İDİ vətəndaş cəmiyyəti təmsilçilərilə seçkiləri müzakirə etdi
Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənizimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab verməsi istiqamətində apardığı araşdırmalara əsaslanaraq vətəndaş cəmiyyəti təmsilçiləri və siyasi partiyalarla müzakirələri davam etdirib.
Təşkilatın yaydığı məlumatda bildirilir ki, İDİ keçirdiyi bu görüşlər çərçivəsində Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin sədri Arzu Abdullayeva, Demokratiyanı Öyrənmə İB-nin sədri Mirəli Hüseynov, Demokratiyanın Monitoru İB-nin sədri Fuad Həsənov, Hüquqi Təşəbbüslər Mərkəzinin sədri Ziya Quliyev, SMDT koordinatoru Samir Kazımlı, vəkil Xalid Bağırov, QHT rəhbərləri Aytəkin İmranova, Nəsrulla Nurullayev və digər təmsilçilər ilə araşdırmanın ilkin nəticələri və seçkiöncəsi durumla bağlı müxtəlif fikir mübadiləsi aparıb.
İDİ həftə ərzində seçkinin əsas tərəflərindən olan siyasi partiyalardan VHP sədri Sabir Rüstəmxanlı və Ədalət Partiyasının sədri İlyas İsmayılovla da görüş keçirmişdir.
Görüşlərdə Təşəbbüsün təmsilçisi kimi İDİ sədri, MSK üzvü Akif Qurbanov və hüquqşünas-ekspert Ələsgər Məmmədli çıxış etmişdir.
Təşkilat seçki prosesində müşahidəçi kimi iştirak edən vətəndş cəmiyyətinin və seçkinin əsas tərəflərindən olan yuxarıda qeyd edilən siyasi partiyaların rəy və təkliflərini dinləmiş, həmçinin bu təklif və rəylərin yaxın günlərdə geniş ictimaiyyətin birgə müzakirəsinə çıxaracağını ifadə etmişdir. (arqument.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=29486