Məhkəmə hər birimizə ən azı 6-7 il iş verəcək

03.01.2014 - 12:56

Üzeyir Məmmədli: “Həbsimizə səbəb olanların bir çox
yeni illərini həbsdə qarşılayacaqlarına inanıram”

“Azərbaycan kimi ölkədə yaşayırsansa və hakimiyyətə
qarşı mübarizə aparırsansa həbsə hazır
olmalısan”

“Xalq bu hakimiyyətdən narazıdır, amma nə edəcəyini
bilmir. Ona yol göstərməyə çalışan müxalifət liderlərinin isə arxasınca getmək
istəmir”

Üzeyir Məmmədli: “Həbsimizə səbəb olanların bir çox
yeni illərini həbsdə qarşılayacaqlarına inanıram”

“Azərbaycan kimi ölkədə yaşayırsansa və hakimiyyətə
qarşı mübarizə aparırsansa həbsə hazır
olmalısan”

“Xalq bu hakimiyyətdən narazıdır, amma nə edəcəyini
bilmir. Ona yol göstərməyə çalışan müxalifət liderlərinin isə arxasınca getmək
istəmir”

Bu ilin mart-aprel aylarında N!DA Vətəndaş Hərəkatının
üzvlərinə qarşı repressiya başlandı, təşkilatın 7 üzvü həbs olundu. İstintaqın
iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət
Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi
aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin
bir neçəsinə qarşı qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama
ittihamı da irəli sürülüb. Artıq xeyli müddətdir gənclərin məhkəmə prosesi
başlayıb. “Yeni Cumhuriyyət” həbsdə olan
N!DA üzvü Üzeyir Məmmədliyə suallar ünvanlayıb. Üzeyir bəy Bakı Ağır Cinayətlər
Məhkəməsində suallarımızı cavablandırıb.

“Bizim cinayət işinin istintaqı qeyri-peşəkar
formada aparılıb və bir çox səhvlər edilib”


Üzeyir bəy, söhbətimizi hakimiyyətin
N!DA-ya qarşı qəzəbinin səbəblərindən
başlayaq…

– N!DA
Vətəndaş Hərəkatına qarşı belə bir əməliyyat olacağının ilk siqnalı 2012-ci
ilin sentyabrının sonlarında verildi . O zaman İdarə Heyətinin üzvü Zaur
Qurbanlı faktiki olaraq DİN BMCMİ tərəfindən oğurlanaraq 15 gün girov saxlanıldı. Bu N!DA-nın getdikcə güclənməsinin
, xüsusilə gənclər arasında böyük nüfuz qazanmasının qarşısını almaq üçün
atılmış bir addım idi. Anacq bu fakt bizi qorxutmadı və əksinə nəticədə bizə
qoşulanların sayı artdı. 2013-cü il “Əsgər ölümlərinə son” aksiyaları ilə
başladı. İctimaiyyət, xüsusilə gənclər neçə illərdir orduda baş verən əsgər
ölümlərinə qarşı etiraza qalxdılar . Bu etirazların daha bir özəlliyi orduda
son illər ölən əsgər valideynlərinin də keçirilən aksiyalarda fəal iştirak eləməsi idi. Yanvarda keçirilən aksiyadan sonra hakimiyyət yalnız bir neçə
komandirin yüngülcə cəzalandırılması ilə kifayətləndi. Orduda isə əsgər ölümləri
davam edirdi. Nəticədə 1 martda növbəti əsgər (Seymur Allahverdiyev ) ölümündən
sonra növbəti “Əsgər ölümlərinə son” aksiyası təyin edildi. Bu aksiyaların daha
bir özəlliyi heç bir təşkilat tərəfindən təşkil olunmaması, ictimai tələbin nəticəsi
olması idi. Bu aksiyanın təşkilatçısı aksiyada iştirak edənlərdir, konkret
olaraq hansısa şəxs və ya qurum deyildi. 10 mart aksiyası facebookda elan ediləndən
bir neçə gün sonra sosial şəbəkələrin əsas mövzusuna çevrildi. Aksiyada on minə
yaxın insanın iştirakı gözlənilirdi. Təbii ki , hakimiyyət buna imkan verə bilməzdi.
Problemin özünü, yəni orduda baş verən ölümləri durdurmaq üçün islahatlara
başlamaq, o zaman üçün hakimiyyətin planında olmadığı üçün martda N!DA-ya qarşı
əməliyyat başladı. İlk əvvəl 3 üzvümüz həbs olundu. 9 martda hakimiyyətin nəzərində olan telekanallarda onların
“etirafları” yayıldı. Nəticədə 10 mart aksiyası bütün bunlardan sonra gözlənildiyindən
sönük keçdi. Daha sonra 4 nəfər N!DA üzvü və artıq mayda həbsdə N!DA-ya üzv
olmuş İlkin Rüstəmzadə həbs olundu.


