bağlı martın 18-də bəyanat yayıb. Bəyanatda bildirilir ki, Taleh Xasməmmədov Göyçay rayonunda icra strukturlarının fəaliyyətini tənqid etdiyinə görə şərlənərək həbs edilib. Bəyanatda hüquq müdafiəçisinə işgəncələrin verilməsi də pislənib: “Yayılan məlumatlara görə, keçmiş vicdan məhbusu şərlənərək həbs edildikdən sonra aclıq aksiyası keçirib. Başlatdığı aclıq aksiyasından sonra Taleh Xasməmmədova qarşı daha bir qanunsuz hərəkətə yol verilib. O, zorakılıqla İstintaq Təcridxanasından Gəncə şəhərində yerləşən ruhi-əsəb xəstaxanasına köçürülüb. Bütün bu qanunsuzluqlar Taleh Xasməmmədovu özünə qəsd edərək qan damarlarını kəsməyə vadar edib. Müsavat Partiyası Taleh Xasməmmədovun özünə qəsd etmə həddinə çatdırılması ilə nəticələnən qanunsuzluqların aradan qaldırılmasını, bu qanun pozuntularına yol verənlərin cəzalandırılmasını və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir”.

9 Aprel 2015-ildə 350 nəfər Göyçay rayon sakini hüquq müdafiəçisi T.Xasməmmədovun azadlığa buraxılması üçün açıq məktubla dövlət başçısına müraciət edirlər. Müraciətdə hüquq müdafiəçisinin 24 fevral 2015-ci il tarixdə şərlənərək həbs edildiyi, səhhətinin ağır olması, Göyçay rayonda hüquqları pozulmuş sakinlərə köməklik göstərdiyini və bu da öz növbəsində Göyçay rayon rəhbərliyinin xoşuna gəlmədiyini dövlət başçısının diqqətinə çatdırıblar.

Mayın 20-dən həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun Göyçay rayon Məhkəməsində hazırlıq məhkəməsi keçirilib. Hazırlıq iclasına yalnız hüquq müdafiəçisinin ailə üzvləri buraxılıb, başqa şəxslərin, xüsusən yerli fəalların məhkəmə prosesində iştirakına imkan verilməyib. Hazırlıq iclasında ilkin olaraq zərərçəkmiş kimi tanınan şəxslər özlərini təqdim ediblər, sənəd və protokollarla tanışlıq olublar.Taleh Xasməmmədov vəsatətlə çıxış edərək, baş verdiyi iddia olunan hadisə zamanı polis idarəsində ki, o, cümlədən mebel mağazasının qarşısındakı müşahidə kameralarının yaddaşına köçürülmüş video görüntülərin məhkəməyə təqdim olunmasını, eləcə də şahidlərin dindirilməsini istəyib. Hakim vəsatətləri qəbul edib. Məhkəmədə Taleh Xasməmmədov vəkildən imtina edib.

Siyasi məhbusların siyahısını hazırlayan işçi qrup bu yaxınlarda Taleh Xasməmmədovu siyasi məhbus elan edib.

Bir neçə gün bundan əvvəl isə hüquq müdaifiəçisi Taleh Xasməmmədovun anası G.Xasməmmədova prezident İlham Əliyevə müraciət ünvanlayıb. G.Xasməmmədovanın müraciətində qeyd olunur ki, Taleh Xasməmmədov heç bir cinayət törətməyib və şərlənərək həbs olunub. «Bütün bunlar şəxsən gözümün qarşısında baş verməsəydi, susardım, dinməzdim. Ancaq Talehin necə şərlənməsi gözümün qarşısında baş verdi. Güya Taleh tərəfindən fiziki zora məruz qalmış Zahir adlı şəxs polisin «işverənidir», çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi iştirak edib ki, artıq bunu təsdiq edən sənədlər də əldə edilib». Anası bildirir ki, iki gündür Talehdən heç bir xəbər yoxdur. «Apardığımız yeməyi də qəbul etmirlər. Hadisənin necə baş verməsini gözü ilə görən çoxlu sayda insanlar var ki, həqiqəti söyləməyə hazır olduqlarını bildirirlər. Həmçinin gizli video çəkliş də var ki, artıq əldə etmişik və bunu şəxsən Sizə təqdim edəcəyik. Bir ana kimi inanıram ki, Siz obyektiv həqiqəti görüb bunu edən şəxsləri cəzalandıracaqsınız və şərlənərək həbsə atılmış Talehin dərhal azad edilməsinə göstəriş verəcəksiniz».

