Arif Əsgərovun oğluna qarşi yeni ittihamlar
“10 milyonlarla manat vəsaitin mənimsənilməsi faktının arxasında Elnar Əsgərov durur“
“10 milyonlarla manat vəsaitin mənimsənilməsi faktının arxasında Elnar Əsgərov durur“
Azərbaycan
Dövlət Dəmir Yolları QSC-nin (ADDY QSC) rəhbər şəxslərinin və onların yaxınlarının
adının hallandığı iri məbləğli maliyyə fırıldaqçılığı ilə bağlı vaxtaşırı yeni məlumatlar
ortaya çıxır. Bunun da səbəbi bir qrup insanın milyonlara manat vəsaitini mənimsəyən əsas günahkarların hələ də cəzalandırlmaması və zərərçəkmişlərin pullarının qaytarılmamsıdır. Onlar da bu cinayət faktı ilə bağlı bildiklərini vaxtaşırı mətbuata açıqlayır, pullarını tələb edirlər.
Özünü zərərçəkmişlərdən biri kimi təqdim edən Azər Şəmmədovun azpolitika.info–ya göndərdiyi məktub da bu qəbildəndir.Məktubun məzmunu barədə məlumat verməzdən öncə xatırladaq ki, bu işlə bağlı ADDY QSC–nin sədri Arif Əsgərovun yaxın qohumu, daha dəqiqi, baldızı oğlu Rahib Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Zərçəkmişlər isə bu cinayətin başında Arif Əsgərovun oğlu Elnar Əsgərovun dayandığını, Rahiblə yanaşı qardaşı Emin Hüseynovun da pul yığımı prosesinin fəal iştirakçısı olduğunu iddia edirlər. Onların fırıldaqçılıqla müxtəlif şəxslərə (onların sayının 43 nəfər olduğu bildirilir–müəl.) məxsus 70 milyon manatdan artıq (rəsmi olaraq 48 milyon manat göstərilir–müəl) vəsaiti mənimsəndikləri bildirilir.
İndi isə qayıdaq Azər Şəmmədovun məktubuna…
“Eminlə söhbətin diskini göndərdim Elnar Əsgərova…”
Özünün də bu cinayətin qurbanı olduğunu yazan müəllif Rahib və Emin Huseynov qardaşlarını
2003-cü ildən tanıdığını bildirir: “Onlar bu işə başlayanda mən də pul vermişəm. Eminə 80 000 dollar, Rahibə isə 147 000 dollar. Hər şey yaxşı gedirdi. 2013-cü ilin iyun ayında mən Rahiblə görüşdüm. O mənə pul verməli idi. Həmin söhbət zamanı gördüm ki, Rahib çox həyəcan keçirir. Mənə dedi ki, pulu 2 günə sənə verəcəm. İki gündən sonra mən Rahibə zəng vurdum. O, dedi ki, İstanbuldayam, sabah gayıdıram və pulu verəcəm.
Sabahısı gün mən buna zəng vurdum, artıq telefonları söndürmüşdu. Qardaşına zəng vurdum. Emin dedi ki, xəbərim yoxdu.
Üstündən 1 həftə keçdi, eşitdim Rahibi “Bandotdel”in işçiləri həbs ediblər. Eminə yenə zəng vurdum, dedi Rahibi Elnar Əsgərov tutdurub. Rahibin anası ilə görüşdüm, dedi
narahat olma, sentyabrin 10-na kimi pullar gaytarılacaq. Mən Eminin yanına onun tanıdigi bir insanı söhbət etməyə
göndərdim. Ona diktafon verib dedim ki, söhbətinizin hamısını yaz. Emin də o söhbətdə hər şeyi açıb deyir. Mən də bu söhbətin diskini göndərdim Elnar Əsgərova. İki gündən sonra Elnar mənim Emində olan pulumu gaytardı.
Əgər Elnarın bu işdə əli yoxdursa, niyə narahat olub, o mənim Emində olan pulumu qaytardı?
