Əliyevlərin ortağı qalmaqal yaratdı
Gədəbəy qızıl yatağının sahibi bu ölkənin prezidentinə, spikerinə və baş nazirinə məktub yazıb, ancaq onun təklifi qalmaqal doğurub
Gədəbəy qızıl yatağının sahibi bu ölkənin prezidentinə, spikerinə və baş nazirinə məktub yazıb, ancaq onun təklifi qalmaqal doğurub
Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş və Azərbaycanda Gədəbəy qızıl yatağını işlədən “Anglo Asian Mining” əməliyyat şirkəti Qırğızıstanda qalmaqallı qızıl yatağını almaq istəyir. Şirkətn rəhbəri, İranda doğulmuş azərbaycanlı Rza Vəziri bu məqsədlə Qırğızıstan prezidentinə, parlamentin spikerinə və baş nazirinə məktub yazıb. Söhbət hazırda Kanada şirkətnin işlətdiyi və ehtiyatlarının həcminə görə dünyada üçüncü ən iri qızıl yatağı olan “Kumtor”dan gedir.
Rza Vəzirinin Qırğızıstan rəhbərliyinə yazdığı məktubda deyilir ki, əgər “Kumtor” yatağı “Anglo Asian Mining” şirkətinə verilsə, şirkət gəlirin 70 faizini Qırğızıstan dövlətinə verəcək və özünə cəmi 30 faiz götürəcək. Qeyd edək ki, Qırğızıstanın İssık-Kul vilayətində yerləşən “Kumtor” yatağını mərkəzi ofisi Kanadada yerləşən “Centerra Golg İnc.” şirkəti işlədir. Bu şirkətlə müqaviləni 2009-cu ildə Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev imzalayıb. Qırğızlar müqavilənin şərtlərindən narazıdır. Belə ki, Kanada şirkəti gəlirin 54 faizini özünə götürür. Cəmi 46 faizini isə Qırğızıstana verir. Eyni zamanda İssık-Kul sakinləri Kanada şirkətinin qızıl hasilatı zamanı ətraf mühiti çirkləndirdiyini bildirir.
2013-cü ilin may ayında “Kumtor” yatağına görə Qırğızıstanın həmin bölgəsində günlərlə davam edən iğtişaşlar baş verib. Yerli əhali yolu bağlayıb, yerli hakimiyyət orqanı rəhbəri girov götürülüb, Kanada şirkətinə məxsus maşınlar yandırılıb, polislə toqquşmalar olub. Əhali Kanada şirkətinin İssık-Kuldan qovulmasını tələb edib.
Qırğızıstanın mərkəzi hakimiyyəti qızıl yatağına görə bağlanmış müqavilənin şərtlərini ədalətsiz olduğunu qəbul edir. Bu müqaviləyə görə, Bakiyevin hökumətində yer alan keçmiş fövqəladə hallar və ətraf mühit nazirləri barəsində cinayət işi qaldırılıb.
Məlumatlara görə, müqavilənin şərtlərini Bakiyevin hazırda axtarışda olan oğlu razılaşdırıb və əvəzində Kanada şirkətindən pay alıb. Hazırda Qırğızıstan hökuməti Kanada şirkəti ilə müqavilənin pozulması və yatağın milliləşdirilməsi, yaxud başqa şirkətə verilməsi məsələsini müzakirə edir. Kanada şirkəti ilə qırğız hökuməti arasında münaqişədən istifadə edən bir neçə şirkət “Kumtor” yatağına müştəri düşüb. Onlardan biri də Rza Vəzirinin şirkətidir. “Anglo Asian Mining” şirkətinin dağ-mədən hasilatı üzrə müşaviri Məhəmməd Osmanov Bakıdan “Azadlıq” radiosunun qırğız xidmətinə telefonla verdiyi açıqlamada Rza Vəzirinin Qırğızıstan rəhbərliyinə məktub göndərdiyini təsdiq edib.
“Bizim spikerə, baş nazirə və prezidentə yazdığımız məktubda “Kumtor” yatağına dair Qırğızıstan tərəfini qane edə biləcək müxtəlif təkliflər yer alır. Əgər bizim şərtlər qəbul edilsə, biz yerli mütəxəssislərə təlim keçə, yeni layihələr reallaşdıra bilərik. Biz layihənin lap əvvəlində kapital qoyuluşuna hazırıq. Cəhd edəcəyik ki, “Kumtor” Qırğızıstan üçün uğurlu layihə olsun. Bundan əlavə biz “Kumtor”un əvvəlki sahibi ilə mübahisələri yoluna qoymaq üçün hüquqi yardımlara da hazırıq” – deyə M.Osmanov bildirib.