Artıq istintaq müddəti arxada qalıb. Aylarla davam edən bu prosesi necə qiymətləndirirsiniz?

– Qeyd edim ki , ümumilikdə bizim cinayət işinin
istintaqı qeyri-peşəkar formada aparılıb və bir çox səhvlər edilib. Bunların bəziləri
məhkəmədə verilib, digərləri də prosesin sonuna qədər olunacaq. Bunun səbəblərindən
biri əməliyyatın tələsik keçirilməsidir. N!DA-ya qarşı əməliyyat planı olub, ancaq
hələ bir müddət sonraya planlaşdırılıb. Ancaq 10 mart aksiyasının təyin
olunması planları pozub və 7 martda tələsik qərar verilib. MTN və Baş
Prokrorluğunun çox sadə səhvlərinin başqa izahı yoxdur. İstintaqın müddətinə gəlincə,
cinayət işi o qədər qondarmadır və ittihamlar o qədər gülüncdür ki , aparılacaq
ciddi bir istintaq hərəkəti də yox idi, sadəcə ən xəbərsiz adam da bilirdi ki , ibtidai istintaq seçkiyə qədər
uzanacaq, seçkidən sonra isə məhkəmə istintaqı başlayacaq. Nəticədə cinayət
işinə birbaşa aidiyyatı olmayan ekspertizalarla istintaq seçkiyə qədər
uzadıldı. Seçkiqabağı isə yeni ittiham elan olunaraq tələsik yekunlaşdılırdı.

“MTN və Baş Prokrorluğun bizə qarşı törətdiyi cinayətlər
sübut olunacaq”


2 aydır məhkəmə başlayıb və bu məhkəmə prosesi də sizin, yəni ittiham olunan şəxslərin
hüquqi və mənəvi üstünlüyü şəraitində keçir

– Bizim cinayət işinin hazırlıq iclası 4 prosesə
yekunlaşdı. Mən başqa belə bir proses xatırlamıram. Bu da daha çox hakimin
CPM-in texniki normalarına tam əməl etmək istəyinə görə oldu. Hazırlıq
iclasında verilən heç bir vəsatət təmin edilmədi. Hətta cinayət işinə birbaşa
aidiyyatı olmayan ibtidai istintaqın gedişində cinayət işinə xitam verilməsi
istiqaməti üzrə şahidlərin siyahıdan çıxarılması barədə vəsatət belə təmin
olunmadı. Mən fikirləşirdim ki, heç olmasa bu vəsatət təmin olunacaq. Məhkəmə
özünü və bizi izafi əziyyətdən xilas edəcək. Ümumilikdə götürsək məhkəmədə
qeyri-adi bir şey yoxdur. Təbii ki, məhkəmənin gedişində cinayət işinin tamamilə
qondarma və absurd olduğu, MTN və Baş Prokrorluğun bizə qarşı törətdiyi cinayətlər
sübut olunacaq, amma bu qanuni hökmün verilməsinə təsir edəcəkmi? Xeyr.


9 aydır həbsxanadasan. Kimlər, nələr üçün darıxırsan?