Emin mənə söz vermişdi ki, sənin qalan pullarını da qaytaracağıq. Ancaq hələ bir şey yoxdur.” Azər Şəmmədov məktubun sonunda Rahib Huseynovun bu qədər insanın pulunu təkbaşına “yeməsinin” mümkün olmadığını vurğulayaraq, hüquq-mühafizə orqanlarının Elnar Əsgərovu və Emin Hüseynovu niyə həbs etmədiklərini sual edir: “Mən heç kimdən qorxmuram və öz pullarımı tələb ediriəm.”
“Arif Əsgərov oğlunu
xilas etmək üçün Rahib Hüseynovu “qurban” verib”
Qeyd edək ki, zərərçəkmişin
məktubunda 10 milyonlarla manat vəsaitin mənimsənilməsi faktının arxasında ADDY
QSC-nin sədri Arif Əsgərovun oğlu, Azərbaycan dəmiryolları şəbəkəsinin
təchizatını inhisara alan “Liman Group” adlı iri şirkətin rəhbəri Elnar
Əsgərovun dayandığını vurğulaması diqqəti xüsusilə cəlb edir. Məsələ ondadır
ki, bundan əvvəl də mətbuatda çıxış edən zərərçəkmişlər faktın arxasında Elnar
Əsgərovun dayandığını bildiriblər.
Hətta məlumatlarda Rahib Hüseynovun “qurbanlıq” olduğu, faktın arxasında Arif
Əsgərov və onun oğlu Elnar Əsgərovun dayandığına dair konkret faktlar ortaya
qoyulub. Saytımıza bildirilib ki, Arif Əsgərov öz oğlunu – Elnarı qalmaqaldan
kənarda saxlamaq və sahibkarların pullarından əllərini üzməsi üçün yaxın qohumu
Rahib Hüseynovu “qurban” verməyə razılaşıb. Əsgərovun bu qərarı öz şefi –
nəqliyyat naziri Ziya Məmmədovla məsləhətləşdikdən sonra verdiyi iddia olunur.
Uzun müddətdir gizlənən Hüseynovun aşkara çıxmasının və həbs edilməsinin də
bununla bağlı olduğu bildirilir. R.Hüseynovu Gürcüstanla sərhəddəki “Qırmızı
körpü” sərhəd-keçid məntəqəsinə Elnar Əsgərovun çağırması və “Bandotdel”
əməkdaşlarına təhvil verməsi də bununla bağlanırdı.
Milyonlarla manat
“dəmiryol proyekti” adı ilə yığılıb
Saytımıza məlumat verən bir
başqa mənbə isə sahibkarlardan hansı şəkildə pulun yığılmasına da aydınlıq
gətirib. Qeyd edib ki, pulların yığılmasını həqiqətən Hüseynov qardaşları
həyata keçirib. “Onlar bildirirdilər ki, zavodumuz var, ADDY QSC-yə mal veririk.
Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun əlilə. Elnar Əsgərov da bəzi
sahibkarlarla görüşündə bunu təsdiqləyib ki, bu səbəbdən də hamı onlara inanıb.
Söhbət TSP-366 (ЦП-366) adlanan, dəmir yolunda relslərin altına qoyulan
amortisaziya alətindən gedir. Onun birini xaricdən Azərbaycana gətirmək 0,28
qəpiyə başa gəlir. Ancaq ADDY QSC-nin rəhbərliyi tərəfindən onun biri dövlətə 3
manat 60 qəpikdən sənədləşdirilir. Hər partiyada TSP-366-dan ən azı 5 milyon
ədəd sifariş olunur. Yəni, hər partiyada 15-17 milyon manat dövlət vəsaiti
mənimsənilir.
Bunlar da iddia edirdi ki, biz TSP-366-nın istehsalı ilə məşğul olan zavod
açmışıq. Aparıb sahibkarlara bir zavod da göstərmişdilər ki, bura bizimdir. Və
deyirdilər ki, xammal almağa pulumuz çatmır, siz pul buraxın, biz də malı satıb
artıqlamasıyla pulunuzu qaytaraq. Bu yolla da birindən 100 min, birindən 300
min, birindən 1 milyon, başqa birindən 3 milyon və sair pul yığdılar. Əvvəllər
həqiqətən də dediklərinə əməl edirdilər. Tutaq ki, kimdən 100 min manat
almışdılarsa 120 min qaytarırdılar, 500 min aldıqlarına 570 mın və sair.