Məhəmməd Osmanov deyib ki, “Anglo Asian Mining” şirkətinin “Kumtor” layihəsini həyata keçirmək üçün kifayət qədər təcrübəsi və qüvvəsi var. Bəs Qırğızıstan tərəfinin Rza Vəzirinin təklifinə reaksiyası necədir? Parlamentin “Ata Məkan” fraksiyasından deputatı Erkin Alımbayev bildirib ki, Kanada şirkətini “Kumtor” yatağında əvəzləmək istəynlər çoxdur. Lakin hazırda bu, “Kumtor” problemində əsas məsələ deyil. “Təkliflər çoxdur. Əgər bizim öz resurslarımız və qüvvəmiz çatmasa, o zaman beynəlxalq qaydalara əməl edərək və yerli əhali ilə dil taparaq bu yataqda işləmək istəyən xeyli şirkət var. Lakin bunlar ikinci dərəcəli məsələlərdir. İndi əsas prioritet kanadalılarla problemin ədalətli həllinə nail olmaqdır” – deyə deputat bildirib.
“Ata Məkan” fraksiyası hökumətlə Kanada şirkəti arasında danışıqların nəticələrini tənqid edib. Kanada şirkəti danışıqlardan sonra razılaşıb ki, yataqdan əldə edilən gəlirin 50 faizini Qırğızıstan dövlətinə versin. Ancaq partiya tələb edir ki, kanadalılar gəlirin 67 faizini Qırğızıstana verməlidir. Bu səbəbdən Rza Vəzirinin məktubu məlum olan kimi ekspertlər bu partiyanı “Anglo Asian Mining” şirkətinin maraqlarını müdafiə etməkdə günahlandırıblar. Lakin Erkin Alımbayev bildirib ki, əgər “Kumtor”un yeni şirkətə verilməsi məsələsi ortaya çıxsa, o, özü birinci “Anglo Asian Mining”ə qarşı çıxacaq. Ona görə ki, heç kim onu bu şirkətin maraqlarını müdafiə etməkdə ittiham edə bilməsin.
Hökumətdə isə Rza Vəzirinin təklifini şərh etmirlər. Baş nazirin müavini Tayırbek Sarpaşevin sözlərinə görə, yeni investorlarla danışıqlar ancaq o zaman başlaya bilər ki, Kanada şirkəti ilə danışıqlar tam iflasa uğrasın. “Başqa investorlarla danışıqlar getmir. Belə danışıqlar ancaq o zaman aparılacaq ki, “Centerra Gold İnc.”lə müqavilə pozulsun. Hesab edirəm ki, hələ belə söhbətlər tezdir, ümumiyyətlə, biz qarşımıza belə vəzifə qoymamışıq. İstisna deyil ki, biz yeni dağ-mədən şirkətləri ilə danışıqlara başlaya bilərik, ancaq o halda ki, kanadalılarla bütün məsələləri yoluna qoyaq” – deyə baş nazirin müavini bildirib.
“Ata Məkan” partiyasının sədri Omurbek Tekebayev isə bildirib ki, Rza Vəzirinin təklifi barədə onlara heç nə məlum deyil. Çünki bu təklif hökumətə göndərilib: “Biz hökumət deyilik. Lakin hesab edirəm ki, əgər hansısa başqa şirkət daha sərfəli təkliflər verirsə, o zaman nədən onunla müqavilə bağlamalıyıq?” O.Tekebayevin sözlərinə görə, hökumət azı 1000 ton qızıl ehtiyatına malik yataqda gəlirlərin 67 faizinin Qırğızıstana çatmasını təmin etməlidir. Lakin məlum olub ki, Rza Vəzirinin məktubu parlamentə Omurbek Tekebayevin ofisi vasitəsilə daxil olub.
“Anglo Asian Mining” şirkəti Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir. “R.V.İnvestment Group Services LL USA” şirkəti “Gədəbəy” yatağında qızıl hasilatı üzrə layihədə 51%, Azərbaycan tərəfi isə 49% paya sahibdir. Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatının olduğu güman edilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3139