Rövnəq Abdullayevin idarə etdiyi “ölüm maşını”
Dəm qazından ölüm hallarının arxasında ARDNŞ
məsuliyyətsizliyi durur
Qış
mövsümünün başlanmasıyla “dəm qazı” faciəsinə start verilmiş olur. Ən azı gün
ərzində neçə nəfər dəm qazından zəhərlənmələrlə xəstəxanalara çatdırılır. Dəm
qazından dünyasını dəyişənlərin statistikası da az deyil. Görəsən, insanların qazla bağlı problemləri və
faciələri nədən bitib-tükənmir? Problemlərin həllinə məsul qurumlar nədən belə
ağır mənzərələrə göz yumur? Onlar özləri məgər belə faciələrdən sığortalanıb?
“Azəriqaz”
IB-nin sabiq idarə rəisi Nüsrət Qasımov “Şərq” qəzetinə açıqlamasında cəmiyyət
üçün son dərəcə aktual olan bu məsələdən danışıb. N.Qasımov mavi yanacaqla
bağlı əhalinin narahat qaldığı məqamlara aydınlıq gətirib. Sabiq idarə rəisi
öncə söyləyib ki, istehsal olunan mavi yanacaq Qaradağda Qaz Emalı Zavoduna
daxil olandan sonra emal edilərək abonentlərə ötürülür. O, bu zaman çox
təhlükəli və qanunsuz bir məsələnin də üstünü açıb. Belə ki, Sabunçu, Suraxanı,
Binəqədi, Xəzər və Səbail rayonları ərazisində köhnə mədənlər fəaliyyət
göstərir və ordan çıxan qazın tərkibinə lazımi qatqı maddəsi vurulmadan birbaşa
abonentlərə ötürülür: “Bunlar hamısı köhnə buruqlardır, hələ də onlardan qaz
hasil olunur, idarə və müəssisələr də həmin qaz itkiyə getməsin deyə əhaliyə
verirlər. Qazı yalnız tərkibinə metan qatıldığı halda əhaliyə vermək olar. Mavi
yanacağın tərkibində metanın faizi 60-dan aşağıdırsa, onu əhaliyə ötürmək
olmaz. Onun faizi mütləq 60-dan çox olmalıdır. Qaz cihazları, istilik
sistemlərinin korlanmasında bu amilin böyük rolu var. Metanın faizi aşağı
olduğu üçün cihazlar işləməyə, xarab ola bilər. Problem qazdadır. Sözügedən
mədən və buruqlar ARDNŞ-ın neft-qazçıxarma idarələrinin nəzarətindədir. Onlar
qazı necə gəldi camaata verirlər, sonra da faciə və fəsadlar baş verir. ARDNŞ
gərək abonentlərə verilən təbii qazın tərkibinə nəzarət etsin. Abonentlərə
verilən təbii qazın tərkibinə mütləq etilmerkaptan maddəsi vurulmalıdır ki, qaz sızması olanda
insan bunu hiss etsin. Bu maddə təbii, məişət və yanmış qazların tərkibinə
odorant – xüsusi qoxuverici kimi vurulur. Onun çox kəskin qoxusu var, bir növ
yumurta iyi verir. Qaz sızması, qazın düzgün yanmaması zamanı bu qoxu insanları
duyuq salır. Qışda qazın hər 1000 kubmetrində 16 mq, yayda isə 8 mq həmin
maddədən olmalıdır”.
Neftçilərin
Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məsələ barədə şərhini
söyləyərək “Azəriqaz”ın əsas işinin qazı zavoddan alaraq əhaliyə vermək
olduğunu söyləyir. Hüquq müdafiəçisi zəhərlənmələri Qaz Emalı Zavodunda
axtarmağı daha düzgün sayır: “Zavodda qazın emalı sahəsində, onun tərkibinə
havanın çox vurulması məsələsində böyük problemlər var. Zəhərlənmələrin kökü
həmin zavoddadır. Əslində, sovet vaxtında da belə mədənlərdə çıxarılan qazı
əhaliyə satırdılar. Tərkibi təmizlənmiş quru qaz neft-qaz çıxarılan ərazidə
yaşayan əhaliyə verilirdi. O vaxtlar kustar üsuluyla peçlər düzəldilsə də,
faciələr indiki səviyyədə deyildi. Mən yenə də öz fikrimdə qalıram ki, bu
məsələdə Qaz Emalı Zavodu günahkardır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3105