Sonradan məlum oldu ki, bu sahibkarları şirnikləndirmək cəhdi olub. İstədikləri
də oldu. Bunlarla iş görən sahibkarlar daha çox qazanmaq üçün qohum-əqrabada da
nə qədər pul varıydı, yığıb verirdilər ki, daha çox faiz əldə etsinlər. Sonuncu
dəfə ən azı 70 milyon manat yığdıqdan sonra aradan çıxdılar. Ən azı ona görə
deyirəm ki, 70 milyon manat mənim bildiyimdi. Əslində ayrı-ayrı insanlardan, iş
adamlarından, vəzifəli şəxslərdən yığılan vəsait bundan dəfələrlə çoxdur. Hansı
ki, bəziləri vəzifəsini itirməkdən qorxub, bəziləri isə adlarının mətbuata
çıxmaması üçün sakit dayanıblar”.
“Pulları Arif Əsgərov
evininin önündə və kabinetinin qonşuluğunda yığırdılar”
Mənbənin iddiasına görə,
pullar elə Arif Əsgərovun kabineti ilə qonşu otaqda və onun evinin önündə
yığılırmış: “Rahib Hüseynovun kabineti ilə Arif Əsgərovun kabineti bir
mərtəbədə yerləşirdi. Pullar da ya o kabinetdə yiğılırdı, ya da Arif Əsgərovun
“Vorovski” qəsəbəsində yerləşən evinin önündə. Əgər Arif Əsgərovun evininin
önündə videoizləyici varsa, bunu sübut etmək elə də çətin olmaz”.
“Pulların böyük
hissəsi dəmiryuolundakı yeyintini bağlamağa sərf olunub”
Zərərçəkmişlərdən birinin
“AzPolitika.info”-ya göndərdiyi məktubda isə yığılan pulların böyük hissəsinin
Azərbaycan Dövlət Dəmir Yolları QSC-dəki maliyyə yeyintisini bağlamağa sərf
olunduğu iddia edilib: “Arif Əsgərovun idarəsində cox böyük yeyinti var idi.
Pulların cox hissəsi bu yeyintini bağlamağa sərf olunub. Sonra da yuxarıların
“ağzını pulla bağlayıb”, özlərini bir kənara çəkib, qohumunu verib güdaza”. Zərərçəkmiş
qeyd edir ki, Rahib Hüseynovun anası Allaha, Qurana and icərək, bu işlərin
arxasında Elnar Əsgərovun durduğunu söyləyib: “Elnar Əsgərov Rahibə deyib ki,
sən boynuna al, mən səni qurtaracağam, amma indi sozündən qaçır… Rahibin
ata-anası imkansız insanlardı, anası kənddə müəllimə, atası da fermada adi
işçidi. Bəlkə də onları pulla susdurublar.
Rahib Hüseynov tutulmazdan oncə Arif Əsgərovun ailəsi, qohumları zərərçəkənlərə
deyirdilər sizin pullarınız qaytarılacaq. Rahib Hüseynovu tutdurdular,
rahatlaşdılar…İndi heç kimə pul vermək istəmirlər”.
Göründüyü kimi təqdim olunan
bütün məlumatlarda faktın arxasında Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun
dayandığı iddia olunub. Qeyd edək ki, DİN və Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsi məsələ ilə bağlı açıqlama verməsələr də, ADDY QSC-nin mətbuat
xidmətinin rəhbəri hadisənin Əsgərovlar ailəsi ilə bağlılığını qəti şəkildə
inkar edib.
Qeyd olunanlarla bağlı Əsgərovlar ailəsinin də
mövqeyini dərc etməyə hazırıq.
Murad Məmmədov, azpolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=3172