Baba Rzayevin “işıqlı biznesi”

09.09.2012 - 23:55

“Bakıelektrikşəbəkə”
adı altında talanan milyonlar

“Bakıelektrikşəbəkə”
adı altında talanan milyonlar

 

Uzaq ölkələrdən Azərbaycana qonaq gətirən təyyarələrin
yolunu işıqlandıran projektorlardan tutmuş Bakı sakinlərinin evində közərən
lampalara qədər, ölkə paytaxtında yandırılan elektrik enerjisinin hər
kilovatından qazanan bir ailə var. Dövlətin rəsmi sənədlərini saf-çürük edəndən
sonra bu qənaətə gəlmək olur…
Taniş olun, Rzayevlər ailəsi
Bu ailənin üzvlərinə Azərbaycanda elektrik məhsullarının
satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına
qədər ciddi işlərlə məşğul olan bir neçə şirkətin təsis sənədlərində rast gəlirik.
Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan Santral
Elektrik LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə,
30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur (Balababa Rzayev yerli
mətbuata verdiyi müsahibələrində özünü Baba Rzayev kimi tanıdır deyə, biz də mətndə
Baba Rzayev kimi qeyd edirik – müəlliflər).
Santral Elektrik LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O
vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi. İndi Santral
Elektrikə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.
Həm də təkcə Santral Elektrik deyil, əldə etdiyimiz sənədlərə görə bu ailə Azərbaycanda
elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir.
Ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev
paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan
“Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir. Məhz həmin dövrdə
paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən – Barmek şirkətindən alınaraq, bərpa
edilmiş dövlət qurumuna – “Bakıelektrikşəbəkə”yə
keçib.
“Santral Elektrik” MMC gizlinləri
Baba Rzayev Santral Elektrikin əsasını 2000-ci ildə
Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli
iş adamı öz payını Baba Rzayevə satıb. Bakelektrikşəbəkəyə sədr keçdikdən sonra
onun, Santral Elektriki də qeyri-rəsmi idarə etdiyi bildirilir. Baba Rzayev
İxtisasca elektrik mühəndisi, ADNA məzunu olan Baba Rzayev Bakelektrikşəbəkəyə
rəhbər göndərilməzdən əvvəl “Bakelektro” ASC-nin icraçı direktoru işləyib.
Hazırda “Bakelektro”ya da onun qardaşı Emin Rzayev rəhbərlik edir. Santral
Elektrik Azərbaycanda elektrik avadanlığı, onların quraşdırılması və xidmət sahəsində
iri özəl şirkət hesab edilir. İnternet səhifəsindəki məlumatlara görə,
“Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice”
(İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive” və başqa şirkətlərin
Azərbaycanda rəsmi distribütoru da Santral Elektrikdir. Amma Santral Elektrik
LTD Rzayevlərin “işıqlı biznesinin” ümmanında bir damladır. İşıqlı biznesin hərəkətverici
qüvvəsi isə Bakıelektrikşəbəkə ASC-nin tenderləri və alqı-satqı müqavilələridir.
Baba Rzayevin rəhbərlik etdiyi Bakelektrikşəbəkənin fəaliyyəti ekspertlər tərəfindən
şəffaf dəyərləndirilmir. Qurumun keçirdiyi tenderlər şəffaf deyil. İnternet
saytlarında tender elanlarını görmək olar, amma nəticə və qaliblər barədə bilgi
verilmir. Bir müddət öncə AzadlıqRadiosunun bu barədə sorğuları da
“Bakıelektrikşəbəkə” tərəfindən cavablandırılmayıb. ASC-nin İnsan Resursları və
Xidmət İdarəsindən sorğuya verilən cavaba görə, “Bakelektrikşəbəkə” ASC göstərdiyi
xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə
və qiymətlərdə dəyişikliyə dair informasiya verə bilər. Sorğunuz bununla əlaqədar
olmadığından onun icrasının təmin edilməsi mümkün deyildir”.
Dövlət sifarişini öz şirkətinə verib?ferid
Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC
şirkətləri Santral Elektriklə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi
və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir. “General Boards System” – GBS
Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və
Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı
ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam
Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.
2003-cü ildə yaradılmış “Gök-Nur Bakı LTD”-nin Vergilər Nazirliyi reyestrindən
çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərilir. Digər təsisçi
isə Handa Groupdur. Bu şirkət sifarişlərini birbaşa sahibinin başçılıq etdiyi
dövlət qurumundan – Bakıelektrikşəbəkədən alıb.
Yeri gəlmişkən, “Bakıelektrikşəbəkə”nin tender qaliblərindən “Azərelektrikşəbəkətikinti”
ASC-nin təsisçilərinin də Birinci ledinin ailəsi ilə qohumluq əlaqələri
haqqında məlumat var.
Baba Rzayevin başçılıq etdiyi dövlət qurumunun büdcəsindən öz şirkətlərinə
verdiyi sifarişlərin vəsaiti təkcə hər Bakı sakininin ödədiyi elektrik haqqından
deyil, həm də dövlət büdcəsinin Bakıelektrikşəbəkə ASC-yə səxavətlə ayırdığı
infrastruktur sərmayəsindən gəlir. Bakıelektrikşəbəkə ASC-nin rəsmiləri Baba
Rzayevin dövlət vəsaiti hesabına şəxsi biznesini inkişaf etdirməsi ilə bağlı
suallarımızı cavablandırmaqdan imtina ediblər.

Fərid Abdullayev, Cumhuriyyet.az

Short URL: http://www.cumhuriyyet.net/?p=3127

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930