Ağsu icra hakimiyyəti yazdıqlarımıza cavab verdi

08.07.2015 - 00:00

aqsu2Saytımızda “Ağsuda Pirhəsənli mafiyası: Nazirin dayısından şok şikayət” başlığı altında dərc edilmiş tənqidi yazı ilə əlaqədar Ağsu rayon İcra Hakimiyyəti tərəfindən elektron poçtumuza rəsmi mövqe göndərilmişdir. “Kütləvi İnformasiya Vasitələri haqqında ”Azərbaycan Respublikası Qanununa əsasən qarşı tərəfin mövqeyi kimi həmin məlumatı olduğu kimi dərc edirik:

“Bildiririk ki, qəzetin 06 iyul 2015-ci il tarixli sayında “Ağsuda Pirhəsənli mafiyası: Nazirin dayısından şok şikayət” başlığı altında dərc edilmiş tənqidi yazıda göstərilən faktlar həqiqətə uyğun olmamaqla yalan və böhtan xarakterlidir.
Yazıda qeyd olunur ki, Ağdam rayonundan qaçqın düşmüş, hazırda rayonun Qaraqaşlı kəndində məskunlaşmış Dilarə Bəndəliyeva şikayət məktubunda göstərir ki, 1991-ci ildə Ağdam rayonundan qaçqın düşərək rayonun Qaraqaşlı kəndində məskunlaşmışdır. Dəfələrlə rayon İcra hakimiyyətinin başçısı cənab Ə. Seyidəliyevin qəbulunda olmuş və uşaqlarının işlə təmin olunması və yaşadığı evin təmir və ya tikintisi ilə bağlı xahiş etmişdir. Xahişinin nəticəsi olmadığını bildirən D. Bəndəliyeva qeyd edir ki, Ənvər Seyidəliyev bir qrup qadını öyrədərək onlardan 22 min manat pul alması ilə bağlı ona şər atmış və Ağsu rayon Məhkəməsi onun iştirakı olmadan 22 min manat pulun ödənilməsi ilə bağlı barəsində ədalətsiz qərar çıxarmışdır. Hazırda İcra hakimiyyəti başçısının tapşırığı ilə Ağsu polisi yaşadığı evə basqın edərək onu və ailəsini döymüş və təhqir etmişlər. Rayon icra hakimiyyətinin başçısı bütün postlara Pirhəsənliləri yerləşdirib, bir sözlə rayonda Pirhəsənli mafiyası at oynadır.
Bildiririk ki, D. Bəndəliyeva qaçqın və məcburi köçkün deyildir. O, 1991-ci ildə ailə həyatı qurması ilə əlaqədar rayona gəlmiş və hazırda burada yaşayır. Ağdam rayonu 23 iyul 1993-cü ildə işğal olunduğu halda D. Bəndəliyeva hansı əsasla özünü 1991-ci ildən qaçqın və məcburi köçkün hesab edə bilər?
D. Bəndəliyeva həqiqətən uşaqlarının işlə təmin olunması ilə əlaqədar rayon İcra hakimiyyəti başçısının qəbulunda olmuş, heç bir peşə və ixtisas təhsilləri olmadığı halda onlara təklif olunan müvafiq işlərdə işləməkdən imtina etmişlər. D. Bəndəliyevaya mütəmadi olaraq rayon İcra hakimiyyəti tərəfindən maddi və mənəvi köməkliklər göstərilmişdir.
Məlum edirik, D. Bəndəliyeva uzun müddətdir rayonda dələduzluq edərək vətəndaşları aldadır, onlardan pul və qızıl-zinət əşyaları alaraq geri qaytarmır. Bu da vətəndaşların haqlı şikayətlərinə səbəb olur. Belə ki, Bəsti Süleyman qızı Qədirova Ağsu rayon Məhkəməsinə müraciət edərək Dilarə İsa qızı Bəndəliyevadan Bakı şəhərində oğlanlarına ev alınmasına köməklik göstərilməsi məqsədilə ondan aldığı 15000 (on beş min) manat məbləğində nağd pul və 3000 (üç min) manat dəyərində sair əmlakın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu rayon Məhkəməsi 02 dekabr 2014-cü il tarixdə həmin məsələ üzrə 