Bütün bunlardan sonra Azərbaycan hakimiyyətnin rəsmiləri “Azərbaycanda insan hüquqları pozulur, azad söz və mətbuat boğulur, müstəqil məhkəmə yoxdur” kimi iddialara qəti etirazlarını bildirərərək “Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür, Azərbaycan Avropanın hüquq məkanındadır və Azərbaycan məhkəmələri istəsə belə hər hansı bir insanı — kim olur olsun Avropa prinsiplərindən kənar məhkum edə bilməz” və sair şablon açıqlamalar verirlər.

İş burasındadır ki, hüquq müdafiəçiəsi T.Xasməmmədovu və onunla bərabər bir çox Azərbaycan vətandaşını şərləyərək həbsə atanlar, məhkəmə proseslərində demirlər ki, sizi söz azadlığına, insan haqqlarına görə, Azərbaycan vətandaşlarının hüquqlarının müdafiəsinə qalxdığınız üçün və yaxud da ümumiyyətlə heç bir günahınız olmadığından sifarişli hakimlər vasitəsilə mühakimə edirik. Rəsmilər ağ yalan danışaraq “Azərbaycan məhkəmələri hakimiyyətin müstəqil qanadıdır”, heç kim günahsız mühakimə oluna bilməz, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycanda hər hansı bir səhvinə görə cəza alan şəxslər var, Azərbaycan hüquqi dövlətdir” kimi açıqlamalar verirlər.

Əslində “düz buyururlar”, həmin rəsmilərin ədalət hesab etdikləri qanunsuz həbslər, təqiblər, sürgünlər, vətandaşların illər boyu topladıqları mallarının-mülklərinin əllərindən alınması, siyasi fəaliyyətlərinə görə işgəncələrə məruz qalmaları, sıravi Azrbaycan vətandaşına, elə həmin T.Xasməmmədovun ailəsi üçün dəhşətlərlə dolu sonsuz bir röyadır.

Hələ bu azmış kimi, bildirirlər, :” Biz bundan təəssüflənirik, onları bu yoldan çəkilməyə çağırırıq”. Hansı yoldan cənablar ?-soruşmaq lazımdır bunlardan. Siyasi və vicdan məhbuslarını heç bir əsas olmadan uzun müddət məhbəslərdə tutmaqla, hüquq müdafiəçisi T.Xasməmmədovun şəxsən aclıq aksiyası keçirtməyi, özünün, anasının, qardaşının etiraz əlaməti kimi, damarlarını kəsərək özlərinə xəsarət yetirməkləri onun göstəricidir ki, yuxarıda qeyd olunan yolun enini də, uzununu da ağına-bozuna baxmadan siz gedirsiniz cənablar.

Etiraf etmək lazımdır ki, zaman keçdikcə “ədalət”, “nəcib ideyalar uğrunda mübarizə” anlayışları və bunlarla bağlı dövlətə və onun institutlarına qarş yönəlmiş fərqli hərəkətlərin siyasi motivləri cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Keçmiş sovetlər ittifaqı dağıldıqdan sonra öz müstəqilliyini elan etmiş respublikalarda o, cümlədən Azərbaycanda “bizdə siyasi məhbuslar var ya yox ?” sualı kəskin müzakirə predmetinə çevrilmişdir. “Var” deyənlər T.Xasməmmədov kimi bu açı gerçəkliyi yaşayanlardır, onların az yaşlı övladlarıdır və yaxud həmin şəxslərin müdafiəsinə qalxanlardır. “Yox” deyənlər bu ədalətsizliyə imza atanlardır.

T.Xasməmmədov qanunsuz və ədalətsiz olaraq həbsdə saxlanılan şəxsdir, hansı ki, təqsirli deyil, hətta qanunu pozubsa da, bu onun özünün nəcib məqsədlər naminə düşünülmüş şəkildə atdığıı siyası addımdır. Hesab edirəm ki, keşməkeşli, zəngin tarixə malik Azərbaycan vətandaşına izah etməyə ehtyac duyulmur, nəyə görə hüquq müdafiəçisi T.Xasməmmədov və yaxud da digər siyasi və vicdan məhbusları bizdə özlərinə qarşı rəğbət yaradırlar. T.Xasməmmədov insanlar arasında zorakılığa çağırış əks etdirməyən açıq fikir və inanclarını ifadə etdiyi üçün cinayət mühakimə icraatı qaydasında təqib olunur və çox guman ki insanların bədbəxtçiliyi üzərində “ədalətli” məhkəmə prosesi qurmağa alışmış məhkəmə onu mühakimə etmək üçün əlindən gələni edəcək. Baxmayaraq ki, bütün dunyada belə şəxslərin dərhal azad olunmaları və qeyd-şərtsiz olaraq onların təqib olunmalarına xitam verilməsi praktikası mövcuddur.

Azad Mursaliyev

Short URL: http://www.cumhuriyyet.net/?p=27442

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728