– Mən xeyli vaxt idi həbsə hazır idim. Özümdən əlavə
yaxınlarımı da bu həbsə hazırlamışdım. Azərbaycan kimi ölkədə yaşayırsansa və
hakimiyyətə qarşı (dinc və qeyri-zorakı)mübarizə aparırsansa buna hazır olmalısan. Ona görə də həbsim daha çox
rahatlıq gətirdi mənə, həbs mənə xeyli vaxtdır vaxt tapa bilmədiyim mütailə
imkanı qazandırdı. Vaxt bolluğu həm də daha çox düşünməyə imkan yaratdı. İndiki
dövrdə çox sürətli bol informasiyalı həyat yaşayırıq. Burda fərqinə varıram ki,
azadlıqda olanda düşünməyə belə vaxtım olmurdu. Bəzən sosial şəbəkənin bizi məhdudlaşdırdığının
fərqinə vardım. Azərbaycan insanı ilə tanış olmaq imkanı qazandım. Hüquq
mühafizə orqanlarında olan qanunsuzluğun, özbaşınalığın, korrupsiyanın
qurbanları ilə tanış olmaq imkanları qazandım. Azadlıqda olanda da bu barədə məlumatlarım
olub. Ancaq Kürdəxanıdan açılan mənzərə çox dəhşətlidir. Burda dəyərli insanlar
, Hacı Taleh Bağırzadə, Hilal Məmmədov, Əvəz Zeynallı və digərləri ilə tanış
oldum. Amma təbii ki, hər bir normal insan kimi həbsdə mən də darıxıram. Təcridxana
rəhbərliyi görüşlərimə bir məhdudiyyət qoymasa da, bu yalnız yaxın qohumlarım
üçün keçərlidir. Ona görə bir çox dostlarımla görüşə bilmirəm. Düzdür, ən yaxın dostlarımdan ikisi mənlə birgə
həbsdədi və məhkəmə başlayandan onları hər həftə görmə imkanım var. Valideynlərim
rayonda yaşadıqları üçün onları həbs müddətində cəmi bir dəfə görmək imkanım
olub. Darıxdığım seyləri sadalasam;”Mehdinin çayxanasında” dostlarımla oturmaq, NBA oyunlarını izləmək, həbsdən
3 gün “game of thrones”un növbəti sezonunu başlamalı idi, ona baxa bilmədim. Əsas
məsələ “Behzat Ç”-in finalı oldu, amma mən izləyə də bilmədim.


Məhkəmənin yekunundan nə gözləyirsiniz? Ümidlisinizmi?

– Yuxarıda qeyd etdiyim kimi məhkəmədə təqsirsizliyimizi sübut edəcəyik.
Amma çox güman məhkəmə ən azı 6-7 il hər birimizə iş verəcək.

“Milli Şura nə edə bilərdisə, onu etdi”


Həbs müddətinizdə ölkədə siyasi mənzərə necə görünür?

– Həbsdə olduğum müddətdə elə bir ciddi dəyişiklik
olmayıb. İlham Əliyev gözlədiyim kimi qanunsuz olaraq III dəfə saxta seçkilərlə
prezident “seçildi”. Buna bir neçə min müxalifdən başqa heç
kim etiraz etmədi
. Xalq bu hakimiyyətdən narazıdır, amma N!DA-çı
filosof Ziya Bayramovun yazdığı kimi nə edəcəyini bilmir. Ona yol göstərməyə
çalışan müxalifət liderlərinin isə arxasınca getmək istəmir. Mən əvvəllər
fikirləşirdim ki, bu qorxudur. Amma bu hakimiyyət yavaş-yavaş xalqa qorxudan itiriləcək bir şey
buraxmır.


Üzvü olduğunuz Milli Şuranın seçki prosesində fəaliyyəti sizi qane etdimi? Sizcə,
Milli Şura nələr etmədi?

– Ümumilikdə Milli Şuranın fəaliyyəti qane etmədi təbii
ki. Ancaq Cəmil Həsənli və seçki prosesində bilavasitə iştirak edən fədakar
müxalifətçilərin fəaliyyətini yüksək qiymətləndirirəm. Onlar bacardıqlarını
etdilər, sadəcə bundan artığı mümkün deyildi. Ümumilikdə götürüldükdə isə Milli
Şura uğurlu fəaliyyət göstərmədi və hal-hazırda da göstərmir. Tərkiblə bağlı
problemlər elan edilməsinin, sədr və vahid namizəd seçilməsinin gecikməsi, Rüstəm
İbrahimbəyovun pasport məsləsi ilə bağlı olan problemlər uğurlu fəaliyyətə
imkan verə bilməzdi. Bu problemlər olmsa
idi nə isə dəyişərdimi? Fikrimcə elə böyük fərq olmayacaqdı, sadəcə gələcək
üçün daha sağlam təməl atılacaqdı. Ümumiləşdirsək, deyə bilərəm ki, Milli Şura
nə edə bilərdisə, onu etdi.