2(016)-760/2014 saylı mülki işə baxmış və cavabdeh Dilarə Bəndəliyevadan 15000 (on beş min) manat pulun və 1 dəst ulduz formalı qızıl üzük-sırğa dəsti, bir ədəd 8(səkkiz) qramlıq qızıl nişan üzüyü, bir ədəd qədim xalça, iki ədəd təzə xalça, iki ədəd qədimi teştlər, nəvəsinin adına aldığı 60 (altmış) metr parça, altı dəst bahalı çay servisləri, bahalı termos, qəhvədan və çaynikin, altı dəst boşqablar, çəngəl, bıçaq, qaşıq dəsti, süfrələr, pokrıvallar və yorğan-döşək üçün dəst çexollar, dəsmallar və ya onun 3000 (üç min) manat dəyərinin alınıb Bəsti Qədirovaya verilməsi barədə qətnamə çıxarmışdır. Qətnamədən cavabdeh D.Bəndəliyevanın şikayəti olmamış və qətnamə qanuni qüvvəsini almışdır.
Bundan əlavə rayonun Axundlu kəndində yaşayan Dadaşova Günel Vəzirxan qızı 07 yanvar 2015-ci il tarixdə Ağsu rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Dilarə Bəndəliyeva adlı qadının ev tikdirəcəyi və xəstə ərinə birdəfəlik 8000 (səkkiz min) manat müavinət veriləcəyi vədi ilə müxtəlif vaxtlarda ondan Prezident Aparatında işləyən tanışı Ramizə vermək adı ilə 1500 (min beş yüz ) manat dəyərində nağd pulunu və hər birinin qiyməti beş manat olmaqla 11 ədəd çolpanı aldadaraq alıb dələduzluq yolu ilə ələ keçirmişdir.
Bundan başqa Ağsu rayonunun Maşadqanlı kəndində yaşayan Vahidova Rübabə Möhsün qızı 15 iyun 2015-ci il tarixdə Ağsu rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Dilarə Bəndəliyeva 12 noyabr 2014-cü il tarixdə 17 aprel 2015-ci il tarixdən oğlu Nemətin xəstəliyi ilə əlaqədar ona pensiya düzəldəcəyi vədi ilə müxtəlif vaxtlarda 25 manat, 32 manat, 50 manat, 30 manat, 20 manat, 60 manat, 55 manat, 17 manat cəmi 290 manat nağd pulunu aldadaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin fakta görə 17 iyun 2015-ci il tarixdə Ağsu RPŞ-də Dilarə Bəndəliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 150290020 nömrəli cinayət işi başlanılmışdır. Lakin Bəndəliyeva Dilarə İsa qızının müəyyən edilib onunla istintaq hərəkətləri aparmaq mümkün olmadığından rayon Polis şöbəsinin 01 iyul 2015-ci il tarixli qərarı ilə Dilarə Bəndəliyevanın şübhəli şəxs qismində tutulması və barəsində axtarış elan olunması barədə qərar qəbul olunmuşdur.
Məlum edirik ki, qeyd olunan faktlarla əlaqədar Dilarə Bəndəliyeva dəfələrlə rayon İcra hakimiyyəti başçısının qəbulunda olmuş, onun cinayət əməllərinə “köməklik” olunmasını xahiş etmişdir. Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ona köməklik göstərilməsinin mümkünsüzlüyü onu razı salmadığından rayon rəhbərliyinə “təsir” göstərmək niyyəti ilə ona şər və böhtan atmışdır.
Əlavə olaraq bildiririk ki, Ənvər Seyidəliyev rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu vaxtdan bu günə kimi bir nəfər də olsun Pirhəsənli kəndindən rayonda rəhbər vəzifəyə təyin olunmamışdır.

Ağsu Rayon İcra Hakimiyyəti”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27784

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728