ABŞ əsgərləri Azərbaycanda
Azərbaycan Pentaqon Amerika hərbçilərinin təhlükəli
şəraitdə xidmətə görə əlavə haqq aldıqları ölkələr siyahısındadır
Pentaqon bəyan edib ki, Amerika qoşunlarının yerləşdirildiyi ölkələr
sırasından hərbçilərin təhlükəli şəraitdə xidmətə görə əlavə haqq aldığı
ölkələrin bir qismi çıxarılıb. Bununla bağlı virtualaz.org saytı Pentaqonun rəsmi saytına
istinadən xəbər verir ki, belə ölkələrin sayı Amerika hərbçilərinin
yerləşdirildiyi ölkələrin ümumi sayının təqribən üçdə biri qədər
azaldılıb. Nəticədə ABŞ Müdafiə Nazirliyi 100 milyon dollara qədər
vəsaitə qənaət etmək imkanı qazanıb.
Maraqlıdır ki, Pentaqon Azərbaycanı Amerika hərbçilərinin təhlükəli
şəraitdə xidmətə görə əlavə haqq aldıqları ölkələr siyahısında
saxladığını elan edib. Bununla da Pentaqon ABŞ-ın Azərbaycanda hərbi
iştirakını da təsdiqləmiş olub.
Açıqlamada bildirilir ki, Pentaqonun Amerika
hərbçilərinin təhlükəli şəraitdə xidmətə görə əlavə ödəmə aldıqları
ölkələrin sırasından Bəhreyni, Səudiyyə Ərəbistanını və bəzi digər
körfəz ölkələrini çıxarıb. “Vətəndaş müharibələri, vətəndaş üsyanları və
hərbi əməliyyatlarla bağlı Amerika hərbçilərinin həyatı üçün yaranan
bilavasitə təhlükə bir çox ölkələrdə əhəmiyyətli ölçülərdə azalıb.
Nəticədə bu ölkələrdə hərbçilərə təhlükəli şəraitdə xidmətə görə əlavə
ödəmələr dayandırılır” deyə Pentaqonun açıqlamasında bildirilir.
Siyahıdan çıxarılan ölkələrin sayı 20-dən artıqdır. Yeni qayda
2014-cü il iyulun 1-dən qüvvəyə minir. Belə ölkələr arasında yer alan
Bəhreyndə ABŞ hərbi dəniz qüvvələrinin 5-ci donanmasının qərargahı
yerləşir. Təhlükənin azaldığı ölkələr siyahısında Küveyt, Qətər, Oman,
Birləşmiş Ərəb Əmirlikləri, habelə Özbəkistan və Qırğızıstan da yer
alır. Bir çox ölkələrin hava məkanlarından və su yollarından istifadəyə
görə yaranan təhlükənin də azaldığı elan edilib.
Bununla belə Pentaqon bildirir ki, Amerika hərbçiləri 10
ildən çoxdur döyüş əməliyyatları apardıqları Əfqanıstan və İraqda,
habelə Suriya ilə sərhəd olan İordaniya və Türkiyədə təhlükəli şəraitdə
xidmətə görə əlavə pul almaqda davam edəcəklər. Eləcə də dəniz
quldurlarının fəaliyyətdə olduğu Somali sahillərində xidmət edən Amerika
hərbçiləri də təhlükəyə görə əlavə haqq alacaqlar.
ABŞ-ın “Əl-Qaidə” terrorçularını saxladığı
Quantanamo bazasında, habelə İsraildə, Azərbaycanda və Yunanıstanın
paytaxtı Afinada dislokasiya olunmuş Amerika hərbçiləri də əlavə ödəməni
almaqda davam edəcəklər.
Amerika quru qoşunlarının polkovniki , Pentaqonun mətbuat katibi Stiv Uorren
bildirib ki, Müdafiə Nazirliyi 2012-ci ildə hərbçilərə təhlükəli
şəraitdə xidmətə görə əlavə 500 milyon dollar ödəyib. Amerika hərbçiləri
təhlükəli şəraitdə xidmətə görə sutkada cəmi 7.5 dollar, ayda ən çoxu
225 dollar alır.
Uorren deyib ki, bir çox ölkələrdə Amerika hərbçiləri üçün təhlükəli
şəraitdə xidmətə görə əlavə ödəmələrin ləğv edilməsi büdcə çətinlikləri
ilə bağlı deyil və belə dəyişikliklər vaxtaşırı olaraq aparılır. Sonuncu
dəfə 2011-ci ildə belə dəyişikliklər aparılıb. Polkovnik Uorren
bildirib ki, 2012-ci ildə 194 min 189 hərbçi əlavə ödəmə alıb.
Dəyişikliklər nəticəsində belə hərbçilərin sayı 50 min nəfər azalacaq.
Bu da 100 milyon dollar vəsaitə qənaət etməyə imkan verəcək.
Pentaqonun bu açıqlamasının sensasion detalı bundan ibarətdir ki, ABŞ
Müdafiə Nazirliyi rəsmi olaraq Azərbaycanda hərbi iştirakını
təsdiqləyir. Özü də elan edir ki, Azərbaycan Amerika hərbçilərinin
həyatı üçün bilavasitə təhlükələrin mövcud olduğu ölkələr sırasındadır.
ABŞ-ın Azərbaycanda xüsusi təyinatlılardan ibarət məhdud hərbi
kontingent yerləşdirildiyi barədə əvvəllər bir neçə dəfə Qərb
qaynaqlarında məlumatlar yer alırdı. Lakin rəsmilər heç vaxt bu barədə
təsdiqləyici nəsə deməyiblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3163