“Azərbaycanda müxalifətçilik çox vaxt həyatda
qalmaq uğrunda mübarizədir”


Həbsdən MŞ-a bir müraciət ünvanladınız. Bir sıra tələblər irəli sürdünüz. Ancaq
həmin tələblərə hələ ki, ciddi qarşılıq verilməyib. Bunu necə dəyərləndirirsiniz?

– Məbuatda gedən müraciətdən başqa, Milli Şuranin gələcəyi
ilə bağlı bir sıra konkret təkliflərimiz var və bunlar artıq Milli Şura sədrinə
çatdırılıb. Növbəti sessiyada bunlara baxılacagını gözləyirik. Müraciətdə qeyd
edilənlərə gəlincə, sədrlik məsələsi həll olundu, sədr aparatı formalaşdırıldı
və orada əsasən gənclər təmsil olunur (ikisi N!DA VH -ı təmsil edir) ona görə “müraciətə
qarşılıq verilmədi” demək olmaz.


Şərtləriniz nəzərə alınmayacağı təqdirdə MŞ-dan çıxmaq niyyətiniz yoxdur ki?

– Təəssüf ki,mətbuat bizim müraciətin başlığına “N!DA
üzvlərinin sayını artırmaq istəyir” başlığını qoydu və diqqət əsasən bu məsələyə
yönəldi. Bizim məqsədimiz MŞ-ın işlək bir quruma çevrilməsidir və bunun üçün də
orada əsas işləri gənclər görməlidir. Başqa təklifimiz də var. Orda qeyd
etdiyimiz kimi bunlar nəzərə alınmasa və yaxın 1-2 ayda MŞ eyni formada davam
eləsə çıxmaq barədə ciddi fikirləşəcəyik.


Müsavat və MŞ arasındakı gərginlik qurumun üzvü kimi sizdə hansı fikirləri
formalaşdırır?

– Hüseynbala Səlimovun “Yeni Müsavat” qəzetinin 22 dekabr
sayında bununla bağlı köşə yazısı var. Orda bir məsələni gözəl vurğulayıb. Həbsdə
olan Milli Şura üzvü kimi mənim fikrim belədir ki, Azərbaycanda müxalifətçilik
çox vaxt həyatda qalmaq uğrunda mübarizədir. Bu gərginlik də həyatda qalmaq
uğrunda mübarizə aparanların öz aralarında çəkişməsidir.


Milli Şuranın bundan sonrakı fəaliyyətini necə görürsünüz?

– Proqnoz verməyimi istəsəniz böyük ehtimalla MŞ
uzun yaşamayacaq. Ancaq ümid edirəm ki, proqnozum doğru olmayacaq. MŞ əvvəlki qurumların aqibətini yaşamayacaq.
Bizim təkliflərimiz, eləcə də digər konstruktiv təkliflər nəzərə alınacaq, çəkişmələrə
son qoyulacaq və MŞ uzunmüddətli strategiyası olan, möhkəm, işlək bir quruma
çevriləcək.

Müsahibə bir az pessimist ruhlu alınır. Ancaq mən
pessimist deyiləm. Sadəcə Milli Azadlıq hərəkatından keçmiş nəslin uğur
qazanmasına inanmıram.


Yeni ili həbsdə keçirəcəksən. Buna səbəb olanlara və sizin kimi siyasi məhbuslara
sözün?

– Səbrli olsunlar: “Roma bir günə qurulmayıb”. Buna səbəb olanların isə bir çox yeni illərini
həbsdə qarşılayacaqlarına inanıram.


Cəmiyyətin sizin məhkəmə proseslərinə diqqətindən razısınızmı?

– Müxalif düşərgənin diqqətindən razıyam, ancaq
bütövlükdə Azərbaycan cəmiyyətinin münasibətindən razı olmaq mümkün deyil.

Bakı
Ağır Cinayətlər Məhkəməsi. 25.12.2013

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3118

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031